Quvu oğlu Əlləz kəndin altında qoruqçuymuş. İşinə ciddi yanaşan bir adam kimi qoruğa mal-qara, qoyun-quzu ayağı dəyməyə qoymazmış.
Günlərin birində Polad oğlu Məmməd mal-qaranı örüşə aparmağa ərinir, aparıb salır Quvu oğlu Əlləzin qoruduğu əraziyə. Özü də göy otluğa yayxanır. Qoruqda mal-qara görən Əlləz özünü ora yetirir. Gəlib görür ki, mal-qara öz kefındədi, Polad oğlu Məmməd də öz kefındə.
– Ay Məmməd, – deyir. Qoruğu niyə otarırsan? Malları qoruxdan çıxart!
Allah vəkili, Məmməd bir söz demir. Əlləzin bu qəfil gəlişi ürəyincə olmasa da mal-qaranı qabaqlayıb gedir.
Bir-iki gündən sonra Əlləz görür ki, qoruğa yenə mal-qara dolişub. Atını minib ora tərpənir. Yaxınlaşanda görür ki, yenə Polad oğlu Məmməddi, malı qoruğa verib. O, əsəbiləşir:
– Ayə, yekə kişisən, malı niyə qoruğa doldurubsan? Bu nə saymazlıqdı?, – deyə onun üstünə çəmkirir.
Əlləzin sözləri Məmmədin xətrinə dəyir. Ağacını hərləyib atın üstündə qarşısında dayanmış Quvu oğlu Əlləzi vurur. Əlləz atdan yerə yıxılır. Məmməd bir az aralanır. Quvu oğlu günahsız yerı vurulmasını şəninə sığışdırmır. Usdufca yaxınlaşıb Məmmədin başına bir-neçə xəncər vurur. Onun başından qan şoralayanda isə boğaz şərini açıb yaraladığı eloğlusunun yarasını sarıyır. Sonra atını minib düz gəlir Polad oğlu Məmmədin qapısına:
– Özünün yekəxanalığı ucbatından Məmmədi xançallamışam. Kəndin altındakı qoruxdadı. Öldü-qaldısından xəbərim olmadı. Gedin, ölübsə ölüsünü urvatdıyın, sağdısa həkimə yetirin…
Yara ölümcül yara deyilmiş – Məmməd sağalır. Ancaq içindəki kin-küdurət, qisas hissi ona rahatlıq vermir. Düşmənçilik başlayır. Hər ikisi bir-birinin qanına susayır…
Polad oğlu Məmməd Yağlıca yolu ilə Faxralıya qayıdırmış. Çökəkliyin birində arabasının təkəri qırılır, arabanın bir tərəfı yerə çökür. O, çölün düzündə, əl-ayaqdan uzaq yerdə əlləşə-əlləşə qalır. Bir Allah bəndəsinin köməyə gələcəyi ümidi ilə başını qaldıranda qarşısında əli tüfəngli Quvu oğlu Əlləzi görür. Ömür üzən anlar ötür. Quvu oğlu Əlləz düşmənini vurmur. Atdan düşüb ona yaxınlaşır:
– Nə müddətdi ki ya səni, ya da sizlərdən birini vurmaq üçün fürsət axtarırdım. İndi qarşıma çıxıbsan. Ancaq mən belə nakişilik eləmərəm. Həm yad yerdi, həm də köməyə ehtiyacın var – təntiyibsən. Belə yerdə sənə güllə atsam mənə heç kim kişi deməz.
Əlləz Məmmədə kömək eləyir, arabanın təkərini düzəldirlər. O, alnının tərini silib deyir:
– Sənə eloğlu kimi kömək elədim. Düşmən olsaq da qərib yerdə, çətin vaxtında sənə güllə atmadim. Bunu qaxınc-zad bilmə. Yenə düşmənçiliyimiz düşmənçilikdi…
Quvu oğlu Əlləz atını minir, arxaya baxmadan uzaqlaşır…
Mənbə: Rəşid Faxralı – “Oğuz eli Faxralı”