Amaşlı nəslindəndir. Qeyrətdi, igid, el-oba yelinə uçan bir adam olub. “El təəssübü çəkməyənə kişi demək günahdı” – onun sözləridi. Bu amalla yaşayıb…

Arançıları dağa, dağçıları arana aparan yollar yolçusuz olmur. Yol üstündəki bulaqların eyni açılır, güllər-çiçəklər adamın üzünə gülür, çəmənlər ayağına döşənir, ağacların kölgəliyi genişlənir. İllah da ki, yazda, yayda.

Peşqurd vaxtıydı. Təhməzqulu ağa ilə Zuravoğlu Mustafa Qaraxaçdan qayıdırdı. Dağdan Səfərliyə kimi at sürmüşdülər. Atlarını yançidar eləyib sərin sulu bir bulağın üstündə kölgəliyə çəkilib dincəlirdilər.

Həmin gün Çöllü öyünün Omar Cücə kəndinə, Soyuqbulağa bir araba qarpız aparırdı ki, kartofla dəyişsin, ordan da yaylağa çıxıb oğul-uşağına baş çəksin. Ellərin yaylağa gedənləri onu tək görüb keflərini durultmaq üçün arabasını aşırırlar, diyirlənən qarpızları nişangah eyləyib güllə at1rlar. Zavallı kişi neyləyə bilərdi ki, gözünü qan örtmüş beşaltı yaraqlı, o isə tək, yaraqsız. Omar heç nə deyə bilmir. Çiynini verib, zülümnən də olsa arabasını dikəldir, xata gəzən bu qudurğanların yanından bir qədər uzaqlaşır. “Dağa əliboş çıxammaram. Geri qayıtmağa da vaxtım yoxdu. Görüm buralarda bazar-zad varmı, beş-altı qarpız alım”, – düşünür.

Omar bazar axtara-axtara gəlib çıxır Təhməzqulu ağa ilə Zurab oğlu Mustafanın dincəldikləri yerə. Faxralının adlı-sanlı bu iki kişisini görəndə kövrəlir, Omarın haldan-hala düşməsi Təhməzqulu ağanın diqqətindən yayınmır:

– Nə olub, ay Omar? Dəryada gəmilərinmi qərq olub?

Çöllü oğlu Omar çəkinə-çəkinə də olsa başına gələni danışır. Qan vurur Zurab oğlunun beyninə:

– Necə yəni haravıyı çöyürdülər, bir harava qarpız bada getdi? Bu sənə yox, Faxralıya sataşmaqdı. Bu saat onları qabağıma qatıb sənin ayağına gətirməsəm adımı dəyişərəm!”

Təhməzqulu kişi dillənənə kimi Zurab oğlu yerindən sıçrayır.

Züravoğlu Mustafa yalın xəncərlə Omarın arabasını aşıranların üstünü alır:  – Əl-ayaq tərpətmiyin, köpəyuşağı! Düşün qabağıma! Gedək Omara yalvarın, əl-ayağına düşün, bəlkə qanınızı bağışdadı…

…Əli xuruşdular öz pulları ilə bir araba qarpız alıb Çöllü oğlu Omarı dağa yola salırlar…

***

Zuravoğlu Mustafanın güzarı Sarvana draxtında çörək yemək istəyir. Draxtında yemək götürüb iştaha ilə aclığnı yatırdır, çay içir. Bir qədər aralıdakı stolların birinin arxasında oturan ağalar onu tanıyıb xısınlaşır. Bu igid, qeyrətli kişinin Təhməzqulu ağa ilə düşmən olduğunu onlar da bilirmiş qəlblərinə şeytan girdiyindən bu iki eloğlunun aralarındakı ixtilafı dərinləşdirmək fikrinə düşürlər. Özünə güvənən ağalardan biri şəstlə Mustafaya yaxınlaşır:

– Qardaş, haralısan?

Mustafa başını qaldırmadan: – Faxralıdanam, – deyir.

– Təhməzqulunu tanıyırsanmı?

– Tanıyıram, niyə tanımıram!

Tanımadığı adam yeknəfəsə dillənir: – Təhməzqulu yaxşı adam deyil!

Zuravoğlunun yerindən qalması ilə ağanın yerə sərilməsi bir olur. Mustafa əlini xəncərinə aparır. O biri ağalar araya girəndə qəzəblə bağırır:

– Geri çəkilin, oğraşdar! Bu qoduq qudurub, nədi? Noolsun Təhməzqulu ağa mənim düşmənimdi. Faxralıdandı o! Faxralıya köntöy söz deyənin başı bədənindən üzülməlidi!.

Burnunun qanını silə-silə ayağa qalxan ağa Zurab oğlunun əl-ayağına düşür, bağışlanmasını xahiş edir…

Mənbə: Rəşid Faxralının “Oğuz eli Faxralı” kitabı

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur