Şair Nəbinin uşaqlığı ağır keçib. On dörd, on beş yaşlarında Quşçu kəndində varlı bir kişinin nökəriymiş. Uzüyolalığı, xasiyyətinin mülayimliyi ilə yanaşı, hazır- cavablığı, bədahətən şeirlər qoşmasına görə nökərlər də, ev sahibləri də onun xətrini saxlayırmış. Ona görə də fürsət düşəndə onun toy məclislərinə, mağara getməsinə mane olmazmışlar.
Borçalının kəndlərində keçmişdə toylar payızın son ayından başlamış üç ay qışı davam edərmiş. Quşçu kəndində belə toyların birinə mahalın sayılan aşıqlarından hesab edilən Aşıq İsmayıl dəvət olunubmuş. Məclis, arası taxta ilə ikiyə bölünmüş uzun bir tövlədə keçirilirmiş. İş elə gətirir ki, bu məclisdə yeniyetmə cavanların və nökərlərin də iştirak etməsinə imkan yaranır. Aşığın söhbətinin şirin yerində kəndin dəliqanlılarından biri aşığa işarə edir ki, “Aşıq İsmayıl, ehtiyatlı ol, məclisdə şair var”. Aşıq İsmayıl ətrafda oturanları gözdən keçirir, cərgə ilə yerdən oturanların arasında ona tanış olmayan adam gözünə dəymir. Kiminsə onunla zarafat elədiyini güman eləyir, söhbətini davam etdirmək istəyir. Həmin adam aşığın sözünü yenə kəsir: “Siz mənə inanmırsınız” – deyə məclisin ayaq tərəfındə aşığa maraqla qulaq asan yeniyetməni göstərir, “Bu Faxralı balasından yəqin ağlın bir şey kəsmir” sözlərini əlavə edir.
Bu sözlər aşığa bərk toxunur. Kinayəli bir tərzdə Nəbini utandırmaq üçün əda ilə qəhqəhə çəkib gülür. Bu hal Nəbiyə təsir eləyir. Bir tərəfdən aşığın rişxəndli baxışlarına, digər tərəfdən yoldaşlarının təkidinə dözə bilməyib meydana çıxır. Beləliklə, gərgın şəraitdə deyişmə başlayır.
İsmayıl:
Gəl ustad yolundan uzaq dolan sən,
Yazıqsan, əlimdən qaça bilməzsən.
Olmasa qismətin çərxi-gərdişdən,
Mən içən badəni içə bilməzsən.
Nəbi:
Hərçəndi gəndini ustad sanırsan,
Bir ovuc darını seçə bilməzsən.
Gəmisiz düşübsən dərin dəryaya,
Təkində qalarsan, keçə bilməzsən.
İsmayıl:
Alim olan tarix yazar yaşına,
Sən yetik deyilsən dünya işinə.
Arif gərək sözlərimi düşünə,
Mənası dərindi, aça bilməzsən.
Nəbi:
Söhbət üçün mən də gəldim yanına,
Yetik oldum hesabına, sanına.
Qəsd eyləyib bir ox vurram canına,
Qanadın qırılar, uça bilməzsən.
İsmayıl:
İsmayılam, belə düşdü guzarım,
Sözlərimi dəftərimə yazarım.
Hər mətahdan işlədəndi başarım,
Sərhədsiz zəmiyəm, biçə bilməzsən.
Nəbi:
Bəs budurmu sözləriyin olanı,
Qorxum yoxdu, gəl söyləmə yalanı.
Çox aşıqlar özgəsindən dolanı,
İlməksiz düyünəm, aça bilməzsən.
Hər ikisi sözlərini hərbə-zorba ilə tamama yetirir. Hamı Nəbini alqışlayır, bacarığına heyran qalır. Bu əsnada məclis üzvlərinə və aşığa çay gətirilir. Üstü qırmızı güllü bəzəkli çaydan və samovar Nəbinin diqqətini çəkir. Deyişmə yenidən başlayır. Bu dəfə qabağa Nəbi düşür:
Nəbi:
Bizdən salam olsun ustad olana,
O necə şeydi ki, yanı qırmızı.
Sahib-kamal görsə ondan dərs alar,
Cansız cəsəd gördüm, qanı qırmızı.
Növbə aşıq İsmayıla çatır. O, cavab vermək əvəzinə üzünü camaata tutub: “Camaat, görün bu boyda yalan olarmı? “Cansız cəsəd gördüm qanı qırmızı” – necə ola bilər ki, həm cansız ola, həm də qanı qırmızı ola? Bu uşaq bizi masqarıya qoyub, siz də ona inanırsınız”. Beləliklə, Aşıq İsmayıl cavab verə bilmir. Şair Nəbi sözünə davam edir:
O da bir xandı ki, yoxdu baratı,
Yanar atəş ilə çoxdu möhnəti.
Ali məclislərin şanı, şöhrəti,
Nəylə aşkar eylər yanı qırmızı.Mən Nəbiyəm, söz deyərəm qanana,
Baş qoşmaram hər deyilən hədyana.
Tilsimdən donu var, gələr meydana,
Görən olmaz onun dəni qırmızı.
Söz tamama yetir. Aşıq İsmayıl incik halda camaata deyir ki, bu uşaq yenə yalan danışır. Təklif olunur ki, sözlərin mənasını Nəbinin özü açsın, cavab inandırıcı olsa camaatın qarşısında Aşıq İsmayıl məğlub edilmiş sayılsın və el qaydası ilə sazını Nəbiyə versin. Şərt qəbul edilir. Nəbi deyir:
Sataram matahım öz şəhərimdə,
Açan olmaz bu qəndanı qırmızı.
Özü kamandardı bu sözü deyən,
Üstünün yatağı, yanı qırmızı.Mən eşqə düşmüşəm saz almaq üçün,
Aşkara söyləyim söz almaq üçün.
Deyim müxtəsəri, az olmaq üçün,
Nəynən şirin olur payı qırmızı.Nəbim sözlərinə ayna çəkərdi,
Özü sərrafıdı, məna çəkərdi.
Biri samovardı, biri şəkərdi,
Əcəb səfalıdı çayı – qırmızı.
Aşıq İsmayıl sazını çiynindən çıxardıb Nəbiyə verir. Nəbi sazı sahibinə qaytarır və bildirir ki, bundan sonra tanımadığı və mərifətinə bələd olmadığı adamlarla nəzakətli olsun, onlara gülməsin.
“Yazılanlar gəldi başa” (B. 1991) kitabına Elxan Məmmədlinin yazdığı ön sözdən götürülmüşdür.