30-cu illərin bir payız günü Şüləverə odun satmağa gedənlər, draxdının qabağında dayanır, atları açıb dincini alır. Saraclının odun satanları da burda müştəri gözləyirmiş. Faxralıdan gəlmiş iki qardaşın arabasına Qulamhüseyn ağanın quşu qonur. Razılaşıb odunu alır, pulunu verir:

– Aparın Quşçuya, mənim qapıma boşaldın.

Qardaşlar bu şərtlə razılaşmayıb ağanın pulunu geri qaytarır:

– Uzaqdı, Quşçuya getsək gecəyə düşərik.

Dost-düşmən arasında sözü yerə düşən Qulamhüseyn ağa pərtləşir, qolunun zoruna, yanındakı iki qolbəyisinə güvənib qardaşları döyür. Heç kim harayçılıq eləmir. Alıoğlu Bayramlı uşaq olsa da buna dözə bilmir, ağanı daşa basır. Ağa onun “alımını vermək” istəyəndə Bayramalı qaçır. Təsadüfən İveylərin Şahnazarla qarşılaşır. Hadisəni ona danışır. Şahnazar gəlir draxtanın qabağına. Yetirən kimi Qulamhüseyn ağanı təpiyinin altına salır:

– Köpəyoğlu, sənsənmi Faxralı balasını döyən? Bə deməsənmi adamın bağırsağını yerə tökərlər?

Qolbəyiləri, digər ağalar Qulamhüseynin, odunçular Şahnazarın təəssübünü çəkir. Ağsaqqalar işə qarışır, ara sakitləşir…

Mənbə: Rəşid Faxralı –  “Oğuz eli Faxralı”

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur