Faxralıya uşaqlığımdan bağlıyam. Özümü biləndən bəri bu ağır elə mehr-ülfətim olub. Altı yaşım vardı. Dəyirmana ağnağız aparırdım. Gün qüruba meylləndiyindən tələsiyirdim. Uzunqulağımız arxayınlıqla üzü dəyirmana tərəf gedir, məni də arxasınca çəkib aparırdı. Yolda-izdə bir ins-cins görünmürdü. Səssizlikdən eymənirdim. Qəflətən qulağıma bir mahnı səsi gəldi; məndən 100-150 addım qabaqda gedən atlı qayğısızlıqla oxuyurdu:

Əbrişim libaslı, yasəmən telli, 
Çalxandı hər yana, toz oldu yollar.

Bu sözlər məni məndən aldı. Dəyirmana çatan kimi dəyirmançıdan bu qoşmanın müəllifıni soruşurdum: “Şair Nəbinindi, Faxralı şair Nəbinin”, – dedi. Saza-sözə, şairə, şeirə sevgimin mayası, başlanğıcı bəlkə də elə bu qoşma olub, deyə bilmərəm. Ancaq 0 vaxtdan bəri iki ad mənim ömrümə yazılıb: Faxralı və Şair Nəbi. Rəhmətlik Aşıq Hüseyn Saraclı gözü məni aldığı məclislərdə Şair Nəbinin bu qoşmasını da oxuyardı. Yoxsa ürəyim rahatlıq tapa bilməzdi; söz yanğımı həmişə bu qoşma söndürüb. Hər məclisdə duyğularım Şair Nəbinin söz dünyasının timsalında Faxralıya köklənib. Taleyimdən razıyam ki, ürəyimin duyğusu, hərarəti bu günəcən “Faxralı kökündən” düşməyib.

10-12 yaşım vardı. Nənəm Fələk qarı ilə Kiçik Şüləverdən qayıdırdıq. Qabağımızda da bir camışımız vardı. Qəflətən arxadan oyur-oyur oynayan bir kəhərin üstündə azman bir kişinin bizə sarı gəldiyini gördük. Qəlbimizə min bir qara-qura fikirlər gəldi; camışımızı əlimizdən alacağından ehtiyatlanırdıq. Atlı bizə çatanda atın yüyənini çəkdi. Salam verib, salam aldı.

“Qorxmayın, a bala,” – dedi. “Yol adamıyam, ötüb gedənəm. Narahat olmayın, sizə bu həndəvərlərdə heç kim bir söz deyə bilməz”. Sonralar öyrəndim ki, həmin atlı Faxralıdan Əmirxan Aşırov imiş. Faxralı haqqında təəssüratımı bu hadisə bir az da zənginləşdirdi. Qət elədim ki, faxralılar qeyrətlidirlər, təəssübkeşdirlər.

Binəyə tək düşməyə adət eləmişdim, ocağım həmişə tək alışardı. Əksər vaxtlarda Sulöymən bulağının üstə düşərdik. Dəyəmizin qənşərindən bir cığır keçirdi. Bu cığırla, əsasən, Faxralılar gedib-gələrdi. O yurda neçə il çubuq sancdım, bu cığırnan vaxtlı-vaxtsız gedib-gələn faxralılardan mərdimazarlıq görmədim. Bir daha əmin oldum ki, faxralılara dəyib-dolaşan olmasa onlardan yamanlıq görməz; bu ağır el həmişə dosta-dost olub, düşmənə düşmən! Faxralının salğarı yaxın-uzaq ellərə yaxşı bələddi. Bu elin şairdən şairi olub, aşıqdan-aşığı, igiddən igidi. Zaman-zaman, Şair Nəbi demişkən, “təşbehi İstanbul olan” bu kəndə küsənənlər çox olub. Elə indinin özündə də küsənirlər.

Özümü biləli Faxralıya möcüzə kimi baxmışam. Bu möcüzə ehtiramdır, inamdır, sevgidir. Əli Səngərli ilə dostluğum mənə çox şey aşıladı. Onun şair təxəyyülü ilə milli-xəlqi təəssübkeşliyində, vətəndaşlıq mövqeyi ilə erudisiyasının vəhdətində Faxralının mənəvi inikasını duymuşam, tanıdığım Faxralını yenidən, daha dərindən tanımışam.

Faxralılar dostluğa çox sadiqdir. Bayram Əli oğlu Əliyev (rayon partiya komitəsinin katibi), Sədrəddin Səməd oğlu Namazov (Faxralı Kənd Sovetinin sədri), Rəşid Məmişdan oğlu Hüseynov (“Qələbə bayrağı“ rayon qəzetinin redaktor müavini Azərbaycan şöbəsinin redaktoru), Həsən Nəcib oğlu Həsənov (“Könül” ansamblının yaradıcısı və bədii rəhbəri)… kimi dostlarıma görə taleyimdən çox razıyam. Sədrəddin müəllimin şəxsiyyəti, humanizmi məni valeh eləmişdi və bu ehtiram mənə poema mövzusu verdi. Bu poema Sədrəddin Namazovun timsalında mənim Faxralıya olan qədəmiz sevgimin təzahürü idi:

Faxralı elində, bulaq başında, 
Qonaqdım ömrümün cavan yaşında. 
Kəntxuda Sədrəddin sağ idi onda, 
Xan tək oxuyurdu sükuta qənim: 
“Faxralı tək ağır elim var mənim!”

Oxudu Sədrəddin, dinlədi dağlar, 
Sözü çin-çin edib çinlədi dağlar, 
Birdən dərdlilər tək inləciı daglar; 
Meşədə, o sərin bulağın ustə,
Mələşib cüyürlər gəldi bir dəstə… 

Aşıq Hüseyn Saraclı deyərdi ki, qazandığım ad-sana görə Şair Nəbiyə borcluyam, mənim söz xəzinəm o kişiyə məxsusdu. Şair Nəbi Borçalımızın çox nəhəng söz sərraflarından olub. Məni uşaqlığımdan özünə bağlayan bu söz “zərgərinə” sevgimin təsdiqidi “Şair Nəbi” poeması:

Ağır elli Borçalımız dünyada.
Səndən qeyri bir kimsəni baş bilməz. 
Hamı bilər Alaxançal Nəbinin,
Sözü ləldi, “kəsək” bilməz, “daş” bilməz.

Bülbül kimi gülə saldın mehrini, 
Yayıb getdin sazın-sözün sehrini. 
Gözəl var ki, oxuyanda şeirini
Yaxasmm düyməsini aç, bilməz.

Söz mülkündə mən də bir qurdlar başı, 
Səni duydum, artdı könül təlaşı. 
Borçalının sən-gözüsən, mən-qaşı,
Bir qaydadı, göz biləni qaş bilməz.

Su tək içdim “Qurvan ağa” şeirini, 
Sözdən aldım igidliyin ətrini. 
Bilməyənlər bir tikənin qədrini, 
Min tikənin qədirini heç bilməz.

A bəstəboy, qaradinməz boz kişi, 
Hüzurunda baş əyibdi yüz kişi. 
Səninkidi yaz havalı söz, kişi,
Bahar ömrün payız bilməz, qış bilməz.

İcazənlə gəlib keçdim izindən, 
Ovsunlandım, sehrləndim sözündən. 
Nizamilər leysan töksə gözündən, 
Arif olan inci bilər, yaş bilməz.

Mənbə: Rəşid Faxralının “Oğuz eli Faxralı” kitabı

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur