Qumara İsmayıl Dombaxlı nəslindən olub. Çoxları kimi o da halal zəhməti ilə dolanıb, güzəranını rəncbərliklə, odun satmaqla yoluna qoyub.
O, çox məharətlə oynayan adam olub, yaxşı da güləşərmiş. Qara zurnanın səsini eşidəndə ürəyi atdanarmış, sümükləri titrəşərmiş. Harada olur-olsun özünü toyxanaya yetirərmiş. Ən çox xoşladığı, oynadığı “Dəyirmanı” havası imiş. Onu Qumara İsmayıl oynayırmışsa, deməli bu şıdırğı hava olub.
Bir gün Sarvandan odun satmaqdan gəlirmiş. Arıxlıdan keçəndə toy səsi eşidir. Ürəyi onu çəkib toy evinə aparır. Arabasını bir tərəfdə saxlayıb tələsik özünü toyxanaya çatdırır. Bir az baxandan sonra sifariş vermək üçün meydançaya yaxınlaşır.
Yenə “Dəyirmanı” oynayır. Sonra “Zorxana” çaldırıb meydan boyu gərdiş edir. Özündən deyənin biri meydana çıxır. Qumara İsmayıl bir o yana, bir bu yana atılır, qəflətən əl atıb rəqibinin kəmərindən yapışır. Bir az güc verib onu başının üstündən atır. Ikinci rəqibin də aqibəti belə olur. Kəndin camaatı pərtləşir. Işi belə görüb kiminsə ardınca adam göndərirlər. Ismayıl dincini alınca kəndin bayaqdan bəri arzumanında olduğu adam gəlib çıxır. Ismayıl toybabası ilə belə razılığa gəlir ki, yıxılsa satdığı odunun pulunu onlara verəcək, əks halda iki o qədər pul alacaq.
Güləş başlayır. Əvvəlcə rəqibi ona güc gəlir. Ismayıl onun qolları arasından bir təhər çıxır. “Fəndsiz zor heç nədi”- düşünür və sanılı saniyələr ötüncə bu rəqibini də məğlub edir.
Toyun ağsaqqalı onun alnından öpüb nəmərini verir. Sonra gülümsünərək deyir: “Gərək Faxralıdan olduğunu əvvəlcədən bildirəydin ki nəmərini güləşsiz-filansız alaydın.”
Beləliklə, sonra Qumara İsmayıl adını ucaltdığ, şöhrətinə şöhrət gətirdiyi kəndinə – Faxralıya qayıdır.
Mənbə : Rəşid Faxralı – “Oğuz eli Faxralı”