Qonşu kəndlərin, Sarvanın ağaları Təhməzqulu ağanın qonağıydı. Kimsə təklif eləyir ki, gəlin nişana güllə ataq, görək hansı kəndin atıcısı daha mahirdi. Faxralıda qonağın sözünün üstə söz olmayıb – razılaşırlar. Böyük yola nişan qoyurlar. Heç kim nişanı vura bilmir. Təhməzqulu ağa bunu Faxralının adına töhmət bilir. Çox düşünüb -daşınır. Axırda düşməninin qapısına adam göndərməyi qərara alır: “Musa (Zurab oğlu Mustafanın oğlu) çox sərrast atıcıdı, həm də qeyrətli oğlandı, el təəssübü çəkən adamdı. Yəqin ki, gələr”.

…Musa bir anlığına duruxur. Sonra, “Qan düşmənim məni qapısına çağırır. Bəlkə al dilinnən çağırtdırır, ayrı niyyəti var? Elə niyyəti olsa da gedəcəyəm, getməsəm deyəcəklər ki, Musa qorxdu. Ayrı fıkrə düşsələr qanıma qan almağa macal taparam” – düşünərək yarağını götürür…

Təhməzqulu ağa Musanı görəndə ürəyi yerinə düşür: “Düşmənin qıryatdısına can qurban!”

– A Musa, ay oğul! – deyir. Xoş gəlibsən. Ağalar nişana güllə atırlar. Heç kim vura bilməyib. Bir sən də özünü sına.

Musa ağır addımlarla atış yerinə yaxınlaşır. Silahını qaldırıb nişan alır, tətiyi çəkir. Güllə hədəfə dəyir. Hamı ona afərin deyir.

Təhməzqulu ağa qurrədən yerə-göyə sığmır:

– Çox sağ ol, oğul! El-obadan əskik olma! – deyir və Musanı köksünə sıxır…

Mənbə: Rəşid Faxralı –  “Oğuz eli Faxralı”

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur