Maşadı Feran Poladdı nəslindədi. Qüvvətli, azman bir cavan olub. Dediyini eləyən adammış. Ölüm də olsa dediyindən dönməzmiş…

Sarvandan bir nəfər Maşadı Ferana pul borcluymuş. Vədə günü çatanda Maşadı Feran qardaşı Qara Bədəli pulun dalınca göndərir. Sən demə, həmin gün Maşadı Ferana pul borclu olan adamın oğlunun toyuymuş. Qız evi gəlini aparmağa gələnlərin qarşısında şərt qoyubmuş ki, ya güləşçimizin qabağına güləşçi çıxar, ya da qızdan əlinizi üzün. Üç gün möhlətdəsiniz. Bu söhbəti Bədəl də eşidir. Qız evinin şərti ona əsər eləyir. “Bəyin atasıynan lələm duz-çörək kəsib. Onun təəssübünü mən çəkəcəm”, – düşünür və oğlan evi tərəfdən meydana çıxır. Bir qədər süpürləşirlər. Qara Bədəl alt olur. Pulu istəməyə üzü gəlmir, kor-peşman evə qayıdır. Vəziyyəti sıxıla-sıxıla Maşadı Ferana danışır. Maşadı Feran bərk əsəbiləşir:

– Fəfisən, fəfi. Ad batıransan. O gədənin meydanına özüm çıxaram. Qoymaram ki, Faxralının adına söz gəlsin.

Maşadı Feran özünü Sarvana yetirir. Soraqlaşıb qız evinin yerini öyrənir. Təzə bəyin atasına yaxınlaşıb nəyə gəldiyini ona bildirir. Biçarə kişi sevindiyindən bilmir neyləsin. Belə razılaşırlar ki, o, qız evinin güləşçisini yıxsa, bəyin bacısını ona verəcəklər.

“Güləşəngi” çalınır. Maşadı Feran meydana çıxır. Qız evinin güləşçisi saymazlıqla meydan boyu gəzişir…

Bir xeyli dartışırlar. Maşadı Feran fırsatdıyıb qollarını rəqibinin kürəyində çarpazlayır, ona da elə bu lazım idi; qollarını sıxdıqca rəqibinin nəfəsi daralır, ha dartınsa da bu “məngənədən” xilas ola bilmir. Toy adamları bir də onda gözlərini açır ki, iki gündü meydanına çıxanı alt eləyən güləşçi kürəyi üstə yerə yıxılıb, tanımadıqları birisi də onun sinəsinə çöküb…

…Maşadı Feran ağanın yanına gəlir:

– Ağa, – deyir. – Qardaşımı bura verəcəyin puldan ötrü yollamışdım. Başı batmış gəlib bu düdəmiyə yıxılıb. O pulun məlyəti bir şey deyil. Mən bura həmin puldan ötrü yox, kəndimizin adına görə gəlmişdim. İş elə gətirdi ki, həm də ailə qurası oldum. Allah bizi bu qohumluqdan əskik eləməsin! Cırtqoz qudalarına da çatdır ki, Faxralını alt eləmək mümkünsüz işdi..

***

Yırğançax kəndi Dəvə qoruğunun ətəyindədi. Ordan o yana Qara xaç yaylağı başlayır…

Maşadı Feran yaylağa gedəndə behləşdiyi atın pulunu vermək üçün yolunu Yırğançaxdan salır. At yiyəsinin doqqazına çata-çatda camaatın ona tərəf qaçışdığını görüb təəccüblənir:

– Nooluf, niyə təntiyifsiniz?

Hərə öz canının hayında olduğuna görə sualına cavab ala bilmir. Axırda biri ayaq saxlayıb Maşadı Ferana deyir ki, bir qızmış nər əlinə keçəni cencəyib atır, bayaqdan bəri üç-dörd adam öldürüb. Qaç, sən də daldalan. Maşadı Feran qaçmağı şəninə sığışdırmır, maraq içində yoluna davam eləyir.

Bir də görür ki, qızmış bir nər ona çatmaqdadı. Tez şinelini sol qoluna dolayır, dəvə yetirəndə qolunu onun ağzına verir. Sağ qolu ilə dəvənin boynunu sıxır. Nər tıncıxır, diz çökür, çabalayır. Maşadı Feran dəvənin boynunu buraxmır. Xəncərini çıxardıb haldan düşən nərin ürəyinə soxur…

Mənbə: Rəşid Faxralının “Oğuz eli Faxralı” kitabı

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur