Hər əhvalat bir tarixdir. Hər tarix isə özlüyündə əhvalatın iştirkçısının xarakterinin bu və ya digər çalarını işıqlandırır…
XVIII əsrin I yarısında Nadir şah Gürcüstana hərbi XV yürüşə başladı. Onun ordu hissələri kəndləri talayırdı. Doğrudur, ayrı-ayrı kəndlər bu talanlara qarşı silahlı müqavimət göstərirdi. Lakin belə pərakəndə müdafiə ilə nizami ordunun qarşısında dayanmaq mümkün deyildi. Hər halda, camaat işğalçıların hərəkətlərini “əli qoynunda” qarşılamırdı.
Baytallının Sənəm ucaboylu, yaraşıqlı bir cavan olub. Gücdə, qüvvətdə, hünərdə də ad alıbmış. Nadir şahın ordu hissələri Faxralıya girəndə onlara qarşı atışanlar arasında Sənəm də varmş.
Onun qorxmazlığını, hünərini görən sərkərdə döyüşçülərinə əmr eləyir ki, oğul qeyrətli bu qızı diri tutsunlar. İki döyüşçü Sənəmi tutmaq üçün ona yaxınlaşır. Sənəm onlarla vuruşur, yorulduğundan sonacan gücü çatmır. Döyüşçüləri kinayəylə süzür və “Əgər bir ordunun Faxralının bir qızına gücü çatmırsa, yollar yorub bura nahaq gəlibsiniz. Qarətçilik eləyən ordu ilə haramıların heç bir təfavütü yoxdu!” – deyir.
…Sənəmi tuturlar. Onun dediyi sözlər də, gözəlliyi də sərkərdəni valeh edir.
Sərkərdə neçə-neçə döyüşlərdə olmuşdu, neçə-neçə hünər yiyəsi, igid görmüşdü, ərən qeyrətli belə qoçaq qızla, belə gözəllə rastlaşmamişdi. O, Sənəmə evlənmək təklif edir. Yad ölkədə, nizami ordunun mühafizəsi altında biçarə Sənəm nə deyə bilərdi ki? Nələrisə götür-qoy edib razılaşdığını bildirir, dincəlməsi, yorğunluğunu çıxartması üçün bir neçə gün də möhlət istəyir. Sərkərdə gözəlliyinə, gözəlliyini tamamlayan hünərinə, igidliyinə vurulduğu qızın haqlı tələbi ilə razılaşır. Ona ayrıca çadır qurulmasını əmr edir.
Aylar yorğunu olan sərkərdə də, qoşunu da bərk yuxulayır. Sənəmin gözlərinə yuxumu gederdi? Gecənin bir aləmində çadırına keşik çəkən döyüşçünü boğur, paltarını geyinir, silahını götürüb atlara yaxanlışır. Öz atını tapır, ləngimədən duşərgədən uzaqlaşır. Dağlar aşır, düzlər keçir. Nəhayət, sağ-salamat gəlib Faxralıya çatır. Bir müddət gizlin həyat yaşayır, ara sakitləşəndən sonra üzə çıxır…
Mənbə : Rəşid Faxralı – “Oğuz eli Faxralı”