Bayram Poladlının ayı ilə güləşməsi

Poladlının Bayram güclü, qüvvətli bir adam olub. El arasında ona ləqəb kimi Dıqqıl Bayram deyərmişlər.

Faxralıya səyyar sirk truppası gəlibmiş. Klubun qabağına toplaşanlar “dil anlayan, söz qanan” ayını maraqla süzür, addım-addım qabağa gəlirlər. Təlimçi camaatı xəbərdar edir ki, kənara çəkilsinlər, ayı acıqlansa ziyankarlıq olar. Bu xəbərdarlığı Dıqqıl Bayram da eşidir. Dərindən gülür, bir-iki addım da qabağa gəlib deyir ki, sənin bu dınqırıya süzən yöndəmsiz ayın acıqlanıb nə qələt edə bilər. Acıqlanar, dizimin altına alıb boynunu qıraram. Təlimçi gülümsünür: “Gücün çatmaz…” Söhbət böyüyür. Axırda Dıqqıl Bayram ayı ilə güləşəsi olur. Klubda “iynə atsan yerə düşməzdi”. Eşidən-bilən özünü kluba yetirir. O gün truppanın Allahı vermişdi, tamaşaya gözlədiklərindən üç-dörd dəfə çox adam toplaşmış, bir seansa iki-üç seansın pulu yığılmışdı.

Ayı Dıqqıl Bayramı aymalayır. O, ayaqlarını qarnına yığır. Ayı rəqibinin “işini bitirməyə” çalışır. Bayram ayaqlarını qəflətən açır. Ayı müvazinətini itirib dalı üstə aşırılır. Bayram cəld onun üstünə atılır və başını qoltuğuna alır, gücü çatdıqca sıxır. Ayı çabalayır, canını qurtarmağa çalışır. Təlimçi özünü səhnəyə atır, ayını Bayramın əlindən güclə alır.

Həmin gün ayının iştirakı ilə nəzərdə tutulan nömrələr göstərilmir.

Mənbə : Rəşid Faxralı –  “Oğuz eli Faxralı”, Bakı – 2002.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur