Hörmətli izləyicilər!
Mən, Hüseynqulu Məmədlinin “Görüm Faxralının biri olsun beş…” əsərinin çapa hazırlanmasında cüzi də olsa yardımçı olmuşam. Həmin vaxtlarda Hüseynqulu müəllim, öz əsrinin sonunda kitabın ərsəyə gəlməsinədə yardımçı olanlara, o cümlədən mənə də təşəkkür etmişdi. Etiraf edirəm ki, həmin vaxtlar bu əsəri dərindən oxumamışdım. Lakin saytın hazırlanması zamanı məlumat mənbəyi kimi bu kitaba müraciət edəndə, əsərin çox dəyərli, gələcək nəsillər üçün əhəmiyyətli olduğunu gördüm. Bu səbəbdən kitabı dəfələrlə təkrar-təkrar oxudum və kitabın bütün səhifələrini saytda yerləşdirməyi qərara aldım. Kitabın elektron variantının olmamasına baxmayaraq, 260 vərəqli olan əsəri tam olaraq elektronlaşdırdım. Qeyd edirəm ki, bu əsər bioqrafik, tarixi əsərdir. Burada Faxralının yaxın və uzaq keçmişi barədə çox dəyərli məlumatlar var. Kitabın aşağıda göstərilən elektron versiyasını oxumağı hamıya tövsiyyə edirəm. (Allah Hüseynqulu müəllimə rəhmət eləsin. Amin!).
Rəşid Mustafa oğlu Hüseynov (Amaşlı)
On söz
Ötən günə gün çatmaz,
Günü günə calasan da…
Mənim əzizlərim, zəhmətimi məndən sonra ömür-gün sürəcək övladlarımın, nəvə və nəticələrimin öhdəsinə atıram. Qeydlərim təsadüfən yaranmayıb. Bu barədə uzun illər götür-qoy etmişəm, fikirləşmişəm. Nəhayət qələmim köməyimə gəlib.
Ulu Borçalının ən səfalı guşəsində, doğulduğum Faxralı kəndi, bu abad kəndin dəbdəbəli tarixi keçmişi, indisi və gələcəyi haqqında heç yerdə qeyd olamayan hadisələrin, adlı-sanlı şəxsiyyətlərin, tarixən ağır imtahanlarda kimliyini təsdiq edən, sınaqlardan keçən, qanlı müharibələr zamanı qeyrətini, namusunu itirməyən kişi qeyrətli anaların, bacıların, müdrik nənə və babaların əbədi xatirələri mənə rahatlıq verməyib, piranə qocalardan eşitdiklərimi, gördüklərimi, şahidi olduqlarımı qələmə almışam.
Həyatın özünəməxsus pozulmayan qanunları var. Dünən bu günə bənzəmədiyi kimi, sabah da bu günə bənzəməyəcək. Gələcəyin sahibləri, elm və texniki inqilabların inkişaf etdiyi möcüzəli kəşflərin edildiyi zamanlarda yaşayıb yaradacaqlar. Çox güman ki, bu günün bir sıra əzablı-əziyətli anları unudulacaq. Ata-babalarımızın keçmiş həyat tərzi, dağlı-aranlı köçəri məişəti yaddan çıxaraq xatirələrdə nağıllara dönəcək. Aqillər yaxşi deyiblər ki, hər bir bəşər övladının ömür yolu bir romandır, bəşər tarixinin keşməkeşli səhifəsidir. Bunu dərk edən insan günlər keçdikcə, yaş ötdükcə daha çox narahat olur, get-gedə həmyaşıdlarının sırası azalır, bir yerdə böyüdüyü, təhsil aldığı, işlədiyi dostlar, tanışlar dünyadan köçür. Hər dəfə yaxın adamlardan biri ilə əbədi olaraq vidalaşdıqca insanın gələcəkdən daha çox keçmişə, ötən günlərə meyli, məhəbbəti artır. Baş qaldıran xatirələr insana təsəlli olur. Bu məqsədlə də bildiklərim və xatirələrim əsasında bu kitabı qələmə almışam. Nəyə necə nail olmuşamsa, yəqin ki, oxucular qiymət verəcək, çatışmayanları bağışlayacaqlar…
Hüseynqulu Məmmədli (Məmmədov)
- Tarxi keçmişimizə bir baxış
- Faxralının nəsilləri
- Yaylaqlar, binələr, qişlaqlar…
- Oyunlar, əyləncələr, nağıllar
- Elin-obanın aran qayğıları
- Yaylaqlarda “Qoyun qırxını” mərasimi
- “Arançılar və aran sovqatları” barədə xatirələr
- Baytallı tayfasından olan Sənəm ilə Nadir şahın sərkərdəsi arasında olan rəvayət
- Gürcüstanda və Faxralıda bolşevizm-firqəçilik
- Faxralıda “Qaçaqlıq” hərəkatı
- Qarayazının Kosalar kəndindən olan İsaxan ağanın qaçaqlıq həyatı (Beriyanın Saburtalalı Qara Namaza əsr düşməsi, onunla dostlaşması və sonralar ona qızıl su ilə yazılmış mauzerini hədiyyə etməsi)
- 1931-ci il represiya qurbanları (erməni fitnəsi və “troyka” qərarı ilə Aşır oğlu Mehralının, Təhməzqulu oğlu Mirzəlinin güllələnməsi)
- Xəyanət (Kollektivləşmənin ilk qurbanı – Faxralı kənd firqə katibi Binəli Hüseyn oğlu Mahmudovun qətli)
- Faxralida ilk mədəni tədbirlər, səhlyyə və maarifin başlanğıcı
- Erməni xisləti və “Göy at”ın hekayəti
- Müharibə illəri (1941-1945-ci illər, Faxralıların cəbhəyə təyyarə hədiyəsi, erməni hərbi komissar Variyanın xalqımıza qarşı özbaşınalığı)
- Müharibənin nəticələri : xəstəlik, açlıq, xalqların sürgünü… (Qazaxlı Məmmədin oğlu Hüseynin sədaqətli həyat yoldaşı, türk kökənli xalqların sürgün edilməsi)
- Böyük Vətən Müharibəsinin qələbə ilə başa çatması (L.P.Beriya barədə qeydlər)
- Müharibədən sonrakı quruculuq illəri
- Yenə Bakıda (Faxralının görkəmli şəxsiyyətləri və elm adamları barədə)
- Ötən günlərə qısa səyahət (M.C.Bağırovun güllələnməsi, A.Mikoyanının və N.S.Xruşovun qanunsuz hərəkətləri)
- Yeni məktəb tikintisi uğrunda…
- Böhranlı illər, sonu görunməyən faclələr… (SSRİ-nin dağılması, Qarabağ konflikti, Xocalı, 20 Yanvar, Tbilis qırğınları, Qamsaxurdiyanın özbaşınalığı, Mübarizin qəhrəmanlığı, kəndlərin adlarının dəyişdirilməsi və s.)
- Sazlı, sözlü dünyam mənim
- Faxralının saz, söz dünyası (Əli Məmməd oğlu Məmmədov (Əli Səngərli) barədə)
- Son söz