Təhməzqulu ağa ilə Aşır oğlu Bayramalı (el arasında ona Üçqulaq da deyərdilər) Şulaverə gedirlərmiş. Kərimin qəbrinin yanına çatanda qarşılarından iki adam gəlir. “Cındırlarından cin hürkən“ bu iki nəfər onları görəndə ayaq saxlayır. Salamlaşırlar. Yol adamları onlardan Faxralının yerini soruşur. Təhməzqulu ağa da, Bayramalı kişi də maraqla yoluçuları süzür:
– Xeyirdimıi, qardaş?
Təhməzqulu ağanı görmək istəyirik. Dustaqlıqdan qaçmışıq. Arvad-uşağın yanına bu görkəmdə getməyə xəcalət çəkirik. Faxralının səxavəti haqqında çox eşitmişik. Dedik bəlkə Təhməzqulu ağa əyin-başımızı abıra sala. Onun adına gəlmişik.
Təhməzqulu ağa əlini cibinə salıb bıçağını çıxardır, onu tanımadığı yol adamlarına verib deyir:
– Kəndə gedin, Təhməzqulunun evini sizə göstərərlər. Bu bıçağı da onun əyalına verin, tanıyıb sizi qəbul eləyərlər. Təhməzqulu indi kənddə yoxdu, harda olsa axşam üstünə kimi qayıdıb gələr, o gələnə kimi gözləyin.
Təhməzqulu ağa Şulaverdən öz evinə göndərdiyi yol adamlarına “təpə-davan” bir qat paltar alıb gətirir, özlərinə də xeyli cib xərcliyi verib yola salır…
Mənbə: Rəşid Faxralı – “Oğuz eli Faxralı”