Səməd Süleyman oğlu – Qasımıllı nəslindəndir. Çevik və güclü güləşçi olub.

1943-cü ildə respublika miqyaslı Samqori kanalının tikintisində faxralılar da iştirak edirdi. Onların sırasında Səməd Süleyman oğlu da vardı. Hər kənd öz adamlarının yeyəcək ətliyini də göndərmişdi. Faxralının heyvanlarını Səməd otarırdı.

Bir gün gürcülərin təşəbbüsü ilə güləş yarışı təşkil olunur. Tökməbədən bir gürcü meydana çıxanı yıxır. Kök Namazın oğlu Səməd də (kolxozun məsul işçisi kimi 0 da tikintiyə göndərilmişdi), Kəpənəkçidən Qasım kişi də bərk pərtdəşir. Çox çək-çevirdən sonra gürcünün meydanına Səməd Süleyman oğlunu çıxartmağı qərara alırlar…

Gözaltı meydanda gərdiş eləyən Səməd kəmər yerindən yuxarı soyunmuş gürcüyə baxır. O, başa düşür ki, gürcü üst paltarını qəsdən soyunub ki, rəqib ondan yapışanda əli boşa çıxsın, ilişəcək yeri olmasın. Səməd bildirir ki, gürcü paltarını dəyişməsə güləşməyəcək. Gürcü bir az nəm-nüm eləsə də çarəsiz qalıb paltarını geyinir….

“Güləşəngi” meydanı ləngərləndirir. Yüzlərlə adamın toplaşdığı meydan getdikdə daralır…

…Səmədin dizi yerə gələndə gürcülərin çığırtısı, uğultusu meydanı başına götürür. O, dizə çöksə də əlini gürcünün kəmərindən üzmür. Onu özünə dayaq eləyib birtəhər qalxır. Bir az çəkişəndən sonra o biri əli ilə rəqibinin boynundan yapışır. Hamı nəfəsini içinə çəkib baxır. Səməd özünü toplayıb gürcünün ayağını yerdən Səməd Süleyman oğlu qalib gəlir…

Gürcülərin suru düşür…

***

1947-ci iliydi. Borçalıda yenə toyların qızğın çağıydı. Saraclıda toy vardı. Usub ağa Binə dərəsində olan dostu Səməd Süleyman oğlunu da toya çağırtdırmışdı. Qara zurnanın haray-haşiri Çobanoğlunun 20-25 addım uzunluğu olan damını titrədirdi bir tərəfdə uzunsaçlılar, bir tərəfdə ağsaqqal-qarasaqqal, cəhəl cümrü.

Oynaynlar yorulub meydandan çıxan kimi meydançı “Güləşəngi“ çaldırır. Səməd də dostu Usub ağa ilə meydanda süpürləşən yeniyetmələri izləyirmiş. Arığanaq uşağın cəldliyi Səmədi Valeh eləyir.

Bu ara Usub ağanın qardaşı təntimiş halda onlara yaxınlaşır. Onun Usub ağaya pıçıltıyla dediklərini Səməd aydınca eşidir. Gülümsünüb deyir:

Narahat olma, qardaş. Mənnən güləşdirməyə gətirdikləri adamı qol-bud eləyib atım, sən də tamaşa elə…

Faxralının çobanlarından Gön Alı, Ayvaz Öyünün Sarı, Oruc kişi də toya gəliblərmiş. Üçünün də nəzərləri Səmədə dikilir. Səməd ağır addımlarla meydana çıxır. Əvvəl-əvvəl sambaşırlar – əl tutub döşdəşirlər. Səməd rəqibinin belindən yapışıb ayağını yerdən üzür və damın ortasındakı nataraz dirəyə tərəf atır. Rəqibi sanki dirəyə dolanır. Səməd onun ayaqlarından yapışıb qaldırır…

O gecə faxralıların kefı “ala buluddan” nəm çəkir…

Mənbə : Rəşid Faxralı –  “Oğuz eli Faxralı”

 

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur