Qədim zamanlarda müdrik əcdadlarımız ilin fəsillərinin iqtisadi-sosial dəyərlərini o qədər dəqiq müəyyənləşdirmişlər ki, əsirlər keçsə də indi də mahiyətini saxlayır. Bu misraların məntiqi mənasina diqqət edin:

Üçü bizə yağıdı,
Üçü cənnət bağıdı,
Üçü yığar gətirər,
Üçü vurar dağıdar…

Bu fəsillərin hərəsini öz gözəlliyi var, insan ömrünün mənalı-mənasız anlarına bənzəyir. Hərə bir fəsilin vurğunudur. Uca dağların əhatəsində yerləşən, gözəl qışlaqları, keçilməz meşələri olan Faxralı kəndinin əhalisi üçün isə bütün fəsillər qayğılı və gözəldir. El-oba yaylaqlardan endikdən sonra elliklə bir həftə, on gün arası kəsilmədən məhəllə-məhəllə qəbr üstə gedər, ölülərin ruhunu yad edərdilər. Daha sonra aranda qalan qohum-əqraba ilə görüşər, qocalar və xəstələrin adını anardılar. Qadınlar dəstə-dəstə qohumlarına və ya qardaşlarına nişanlanmış qızların görəlgəsinə gedər, dağ və aran sovqatından hazırlanmış xonçalar aparardılar.

Payız və qış aylarında payız əkininin təşkili, oğul və qız toylarına hazırlıq, mal və qoyun sürülərinin qışlaması üçün lazımi tədbir görmək təxirə salınmaz vəzifə hesab edilərdi. Elə ki, var-dövlət dağdan endirildi, binələrdə, aranda yataqlara yaxın yerlərdə yerləşdirildi və hər iş qaydasına düşdü, kənd camaatı elliklə payız əkininə hazırlaşardı. Yeri gəlmişkən onu da qeyd edim ki, hər tayfanın yaylaqda, qışlaqda yurd yerləri olduğu kimi, aranda da əkin sahələrinə yaxın münasib yerlərdə qoyun yataqları vardı. Bu yataqlar təpələrin üstündə və altında, Çal dağında, Haramı təpəsində, Molla Əhmədli təpəsində nisbətən suya yaxın yerlərdə tikilmişdi. Qoyun sürüləri payız aylarının sonunda, qışda və yazın ilk aylarında bu yataqlarda saxlanardı.

Payız əkininə bayram sayağı hazırlıq görülərdi.  Varlı ailələr ayrı kotan qaldırar, bəzən də iki kotan işə salardılar. Qalan ortabab və imkansız ailələr 3-4 nəfər, az torpağı olanlar isə birləşib bir kotan qaldırardılar. Kotana hər ailədən bir boyun ulax qoşulardı. 1920-1930-cu illərə qədər iri və ağır qara  kotanlar qoşulardı. Sonralar isə daha münasib və yüngül kotanlar meydana çıxdı. Kotan qoşmaq, yer şumlamağa başlamaq üçün də hər tayfanın özünün sınaxlı ayı və günü vardı. Yalnız həmin günlərdə işə başlanardı. Əkinə başlarkən ulax qapıdan şıxmamış, hörüyə qoşulan öküzlərin alnında yumurta sındırılardı. Həmin gün ən dadlı yeməklər bişirilər,  qoyun kəsilərdi.

Adətən ağır öküzlər dibə (xərəzənə), yüngül öküzlər isə hörüyə qoşulardı. Xərəzəndən sonra qoşulan bir boyun (iki öküzə) ulağa “qara qayış” deyərdilər. “Kotan nə bilir qayış nə çəkir” el deyimi də buradan qalıb. Hodaxlar da bu adla adlanardı (xərəzən hodağı, hörük hodağı). Kotana ümumi rəbərliyi majkəl edərdi. O, hər şeyə məsuliyyət daşıyırdı. Əkmə müddəti hektardan asılı olaraq bəzən bir aya, bəzən də daha çox çəkərdi. Çox vaxt hava şəraiti yaxşı olanda aydınlıq gecədə də əkin əkirdilər. Belə hallarda hodaxlar yorular, taqətdən düşərdilər. Boyunduruğun üstündə yuxusu gələn, mürgüləyənə güzəştə gedilməzdi. Əksinə bir də görərdin ki, majgəl bir yekə çumbuz götürdü, yatan uşağı qəfildən elə vurdu ki, uşaq öküzlərin ayağı altına düşdü. Belə rəhimsizliklər tez-tez baş verərdi. Ona görə də çətin də olsa uşaqlar yuxusuzluğa dözürdü. Ən dəhşətlisi o idi ki, horabel çəkməkdən hodaxların səsi batar, yuxusuz gecələrin ayazında dodaqları partlardı. Həftələtlə ağac boyunduruqların üstündə oturduqlarından oturacaqları yara olar, qıçlarını zəncirə dolamaqdan  isə ətləri göyənək bağlardı.

Gecə əkini zamanı hodaxların horabel çəkməsi məcburi idi. Bu həm öküzləri hərəkətə gətirir, həm də yuxunu dağıdırdı. Belə vaxtlarda hər yandan horabel səsləri gələr, uşaqlar gecə quşları kimi səs-səsə verərdilər.

Tayfa düşmənçiliyi olan adamlar əkin-biçin zamanı sək-səkəli dolanar, üstlərində silah gəzdirərdilər. Təəssüf ki, kənddə belə adamlar vardı. Düşmənçilik bəzən qadın, qız üstə, hətta uşaq, mal, at, it üstə də baş verərdi. Ona görə də arada şəxsi ədavəti olanlar ehtiyatı əldən verməz, əkin-biçin zamanı ulaqları, atları qoruyar, gecələr kotandan aralı sərrast yatardılar.

Mənbə: Hüseynqulu Məmmədli (Məmmədov) – “Görüm Faxralının biri olsun beş…”

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur