Qarqoy Novruz hazırcavab kişi olub. Heç zaman sözə gəzinməyib.
60-cı illərdə Gəncə şəhərindən bir tədqiqatçı folklor toplamaq üçün Borçalıya gəlir. Ona Faxralıya da getməyi məsləhət görürlər. Alim Faxralıda Qarqoy Novruzla da görüşür, bildiyi nağılları, əfsanələri, əhvalatları danışmasını xahiş edir. O, qonağın xahişinə əməl eləmək üçün bildiklərini birər-birər söyləyir. Lakin nə danışırsa, alim “bunu bilirəm” – deyir. Axırda kişi əsəbiləşir, özünü birtəhər toxdadıb dillənir:
– Həə, alim bala, onda qələmini götür, deyəcəyimi yaz. İndi danışcağım əhvalatı bilməzsən, bilsiydin kənd basa-basa buralara gəlməzdin.
Bir canavarla bir tülkü dost olur. Cavavar əlinə keçən mal-qaranı, davarı parçalayır, tülkü də yeyib şellənir. Sən demə, canavarın qəribə bir şakəri varmış: ovladığı heyvanın beynini yeməyi çox sevirmiş. Bir gün onların məskəninin yaxınlığında bir eşşək görünür. Canavar parçalamaq üçün onun üstünə atılanda iki güllə açılır. Canavar aradan çıxır. Yiyəsi eşşəyini qabaqlayıb aparır.
Səhərisi gün həmin eşşək anqıra-anqıra yenə həmin səmtə gəlir. Dünəndən bəri aclıq çəkən canavar fürsəti fota verməyib eşşəyin qarnını dağıdır. Canavarla tülkü eşşəyi parçalayıb doyunca yeyirlər. Canavar ovunun beynini sabaha saxlayır. Səhərə yaxın tülkü nəfsini basa bilmir – eşşəyin beynini yeyir…
Canavar gərnəşib yuxudan durur, eşşeyin beynini yemək istəyəndə duruxur eşşəyin beyni yoxuydu. Tərs-tərs tülkünü süzür.
– Bunun beyni hanı?
Tülkü itaətlə ona yaxınlaşır:
– Şahım, – deyir. – Bunun beyni yerli-dibli olmayıb. Bir gün əvvəl əlimizdən guclə qurtarmışdı. Beyni olsaydı anqıra- anqıra təzədən yanımıza gəlməzdı.
– İndi, alim bala, hər şeyi bilirsənsə, yanıma niyə gəlmisən?
Alim suyu süzülə-süzülə qayıdır Gəncəyə.
***
Faxralının toylarında dəli-dolu cavanlar həm də sınaşardılar – güləşərdilər. Qara zurnadan ələnən “Güləşəngi” (buna “Qoç Koroğlu” da deyirlər) özünə güvənənlərin, qolunun zoruna ümid olanların əllərindən yapışıb meydana çəkərdi. Meydan qızışardı. Emosiyalar coşanda aranı ağsaqqallar sakitləşdirərdi; Faxralıda ağsaqqal sözünün üstünə söz gəlməyib. Ağsaqqallar cığalların da, onların havadarlarının da “abrını ətəyinə bükərdı’”…
Faxralıda tanınmış güləşçilər adnanıydı: Qazaxlının Hətəm, Yahaların Rəhim, Quvuş oğlu İmaməli, Baytallının Alvar, Budaqlıların Bayraməli, Alı, Tanrıverdi oğlu Musa, Həsən, Qumara İsmayıl, Qasımıllının Köşə Bayram, qardaşı Səməd…
Mənbə: Rəşid Faxralının “Oğuz eli Faxralı” kitabı