FAXRALININ TOYLARI (lirik anım)

Saza-sözə beşik olan bir eldə,
Saz ünvanlı ocaq eldə, pir eldə
Hər məclisdə köynəyindən çıxardı,
Havacatlar ürəklərə axardı.

Özü boyda od olardı tavar saz,
Duyğulara dad olardı tavar saz.
Görəndə ki, dinməyənlər məst olub,
Şadlanardı, şad olardı tavar saz.

…Meydan boyu ləngər yeriş ozanın,
Hər havası bir murazı yozanın
Barmaqları şah pərdədə gəzərdi.
Titrəyərdi çıraqların piltəsi,
Can əridən muraz üstə əsərdi.
Cavanların sevdasının laylası
Havacatlar “dərdə dərman gəzərdi”…

…Şah pərdədə çırpınanda söz qəmi,
Bir kimsəni yandırmazdı öz qəmi;
Göz-göz yanan köz olardı “Dilqəmi”,
Yanan közə “göz olardı” “Dilqəmi”.
Ərköyünlər yaxşı-yaman seçərdi,
“Dağ arana, aran dağa köçərdi”.
İntizardan dad çəkəndə cavanlar,
Qılınc olub gümanları biçərdi…

“Sarıtel”də tellənərdi könüllər,
Dil açardı, dillənərdi könüllər.
“Gözəlləmə” için-için yanardı,
Sevdalılar sevdasını anardı.
Qaynayardı, coşdanardı toy damı;
Cavanların əllərindən yapışıb,
Meydan boyu oynayardı toy damı…

Neçəsinin təngiyərdi nəfəsi,
Neçəsinin səngiyərdi həvəsi.
Toyçuları tərlədərdi çoxusu,
Əfəlləri pərt edərdi çoxusu.
Sıyrılanda meydançının çubuğu,
Söz-söhbəti pərdələrdi çoxusu…
Boz küləklər bozarardı, əsərdi,
Duyğusuzun ovqatını kəsərdi.
Həvəslənib oxuyardı qocalar,
Günü ilə toxuyardı qocalar…

Qarayaxa bir dəvətə dönərdi,
Qız-gəlini dəstələrdi havalar.
Söz daşından qoruduğu qızları,
Toy damında dost elərdi havalar.
Gözgörəki bir gecənin içində,
“Şirin cana qəsd elərdi” havalar.
“Yurd yeri“nə boylanardı “Yurd yeri”,
Dərdə dərman bəstələrdi havalar.
Hikkəsindən “qılıncından qan daman”
dərdi-qəmi üstələrdi havalar…

Simlər üstə gəzişdikcə təzənə,
Xırd elərdi, köhnə nədi, təzə nə?!
“Ruhani“yə qul olardı neçəsi,
Dil-dil ötən dil olardı neçəsi.
O zamandan bu zamana yol gələn
“Kərəmi”də kül olardı neçəsi…

Bir murazın istisinə gələnlər,
Pərdə-pərdə yanan kəsə yanardı.
“Yananlarm” yanğısını duyunca
Saz od tutub birnəfəsə yanardı.
Olanları, keçənləri unudub
“Divani”dən “Müxəmməs”ə yanardı…

…Saz məclisi sübhə kimi çəkərdi,
Ürəkləri pərdə-pərdə çəkərdi.
Dikələrdi Gözəldağı, Yastana,
Ozan dədə başlayanda dastana…

…Ürəklərdə döyünərdi havalar,
Gül-gül olub açılardı gülləri.
Xallarıyla öyünərdi havalar,
Ömürlərə ad elərdi illəri.

Qırışığı açılardı məclisin,
Dağılardı qocaların yuxusu.
Əsnək əsnək gətirsə də yuxunu,
Kirpiyində dondurardı çoxusu.

…Bəy atası bığlarını eşəndə,
Bir insafa əl açardı “Qaraçı”.
Bu gecədən açılası sabaha,
Pərdə-pərdə yol açardı “Qaraçı”.

Tamahlıdı, ruzimizi binadan,
Dədə malı kimi satan dünyadı
Dirimizin sinəsinə dağ çəkib,    
Ölümüzə ayna tutan dünyadı.  (Mərhumun öldüyünü yəqinləşdirmək üçün ağzına güzgü, ayna tutardılar)

Kim yetirib, kim çatdırıb ərsəyə,
Azançıdı hər gədəyə, hər səyə.
Dar ayaqda arxa durmaz kimsəyə,
Məhşər günü ocaq çatan dünyadı.

Yaranışdan şırvanandı qılınca,
Cam çıxar bir namazı qılınca.
Faxralını at üstündə görüncə,
Dərdə düşüb, qəmə batan dünyadı!..

***

Gündə bir toy başlayardı Faxralıda,
Qara zurna dan yerini oyadardı.
Uşaqları çəpər-çəpər gəzdirərdi,
Cavanları yol uzunu oynadardı.
“Qaradonlu” həvəsinə gələnlərin
acığına “Cıdır-həngi” qaynadardı…

At tərlədib yol yorardı cıdırçılar,
Kim deyir ki, yorulardı cıdırçılar.
Acığını mənzil-mənzil əritsə də
Nəmər alcaq “durulardı” cıdırçılar…

Gözəl dağı ağır-ağır dikələrdi,
Dımbıl təpə ney səsinə boylanardı.
Bir mağarın işığına uyub gələn
Kor duyğular uyğusundan oyanardı.

Nişanlı qız oynayardı, daldada
kövrələrdi aşıb-daşan gözəllər.
Təzə eşqin havasından təntiyib
Xısın-xısm pıçıldaşan gözəllər.

Toybabası bığlarını eşərdi,
Cəhəl-cümrü atdanardı, düşərdi.
– A zurnaçı, “Yallı” yaman ləngidi,
Gözləməkdən savırımız təngidi.

…”Yallı” gedən cavanların yaylığı,
Meydan boyu göyərçinə dönərdi.
Həvəslilər atılardı meydana,
Hər birisi bir laçına dönərdi.

Toy babası “səd çəkərdi” meydana,
Dan üzünə boylanardı qonaqlar.
Ələdüşməz bu mağarda könüllü
yüz ovqata boyanardı qonaqlar..

…Kimlərisə qınayardı toy damı,
Korun-korun “qaynayardl” toy damı.
Dürlü-dürlü baxışların içində,
Sevdalılar arayardı toy damı.
Cığallara, şuluqlara göz qoyub
Qalmağalı darayardı toy damı…

Şax dalınca qardaşlığın evinə
Gedənlərə qarışardı uşaqlar.
Bu məhlədən o məhləyə yol boyu
Lopa olub alışardı uşaqlar…

Təzə bəyi oğurlamaq həvəsi,
Neçəsinin ürəyini üzərdi.
Qardaşlığın qonaqlığı hamını,
Bir məclisin dövrəsinə düzərdi…

…Şax gəldimi, meydan yenə coşardı,
Oyun-oyun əriyərdi toy damı.
Təzə bəyin qollarından yapışıb
Uçunardı, səyriyərdi toy damı…

…Ay işığı vumuxardı, gecənın
son ümidi əsə-əsə keçərdi.
Ha ətəklə, yel tərsinə əsəndə
Ocaq közə küsənməsə keçərdi.
Mürgü vuran qocaları görüncə
Ozan dədə “Müxəmməs”ə keçərdi:

Sevincinə yığışmışıq,
Qonum-qonşu – biz, 
təzə bəy!
Zili-zildi, bəmi-bəmdi,

Coşa gəlib saz, təzə bəy!
Daha çıraq əvəzinə

Alışdıraq söz, təzə bəy!
Üzərrik yandıraq, axı

dəyər sənə göz, təzə bəy!

Bu meydanın işığında,
Neçə incəbel oynayır.
Göylər sevincdən ağlayır,
Dərələrdə sel, oynayır.
Adın dillərdə əzbərdi,
Qonaq-qara, el oynayır.
Neçə yerdən evinizə
Düşüb təzə iz, təzə bəy!

Bizə əyri baxanların,
Baxışından bac alarsan!
Faxralının inamına
Hünərinlə tac olarsan!

El-obanın dayağı tək
Piran olub ucalarsan!
Xoş günləri muncuq kimi,
İllərinə düz, təzə bəy!

Mənbə: Rəşid Faxralı,“Faxralı tək ağır elim var mənim” 

 

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur