Sarı Bayramın oğlu Rəhim davadan qayıtmamışdı, o biri oğlu Muxtardan da kağız gəlmirdi.

1956-cı ildə Muxtardan kağız gəlir. Yazırdı ki, Fransadadı, Marsel şəhərində yaşayır. Ağır xəstə olduğu üçun indiyə kimi özü haqqında məlumat verməyib. Bu xoş xəbər kəndə yayılır. Hamı Muxtarın qohum-əqrəbasına, bacılarına gözaydınlığı verır.

O vaxtlar toylarda verilən nəməri kəndin nüfuzlu kişilərindən piri ucadan elan edərdi. Muxtardan kağız gələn günün səhərisi kənddə toy varıymış. Nəməri çağırmaq Qarıv oğlu Oruca tapşırılır. O, nəməri çağırmamışdan qabaq üzünü toya gələnlərə tutub deyir:

– Ay camaat! Mən bir dilək eliyəcəm, hamınız amin deyin!

Hamı bir ağızdan “amin” deyir. Qarıvoğlu sözünə davam edir:

– O vaxtlar Sarı Bayram mənim gülləmdən öldü. Allah da şahiddi ki, mən o gülləni Sarı Bayrama atmırdım. Onun əmisi uşaqları mənə iki dəfə güllə atdı, bəxtimdən güllələr mənə dəymədi. Yəqin siz də eşidibsiniz ki, Sarı Bayramın oğlu Muxdardan kağız gəlib. Əzizlərinin gözü aydın olsun! Allahdan diləyim budu ki, o, sağ-salamat el-obasına qayıtsın, ata yurdunun çırağını yandırsın.

İstəsə atasının qanını da alsın. Qanımı bəri başdan ona halal eləyirəm. Oğullarım qisas almaq fikrinə düşsə torpağım da onlara qarğışçı olsun!..

Məclisdən bir uğultu keçir…

Mənbə: Rəşid Faxralı –  “Oğuz eli Faxralı”

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur