İnsanoğlu çox zaman “vəfasız dünya“, “fani dünya”, “etibarsız dünya“, “baş günlük dünya” adlandırır səni. Axı əslində bu tənələrin, qınaqlann heç biri sənə yaraşmır. Hər kəs öz alın yazısı, öz qisməti ilə dünyaya gəlir və dünyadan köçür. Nədir sənin günahın? Sən qədrini, qiymətini bilənlər üçün qiymətlisən, gözəlsən, etibarlısan, həmişə yaşar, əbədisən.

Mən də sənin geniş, sevincli-kədərli qoynunda dünyaya gəlmişəm. Tavar sazın çanağı ilk beşiyim (yüyrüyüm) olub. Ana laylası, bayatı və oxşamaların məstedici ahəngi altında gündüzlər və gecələr şirin yuxuya getmişəm, səhərlər oyanmışam. Bütün kənd uşaqlarına, həmyaşıdlarıma qismət olan aranlı, dağlı, binəli, çiçəkli, çəmənli qayğısız günlər mənə də qismət olub. Xoşbəxt uşaqlıq dünyasını yaşamışam. Gələcək haqqında fikirləşməmişəm, ehtiyac nə olduğunu hiss etməmişəm. Bir daha təkrar olunmayan, indi hərdən-hərdən həsrəti ürəyimi göynədən, əlçatmaz xoşbəxt illər yaşamışam.

1930-1931-ci illərdə daima kəndin dəbdəbəli, gözəl adət-ənənələrində iştirak etmişəm. Qohumların nişan və toy mərasimlərinin iştirakçısı olmuşam. Novruz bayramlarında nişanlı oğlanlar üçün sevinə-sevinə yaylıq, əmlik quzu aparmışam. İndi onlar işıqlı dünyalarını tərk edib, Allah onlara rəhmət eləsin.

Gənclik illərimdə toy şənliklərində, cıdırlarda köhlən at səyirtmişəm, nəmərlər almışam. Oğlan və qız mağarlarında, aşıq məclislərində səhərə qədər yuxusuz, mürgülü gecələr keçirmişəm. Fitri istedad sahibi, ilhamlı şair Nəbinin toy məclislərində danışdığı

  • “Əsli Kərəm”,
  • “Əmrah”,
  • ”Şah İsmayıl və Ərəbzəngi”,
  • “Alıxan və Səyyad Pəri”,
  • “Aşıq Qərib”,
  • “Dilqəm”,
  • “Məsim”,
  • “Koroğlu ” və s.

dastanları həvəslə, göz qırpmadan dinləmişəm. Qurbani, Xəstə Qasım, Tufarqanlı Abbasdan oxuduğu hikmətli qoşmalara, təcnislərə qarşı məndə dərin maraq və sonsuz məhəbbət yaranıb. Bir sözlə, rəhmətlik şair Nəbi mənim folklora ilk bələdçirm olub. Şəxsən onun öz qoşmalarını, qıfılbəndlərini, ibrətamiz nəsihətnamələrini öz dilindən eşitmişəm. Onda olan ilahi eşq, istedad, heç kəsdə görmədiyim etibarlı yaddaşa heyran qalmışam.

Yışadığım illərdə xalq sənətinin unudulmaz azman nümayəndələrinin xatirələrə dönən məclislərində iştirak etmişəm. Zövqlə onlara qulaq asmışam.

Mərhum aşıq Sadıq Sultanovla tanışlığım hələ 1943-cü ilda müharibənin qanlı-qadalı vaxtlarında Arıxlı kəndində başlayıb. Sonralar bu tanışlıq əsl mənada dostluğa çevrildi. 1950-ci illərdə aşıq Sadıq Soğanlıq qəsəbəsində yaşayırdı. Şair Nəbinin şerlərinin əsas hissəsini o zaman onun dilindən yazıya aldım.

Bu gün tərədüd etmədən və cəsarətlə deyə bilərəm ki, aşıq Sadıq 1940-1950-ci illərdə toy məclislərinin yaraşığı idi. Heç kəslə əvəz olunmayan ustad sənətkar, sənətini zirvələrə qaldırılmışdı. Hələ indiyə qədər onun nə saz çalması, nə oxu tərzi təkrar olunmayıb.

Bu illərdə aşıq Hüseyn Saraçlı ilə də yaxın münasibətimiz var idi O bir müddət toy şənliklərində mərhum şair Nəbini öz sehirli sazı ilə müşayət etmişdi. Ağır məclislərdə davranış qaydalarını, ədəb-ərkanlı olmağı, özünü necə aparmağı şair Nəbidən öyrənmişdi. Daha açıq desək, şair Nəbinin şagirdi olmuşdu. Sonrakı illərdə aşıq Hüseyn Saraçlının ifa tərzində, davranışında, dastan danışmağında şair Nəbi təsiri açıq hiss edilirdi. Yeri düşəndə aşıq Hüseyn Saraçlı öz ustadını böyük minnətdarlıqla yad edir, ona rəhmət deyirdi. Etiraf edim ki, mərhum şair Nəbinin zəngin şer irsinin yazıya alınmasında Hüseyn Saraçlının da xidmətləri olmuşdu.

1961-ci ildə aprel aynda aşıq Hüsyen Saraçlını Azərbaycan Aşıqlarının III qurultayına gətirməyim də xoş xatirə kimi yaddaşımda unudulmaz izlər buraxıb. Onu da qeyd edim ki, aşıq Hüseyn Saraçlı ilk dəfə idi ki, Bakı şəhərinə gəlirdi. Qurultayda iştirakı onda zəngin təəssürat yaratmışdı.

Aşıq Hüseyn Saraçlının yaşlı və ustad aşıqlarla ilk tanışlığı, aşıq İslam, aşıq Şəmşir, aşıq İbrahim Qaraca oğlu, aşıq Hüseyn Cavan, aşıq Talıbla görüşü onu həddindən artıq sevindirdi.

Qurultay başa çatdıqdan sonra aşıq sənətinin ilk qadın araşdırıcısı və saz havalarını nota köçürən alim Əminə xanım Eldarova və onun həyat yoldaşı, indi Elmlər Akademiyasının müxbir üzvü Əziz Mirəhmədovun evində qonaq olduq. Qonaqlıqda iştirak edən Ələsgər Yadigarı mərhum aşıq Talıb və aşıq Hüseyn Saraçlı onlara qarşı göstərilən xoş münasibətdən və qonaqpərvəplikdən çox razı qaldılarını bildirdilər.

Sevindirici və yadda qalan hal idi ki, qurultayda Azərbaycanın müxtəlif rayonlarından olan qocaman aşıqlarla yanaşı gənc aşıqlar Əkbər, İmran, Əmrah, Kamandar, Hüseyn Saraçlı da iştirak edirdilər. İndi dünyalarını dəyişmiş, o zaman hələ gənc olan bu sənətkarların hər biri sağlıqlarında aşıq sənətini əl çatmaz yüksəkliklərə qaldırdılar. Bir ustad sənətkar kimi şəxsiyyətlərini təsdiq etdirdilər. Allah da öz növbəsində səxavətini onlardan əsirgəməmişdi. Aşıq sənətinə aid gözəl, incə, yadda qalan bütün məqamları onlara bağışlamışdı.

Bir həqiqətdir ki, bu gün xalqımız saz, söz xiridarlarını ilk növbədə Əmrahı, Hüseyn Saraçlını, Kamandarı, Əkbəri, İmranı, Xanları sənət aləminin böyük itkisi kimi yad edirlər. Onlara Allahdan daima rəhmət diləyirlər. Nə yaxşı ki, aşıq Ədalət var, çox şükür ki, bu ağır, bir daha geri qayıtmayacaq itkilərin sənət yollarını davam etdirən istedadlı oğul və qızlarımız yetişməkdədir.

Aşıq Əmrah Gülməmmədov və aşıq Kamandar Əfəndiyevlə hələ 1950-ci illərdə Faxralı orta məktəbində direktor işləyərkən tanışlığım vardı. O zaman hər ikisi gənc idi. Yaxın dostum, mərhum Vəli Həsənovun oğlanlarının kiçik toy məclisinə yığılmışdıq. Məclisi şənləndirmək üçün Əmrah və Kamandar dəvət olunmuşdu. Onların yüksək zövqlə məclis aparmaları məclis iştirakçılarını əsil mənada sehirləmişdi. Heç kəs danışmırdı. Hamı böyük həvəslə onları dinləyirdi.

Ev şəraitində keçirilən və könül açan gözəl məclisi mən idarə edirdim. Bu məclisin xoş təəssüratını indi də unutmuram.

1962-ci ildə Bakıya köçəndən sonra bu el sənətkarları ilə münasibətim və dostluğum daha da möhkəmləndi. Buna bir səbəb də folklorçu oğlum Elxan Məmmədovun aşıq yaradıcılığının araşdırılması ilə məşğul olması idi. Xoşbəxtlikdən müxtəlif illərdə bu qüdrətli sənətkarların Bakıda keçirdikləri saz və söz məclislərinin daimi iştirakçısı olmuşam. Televiziya ekranlarında maraqlı çıxışlarını böyük iftixar hissi ilə dinləmişəm. Gözəl Borçalının aranını, dağını, çiçəkli, çəmənli, lilparlı yaylaqlarını, ağır məclislərini, bayram şənliklərini təkrar-təkrar gözlərimin önündə canlandırmışam. Kədərlənmişəm, kövrəlmişəm, darıxmışam. Bəzən də bu qüdrətli el sənətkarlarına qarşı şəxsi hörmətimi bədii misralarla ifadə etməyə çalışmışam:

Dizimdə taqət yox, gözümdə qara,
Gözləməkdən yollarını, Kamandar.
Gündən-günə dərdi-qəmim azalar,
Dilləndirsən tellərini, Kamandar.

Urfanından  əhli-urfan kam alar,
Yanıq Kərəm ürəklərə od salar,
Eşqə düşən ərənlərdən cam alar,
Dinləyəndə xallarını, Kamandar.

Mənsurunda Mənsur dara çəkilər,
Zarıncından ahı-nalə tökülər,
Divanında xanimanlar sökülər,
Görmək olmaz əllərini, Kamandar.

Keçib gedir ömrümüzün karvanı,
Misri, Cəngi, Koroğlunun fərmanı,
Sarı telin ürəklərin dərmanı,
Cal sevindir ellərini, Kamandar.

Hüseyinqulu sazın, sözün vurğunu,
Zalım fələk belə qurub qurğunu ,
Eldən ayrı oldum elin yorğunı,
Gəlib sorsan hallarımı, Kamandar.

Heyf o günlərdən, min heyf!

Yeri gəlmişkən onu da qeyd edim ki, aşıq Əmrah və aşıq Kamandar istedadlı ifa tərzləri və saz çalmaq məharətləri ilə heç kəsi təkrar etməyən, heç kəsə bənzəməyən sənətkarlardan idi. Onların hər ikisi əsrlərin arxasında qalan və yalnız səsi, sədası nəsildən-nəslə keçərək xatirələrdə yaşayan Borçalı aşıq məktəbinin layiqli davamçıları idi. Onlar mahır sənətkarlar kimi ad-san qazanmışdılar. Mötəbər, ağır məclıslərdə həmişə adları qoşa çəkilirdi.

Nədənsə Əmrah deyiləndə Kamandar, Kamandarın ”dadlı-duzlu” məclislərində isə Əmrah yada düşürdü. Onların apardıqları məclislərdə çaldıqları havaların fərdi çalarlarından, ahəngindən asılı olaraq çox zaman hər iki sənətkar özlərini belə unudurdular.

Qəmli, kədərli havalarla (Zarıncı, Yanıq Kərəm, Dilqəmi, Ruhani, Mansın və s.) qəmləndirir, dastanlardan gələn havalarda isə ayrılıq, həsrət, əzab-əziyyət, uzaq səfərlər barədə təəssüratlar yaratımşdılar. Şən, oynaq, könül açan havaların təsiri ilə dinləyicilərdə xoş əhval-ruhiyyə yaradır, bir anlığa onları dərin düşüncələrdən ayırırdılar. Bir sözlə, bu el sənətkarları bütövlükdə öz daxili ürək yanğılarını, hiss və həyəcanlarını sehirli barmaqları ilə sazın simlərinə köçürməyi bacaran, dövrün, zamanın ad-san sahibi qazanmış aşıqları idilər. Amcaq hər iki ustad sənətkarın saz çalmaq və söz oxumaq məharətlərində müəyyən yaxınlıq, hətta bir sıra oxşarlıqlar olsa da, onları müəyyən fərdi keyfiyyətlər də ayırırdı. Bu baxımından mərhum aşıq Kamandarın bəzi üstünlükləri vardı.

Hər şeydən əvvəl o, dinləyicilərini tez özünə cəlb edən, həyacan dolu sazının və məlahətli səsinin sehrinə salan ilhamlı, şair təbiətli bir sənətkar idi. Onun bu gün bizə yadigar qoyub getdiyi lent yazıları, kasetlərə köçürülmüş havaları və ifaları xalqımızın laiqli oğlu professor Camal Mustafayevin yazdığı ön sözlə nəşr olunmuş “Borçalı laylası” (1989) kitabı bir daha təsdiq edir ki, aşıq Kamandar sadəcə başqalarının qoşduğu klassik və müasir qoşmaların, divani və təcnislərin ifaçısı, dastanlar danışan aşıq olmamış, həm də dövrümüzün fıtri istedad sahibi, ilham qaynağından payı olan bir el şairi idi.

Aşıq Kamandarın yeganə kitabında toplanmış ustadnamə, nəsihətnamə, qoşma, təcnis, qıfılbənd və deyişmələrini, sədəfli sazını, heç vaxt yaddaşlardan silinməyəcək ifa tərzini, bir də Cənubi Azərbaycandan tez-tez qulağımıza sədası gələn Əmrah, Kamandar məktəbini, heç kəsə mənsub olmayan nazını bu gün bizlərə yadigar qoyub getdi. Hələlik böyük sənətkarın ölümü bizə inandırıcı görünmür. Ancaq aylar, illər keçdikcə hiss edəcəyik ki, Kamandarın ölümü də aşıq Əmrahın ölümü kimi zəmanəmizdə ən ağır itkidi. Onların ölümü ilə biz həm də müdrik xalq sənətinin ən zəngin xəzinəsini müqəddəs torpağa tapşırdıq. Heyf o qüdrətli sənətkarlardan, qəbirləri nurla dolsun. Amin!

Mənbə: Hüseynqulu Məmmədli (Məmmədov) – “Görüm Faxralının biri olsun beş…”

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur