Faxralının keçmişi haqqında çox-çox illər bundan əvvəl ata babam Qara Rusdamdan eşitmişəm. Təhməzqulu kişi ilə babamın arasında dərin salağatdığ olub. O rəhmətdiklər elə çığır açıblar ki, onu dünyəsində ot basa bilmiyəcək.
Ustadım Aşıq Hüseyn Saraçlı deyərdi ki, hər ağacdan hajat sapı olmaz. Ağacın sərti, köyrəyi var. El-oba da bir-birindən ciddiliyi, qətiyyəti, mağmınlığı, igidliyi ilə fərqlənir. Faxralı qırılmayan, əyilməyən, zatı möhkəm olan palıd ağacı misalıdı. Elə palıd ağacı ki, kölgəsinə neçə-neçə el sığınar.
Faxralının keçmişi iyid olub, əyilməz olub, canından qorxmayıb, yeri gələndə qolunu qılıncın qabağına da verib qolundan çif, kəndin adına kölgə düşməsinə razı olmayıb. Bilənlər bilir ki Faxralı camaatı igiddi, qəhrəmandı, çörəkli xalqdı, hər şeyin yerini bilən xalqdı. Təntiyib bu kənddən kimin üstünə getsən qulluğunda duracaq, itiyin varsa tapacaq, arxan-dayağın olacaq, lazım gəlsə səninlə bərabər gecəsi-gündüzü bəlli olmayan bir yolun yolçusu olacaq, hara getdiyini də, onu nə gözlədiyini də soruşası deyil.
Onlarda qeyrət var, etibar, inam var. Bu kəndin camaatı verdiyi sözü geri götürən deyil. Faxralıların qonaqpərvərliyi də ki adnandı. Babam deyərdi ki, daşı, salaveyi bar ağacına atarlar , söyüd ağacına yox. El-oba dediyin də bar ağacıdı, onun da adına söz deyən, izinə addıyan ola bilər. Ona görə də hər kəndin igidi, qeyrətlisi, oğrusu, başkəsəni, sözəgəzinməzi… olmalıdı. Allahın birliyinə min şükür ki, Faxralı igid, qeyrət, sözəgəzinməz, güləşən… adam sarıdan da kasad olmayıb. Bu kəndin adına “hənə” söz deyən ikiqat “hünə” cavab alıb.
Faxralının him daşı qoyulandan bu yana şeir yazanı ki, şairdi, yazmıyanı da sözün qədrini çox yaxşı bilir. Allah İveylərin Allaferdiyə, Sarvan Bayrama, Aşıq Hasana, Aşıq Oruca, Dəllək Dünnüyə, bütün türk dünyasında tanınan Şair Nəbiyə min rəhmət eləsin. Faxralı camaatı onların sənətlərinin səvəvinə saza-sözə belə möhkəm bələd olub. Bu kəndin məclislərində hər aşıq baş çıxarda bilməyib. Aşıq dodağını büzüb mızıldıyan kimi faxralılar onun yükünə bələd olub. Havaları, havacatları dənəbir-dənəbir bilənlər arasında bircə xalı, bircə gülü də naşıcasına vurdunsa, batdın. Ondan sonra səni bu kənddə məclis aparmağa heç kim çağırmaz.
Aşıq Şenlik kimi adıbəlli ozanın da ilk dəfə Faxralıya gəlməsi təsadüfi deyil. O, bu kəndin qeyrətinə, qonaqpərvərliyinə bələd olmasıydı, vallah, dağlar aşıb, yollar yorub bu ağır elə gəlməzdi.
Mən Faxralını ustadım Aşıq Söyün Saraçlının kölyöyündə daha yaxından tanıdım. Biz Faxralının məclislərinə gedəndə ustadım deyərdi ki, oğul, ehtiyatdı ol, bu kəndin camaatı sözün ləl-cövhərini, incisini yaxşı bilir. O, etiraf edirdi ki, bu azman kəndin nəinki şairindən, aşığından, hələ desən. ayrı-ayrı adamlarından da bəhrələnmişəm, çox şey öyrənmişəm.
Mənim bu ağır eldə ilk dəfə təkcə apardığım məclisi də unuda bilmirəm. O məclis könlümə, taleyimə yazılıb. Binnət müəllimin kiçik qızının toyuydu. Neçə para kəndin addı-sanlı kişiləri gəlmişdi məclisə. Bu toy əsl saz-söz gecəsi oldu. Allaha da ayandı ki, həmin gecə saz-söz hamını ovsunlamışdı. Məclisin sonuna yaxın “Mansırı” üstündə Aşıq Şenliyə zəhər veriləndə dediyi qoşmanı oxudum.
Hər gələn hərcayı məni oxladı,
Oz qara baxdımı gəzdiyim yerdə.
Qəvvaz tək düşmüşdüm Nil dəryasına,
Məni səmək uddu üzdüyüm yerdə.Eu daşı mənə bir nazdı tulladı,
Omrün körpüsünü qazdı, tulladı.
Dərdimi dəftərə yazdı, tulladı,
Qələm qana düşdü yazdığım yerdə.Mən Şenliyəm, öz-özümə puç oldum,
Qanadlandım, pərvazlanan quş oldum.
Namərd bir ovçuya yaman tuş oldum,
Sona kəklik təki gəzdiyim yerdə.
Hacı məllim (Hacı Həsənov) əlini civinə salıf bir göy əllilik verdi (toy 1981-ci ildə olub). İş pulda deyil, qədir- qiymətdədi. Sözümün canı odu ki,Faxralıda saza-sözə verilən qiyməti çox eldə görməmişəm.
“Azərbaycanfılm” 31 seriyalı “Koroğlu” filmi çəkir. Borçalıda qədim kəndlər çoxdu. Rejissor da, filmin direktoru da bu filmin bəzi kadrlarının məhz Faxralıda çəkilməsini məsləhət gördü. Faxralı kimi ağır bir el bu yükün ağırlığını böyük razılıqla çəkdi. 2001-ci ilin dekabr ayında beş gün, beş gecə qulluğumuzda durdular. Əsasən də Şeşəpapaqların Yasının oğlu Vaqif məllim. Səxavət kanıdı Faxralı!
Mənbə: Rəşid Faxralının “Oğuz eli Faxralı” kitabı