İlk dəfə haraya ayaq bassanız, ilk dəfə hansı məmləkətə yolunuz düşsə, hər şeydən əvvəl o yerin, o məmləkətin təbii şəraitinə, bitkilərinə, ağaclarına, yaşıllıqlarına nəzər salın. Və əgər bu şeylər könlünüzü, gözünüzü oxşadı, yəni, görsəniz ki, oranın təbiəti axar-baxarlıdır, bitkiləri, ağacları yam-yaşıldır, şuxdur, gurdur, demək oranın insanları da safdır, təbiidir, nurludur, gümrahdır, eşqlidir!…

Siz heç Faxralıda olmusunuzmu?

Siz heç Borçalı mahalının ən böyük obalarından olan Faxralının axar-baxarlı təbiətini, səf düzümlü, ağır salğarlı dağlarını, barlı-bəhərli, ceyranlı-cüyürlü meşələrini, nərgizli-bulaqlı meşə-binələrini gönnüsünüzmü?

Siz heç toylarda, el şənliklərində telli sazı çalıb bir-birinə ötürən, güllü qafiyəli, cığalı, rədifli qoşmaları süsləyib bir-birinə bağışlayan, dadlı-duzlu söhbətləri, baməzə əhvalatları irdələyib birbirinə tapşıran faxralılardan zövq almısınızmı?

Yox?

Eh, onda, demək, “Faxralı fenomenindən” heç xəbəriniz yoxdur…

Onda demək, Çıldırdan el basa-basa gəlib Faxralı meşələrində cüyür ovunda iştirak edən Aşıq Şenliyin “Ballı dərə”dən qalxıb, “Palıdlı”da ovçular payı olmuş ahudan Abbas kimi “tülək-tərlan”ı, Musa kimi “qızıl quş”u soruşmasından da xəbəriniz yoxdur? (bu məlumatlar Nəbi Ayvazovun “Əzablı yollarla” kitabına yazılmış ön sözdən götürülmüşdür)

Mənbə: Rəşid Faxralının “Oğuz eli Faxralı” kitabı

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur