Bütün dövrlərdə Faxralıda saza, sözə maraq güclü olmuşdur. Bu, sonsuz el məhəbbətinin nəticəsidir ki, burada zaman-zaman adlan dildən-dilə düşən aşıq Polad, Şair Allahverdi, Güllər Pərisi, XIX yüzilliyin sonu, XX yüzilliyin I yarısında yaşamış Şair Nəbi, Hüseyn Mahmudoğlu, Əlləz Bəkiroğlu, Şair Alı, sonralar Şair Şaban, Rəhim, dünyadan vaxtsız getmiş Məmmədəli Zəngin, bu gün öz sandıq ədəbiyyatını zənginləşdirən İsmayıl Güllər, Məmmədəli Əlləzov, Dünyamalı Əskərov kimi şəxslər xüsusi istedadları ilə fərqlənirlər.
Ancaq, ədalət naminə qeyd etməliyəm ki, Əli Səngərli XX yüzilliyin II yarısında yazıb-yaratdığı şerləri və rəngarəng tərcümələri baxımından kənddə olan poeziya həvəskarlarından xüsusi istedadı və yazılarının mətbuatda müntəzəm nəşr olunması ilə fərqlənir.
Əli Məmməd oğlu Məmmədov (Səngərli) 1930-cu ildə anadan olub. 1950-ci ildə Faxralı orta orta məktəbini, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin fılologiya fakultəsini bitirib. Uzun illər Faxralı orta məktəbində ixtisası üzrə müəllim işləməklə yanaşı A.Ş.Puşkin adına Tbilisi Pedaqoji İnstitutunda dünya və Avropa ədəbiyyatından dərs demişdir.
Əli Səngərli müntəzəm olaraq “Sovet Gürcüstanı”, “Şərqin şəfəqi”, “Al bayraq”, “Qələbə bayrağı”, “Ədəbiyyat”, “Azərbaycan müəllimi”, Tbılısıdə nəşr olunan “Dan ulduzu”, “Çeşmə” dərgilərində şerlərini oxuculara çatdırmışdır. Həmçinin mətbuat səhifələrindən “Mən”, “Bahar”, “Aşıq Əmraha”, “Şair”, “Xalqımız yüksəlir”, “Təbrizin günəşi haçan doğacaq?”, “Bahar gecəsi”, “Papaq”, “Həqiqət”, “Kim çəkər”, “Nə çarə”, “Ef’irdən səs gəlir”, “Payızda”, “Mənim bir ulduzum var”, “Ay gözəllik”, “Balam layla, a layla”, “Payız gecəsi”, “Mənim calalıma çatmaq olarmı?”, “Kənd səhəri”, “Nanə”, “Gənclik”, “Müəllimlik”, “Sərxoşluq mənzərəsi”, “Meşşan Xanım”, “Şair”, “Çinarda nə günah var”, “Nazim körpüsü”, “Barlı bağın içində”, “Təzə il”, “İllər”, “Qardaş”, “Getdi”, “Küləklər”, “İllər arxasında”, “Güləsim gəlir”, “Atalar cəbhədən gələnə qədər”, “Xayalım”, “Şairtək doğuldum”. “Müharibə illərində”, “Ana haqqında nəğmələr”, “Üstünə”, “Cavanlar”, “Yaxşı ki”, “Onu görəndə”, “Bülbül”, ”Dan yeri söküləndə”, “İdrakın gücü çatmayır”, “Qara dərviş”, “Ölüm nədir”, “Şair ürəyi”,”Faxralıya Vurğun gəlibdi”, “Qoca vələsin hekayəsi”, “Daşqın”, “Qıpçaq Məlik”, “Baxçasaray” kimi digər müxtəlif məzmunlu şerlərini və təmsillərini nəşr etdirmişdi.
Mətbuatda çıxış edən şairin şerlərində (“Tbilisi”, “Rustavi”, “Arzu”, “Aşıq qardaşıma”, “May”) 1970-1980-cı illərə qədər Gürcüstanda günbəgün yüksələn və abadlaşan Azərbaycan kəndlərinin namuslu, işgüzar adamları tərənnüm olunmuşdu.
Əli Səngərlinin saf məhəbbətə, pak insani duyğulara və hisslərə həsr etdiyi ilk şerlərində də lirika, bədii vüsət olduqca səmimi və güclüdür. O hələ 1957-ci ildə yazdığı ehtimal edilən “Dilbər” şerində deyilir:
Niyə məndən üz döndərdin,
Dünyam oldu dar, ay Dilbər.
Ömrüm üzün baharına,
Hardan yağdı qar, ay Dilbər?Mən gələndə yan keçirsən,
Can evindən can keçirsəm,
Yaman qara qan keçirsən,
Bir səbəbmi var, ay Dilbər?
Beş bəndlik şerdən misal gətirdiyimiz bu parçalarda fikir ardıcıllığı və axıcılıq o qədər güclüdür ki, bir dəfə oxumaqla bütövlükdə yadda qalır.
Vaxtilə Əli Səngərlinin şerləri haqqında fikir söyləyən mərhum ədəbiyyatşünas alim Əkrəm Cəfər yazırdı: “Əli Səngərlinin “Şair ürəyi” adlanan şeri adına layiq süjet ilə gözəl və mənalıdır. Kiçik bir şerdə böyük mənalar!” (“Sovet Gürcüstanı”, 5 may 1981).
Eyni müsbət rəyə biz Flora Xəlilzadənin ”Çayları doğru“ başlıqlı yazısında da rast gəlirik. Məqalə müəllifi yazır: ”Müəllim Əli Səngərlinin şerlərində maraqlı ifadələr, poetik ümumiləşdirmələr diqqəti cəlb edir. Şairin şerləri nikbin əhval-mhiyyənin bəhrəsidir. Ona görə də misraların ruhundakı həyat eşqi güclüdür. Bu mənada “Ölüm nədir“ şeri yığcam və mənalıdır” (“Azərbaycan müəllimi”, qəzeti, 13 may, 1981). Belə müəllif fikirlərinin sayını artırmaq da olar.
Hələ, universitet illərində mərhum professor Əli Sultanlı Əli Səngərlinin poeziyaya olan həvəsinə və xüsusi istedadına görə ona himayədarlıq və atalıq qayğısı göstərmişdi. Bu qayğının nəticəsidir ki, Əli Sultanlının tərtib etdiyi “Avropa ədəbiyyatı müntəxəbatı”na Əli Səngərlinin 2 iri həcmli tərcüməsi – Publi Verqlinin ”Melibey-Titir’, Lussi Anney Senakanın “Fedra” dramı daxil edilmişdi. Bu illərdə Əli Səngərli mərhum Əli Sultanlının tapşırığı ilə Fransız şairi Rassinin eyni adlı (“Fedra”) faciəsini də tərcümə etmiş və Əli Sultanlıya təqdim etmişdi. Ancaq, Əli Sultanlının vaxtsız ölümü bu əsərin nəşrinə imkan verməmişdi.
Əli Səngərli keçmiş SSRİ xalqlar ədəbiyyatından, xüsusən də Ukrayna ədəbiyyatından (Lesya Ukraykadan “Ümid”, “Dostlar”), gürcü klassik ədəbiyyatından (A.Seretelidən “Bahar”, “Əmək nəğməsi”), Qafur Qulamdan “Özbəkistan”, “Türküsib yollarında” əsərlərini də xüsusi istedadla tərcümə etmişdir. Bu tərcümlərin əsas qismi isə 1956-cı ildə Pənah Xəlilovun tərtib etdiyi “SSRİ xalqlar ədəbiyyatı müntəxəbatı” kitabına daxil edilmişdir.
Hazırda Əli Səngərlinin 7 qovluq dolu hələ də nəşr olunmamış şerləri qarşımdadır. Qovluqlarda toplanan müxtəlif məzmunlu, lakin bədii cəhətdən yüksək oxunacaqlı, lirik və süjetli şerlərinin indiyə kimi işıq üzü görməməsi şairin özünə qarşı nə qədər laqeyd və məsuliyyətsiz olduğundan xəbər verir. Təəssüf, yenə də təəssüf!..
Mənbə: Hüseynqulu Məmmədli (Məmmədov) – “Görüm Faxralının biri olsun beş…”