Təhməzqulu ağa ilə Zuraf Mustafa düşmənniydi. Araya barışıq salmaq mümkün olmurdu. Hər ikisi adh-sanlı, hörmətli adamıydı, nəinki Faxralıda, yaxın-uzaq ellərdə də xatirləri əziz tutulurdu. Arıxlı Uzunbaşoğlu, oğlunun toy məclisinə Təhməzqulu ağanı da, Zuraf Mustafanı da dəvət eləmişdi.

Təhməzqulu ağa toya başının adamları ilə gəlir. Onu hörmət-izzətlə qarşılayır, ayağı altında gəlişinə bir erkək kəsirlər.

Zurab Mustafa həmin gün Tiflisdəymiş. Geri qayıdanda birbaşa Uzunbaşoğlunun xeyir işinə getməyi qərara alır: “Kəndə gedəsi, başımnan beş-altı adam gətirəsi – uzun çəkər. Gecikməkdənsə tək getmək daha yaxşıdı” – düşünür…

Mustafa kişini də adına layiq qarşılayırlar. Hörmətlə qonaq otağına ötürürlər. Zuraboğlu otağa keçir, ədəb-ərkanla salam verir. Qəfildən baxışları Təhməzqulu kişiyə sataşır. Ağlına gəlməzdi ki, düşməni ilə belə bir yerdə rastlaşa bilər. Bir anlığa, tək bircə anlığa duruxur. Qarapapaqlarda bir adət var: düşmənin olan otağa girmək saymazlıqdı. Elə buna görə də Təhməzqulu kişinin əlləri titrəyir, qaşları çatılır. Başı ilə gəlmiş adamlar da qımıldanmaq istəyir. Təhməzqulu kişi özünü ələ alıb onlara “göz ağardır”, üzünü Mustafa kişiyə tutaraq sayğılarla:

– Əleyküm-salam, ay Zuraboğlu! Buyur, bura keç! – deyir və yanında ona yer eləyir.

…İki qan düşməni Arıxlıda, Uzunbaşoğlunun ocağı başında yanaşı oturur, eyni süfrədən çörək kəsir; biri tək gəlmişdi, digəri dostları-qohumlarıyla. Nə qədər qeyrətli, mərd, igid adam olsa da Mustafa kişi istər-istəməz bir qədər ehtiyatla davranır. Onun bu halı Təhməzqulu kişinin diqqətindən yayınmır. Heç kəs eşitməsin deyə əyilib onun qulağına pıçıldayır:

– Qərib eldəyik. Elə elə ki, bizim düşmən olduğumuzdan duyuq düşən olmasın. Biz burda eloğlu kimi davranmalıyıq, Faxralının adına layiq iştirak eləməliyik. Düşmənçiliyimiz qalsın kəndə qayıtmağımıza.

…Toy başa çatır. Təhməzqulu kişi Zuraboğlunun qoluna girib bir tərəfə çəkir:

– Yol-izdi, hər şey ola bilər, özün də atsızsan. Tapşırmışam, sənə da yəhərli-yüyənli at veriləcək. Bizdən bir-iki saat əvvəl yola düşərsən. Ona görə belə eləyirəm ki, həm sənin kimi qeyrətli adamın yola atsız çıxması Faxralının adına layiq iş deyil, həm də ağlına qara-qura fikirlər gəlməsin. Rahatca evinə get. Sabahdan yenə düşmənik, De, uğurun xeyir olsun!..

Mənbə: Rəşid Faxralı –  “Oğuz eli Faxralı”

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur