Nəbi Əlləz oğlu Sədilər nəslindəndir. Mərd kişi olub. İstər öz adına, istərsə də kəndin adına deyılən hər hansı hədyana gülləylə cavab verib. Ağır təbiətli, ləngər yerişli bu kişi “Allah verən can el yolunda qurban getməlidi” – deyərmiş.
Dəli Xaçda Aşot adlı bir erməni “yetdiyinə yetib, yetmədiyiıno bir daş atırmş“. Əməlini azmış bu dığa həddini aşır. Kefinin saz vaxtında Mığırrıdan keçəndə gözü ağacda gilas dərən bir uşağa sataşır, ermənilik damarı tutur, içində şeytanlar qımıldaşır. Tapançasını çıxardıb uşağı vurur. Uşaq ölür…
Uşağın anası dərddən ikiqat olur. Gecə-gündüz ağlayıb qan-yaş tökür. “Ciyərparamın qisası alınmayınca sinəm yanar bir ocaq olacaq”– sızıldayır, fəryad eləyir, saçını yolur, üzünü c1r1r.Kimə yalvarıb-yaxarırsa, heç kim özünü “beş-on” tüməndən ötrü işə salmaq istəmir…
Zavallı ana Faxralıdan Nəbi Əlləz oğlunun adını eşidibmiş. Ona deyiblərmiş ki, Nəbi qeyrətli kişidi, arxasız-dayaqsız olduğuna görə səni naümid qoymaz, ona ağız aç. Zavallı qadın sonuncu ümid yeri kimi ona üz tutur, yalvarıb-yaxarır: “Qoyma tifilimin qanı yerə qalsın, ay Nəbi, sən də axirət günü mənim qardaşım. Balamın qisasını al!..”
Əlləz oğlu Nəbinin bu zavallı anaya yazığı gəldiyindən razılıq verir – heç bir təmənna ummadan.
…Nəbiyə xəbər çatır ki, Aşot filan günü günorta üstü Bolus gəzdəyindən keçəcək. O, Aşotu tanıyan mığırlılı bir cavanla Bolus gəzdəyinə gəlir, bir yerdə daldalanıb gözləyirlər…
Üç-dörd yol adamı gəlib-keçir. Mığırlılı cavan işarə edir ki onlar deyil…
İki atlı gəlirdi. Oğlan pıçıltıyla:
– Nəbi dayı, soldakı atlı Aşotdu – deyir…
Nəbi Əlləz oğlunun gülləsinin açılması ila Aşotun atdan yerə düşməsi bir olur…
Nəbi Aşotun sağ əlini kəsib qanını aldığı uşağın anasının ayaqları altına atır…
Mənbə: Rəşid Faxralının “Oğuz eli Faxralı” kitabı