Alğulların Məmmədəli kənddə Ağ gədə adıyla da tanınırdı. Bir gün o, davarını Hövüd Məhəmmədin Xəmmətdidəki qoruğuna sal1r. Bundan xəbər tutan Məhəmməd özünü qoruğa yetirir. Ağ gədədən mülayimliklə xahiş eləyir ki, eloğluyuq, aramızda narazılıq olmasın, davarını qoruqdan çıxart. Ağ gədə Hövüt Məhəmmədi tərs-tərs süzüb sürüyə sarı gedir, qoyunları sürüdən çıxardır…
Üç gündən sonra Hövüd Məhəmməd qoruğu dolaşanda Ağ gədəni yenə orda görür. Yenə məsləhətnən deyir ki, qoyunları qoruqdan çıxart. Ağ gədə Məhəmməd kişini bihörmət eləyir. Hövüt Məhəmməd həmişə xatadan, münaqişədən qaçan adam olub. İndi də istəmir ki, iş yoğunusun: “Gəl inad eləmə, yenə deyirəm, eloğluyuq, araya qanqaraçılıq salma”. Ağ gədə yumşalmaq istəmir: “Nə zəhləmi tökörsən? Çıxartmıram, get əlindən gələni beş qaba çək!”
Hövüd Məhəmməd də özündən çıxır. Söhbət böyüyür. İkisi də inadlaşır. Axırda Hövüd Məhəmməd xəncərini çıxardıb Ağ gədənin ağzından çapır…
Ağ gədə bu yaradan ölmür. O gündən olurlar düşmən…
…Hövüd Məhəmməd Bolus gəzdəyindəki yataxda qoyun saxlayırdı. Bir gün axşamüstü yatağın yaxınlığında atışma düşür. Atışma kəsəndən sonra çobanlardan biri Hövüd Məhəmmədə xəbər verir ki, bayaqkı atışmada düşmənin Ağ gədə ağır yaralanıb, al qan içindədi. Hövüd Məhəmməd yataxdan çıxıb hadisə yerinə gedir.
···Ağ gədənin yaralarını yuyub dava-dərman qoyurlar. Yerini rahatlayırlar ki, bir az yatsın. Bu zaman yatağın qarşısında səs eşidir:
– Ay Məhəmməd!
Məhəmməd səsə qənşər çıxır. Gələnlər onun üstünə düşürlər: – Ağ gədəni bura gətiribsən. Sənin qeyrətin elə bu qədərdimi, düşməninə can yandırırsan?
Məhəmmədi od götürür: – Qeyrətim var ki, yaralı eloğluma can yandırıram. Qoy sağalsın, sonra yenə düşmənik ki, düşmən.
– O, bizə qisas qoyub. Onu öldürməliyik, bəri çıxart, ya da qapıdan aralaş, özümüz çıxardaq.
Məhəmməd əl atıb tüfəngini götürür. Çobanlar da silahlarını götürüb Ağ gədəni öldürməyə gələnləri dövrələyirlər.
Hövüd Məhəmməd:
– Burdan elə itilərsiniz ki, heç iziniz-tozunuz da qalmasın. Qurumsaxlar! Məni nə heysav eləyirsiniz? Qeyrət yaralıdan qisas almaqdandımı? Mənim yanımda bu qələti eliyəmməzsiniz – deyə onların başının üstündən bir güllə atır…
Səhərisi gün qardaşları gəlib Ağ gədəni sağ-salamat evlərinə aparırlar…
Mənbə: Rəşid Faxralı – “Oğuz eli Faxralı”