Oyunlar

a) Sözlü oyunlar

Dən-dən, dən-altı,
Dəniz-dəki qaral-tı.
İnan-mırsan gəl sayaq,
Onal-tıdı, onal-tı.

***

Bəli, beli, bətir keçi,
Qoz ağacı, qotur keçı.
“Haldırın” – dedi,
“Huldurun” – dedi.
“Dağı dağ üstə qaldırın” – dedi.
Happan, huppan.
Dağdan hoppan.
Yığrıl, yırtıl,
Su iç, qurtul!

***

– Molla Əhmədin nəyi var?
– Qulpu qırıq sənəyi var,
Südü qurumuş inəyi var,
Piltəsi çürük çırağı var,
Tiyəsi qırıx yarağı var,
Dişi tökülmüş darağı var.
Biçənəyi var, düzü var,
Düzlərində quzu var…
Bunlarda gözüm yoxdu,
Al yanaqlı qızı var…

***

Bir-iki – bizimki.
Üç-dörd – qapını ört.
Beş·altı – Daşaltı.
Yeddi-səkkiz – Firəngiz,
Doqquz-on – qırmızı don.

***

Dümbərə!
İkisidi!
Üçdə ağır vurallar!
Dörddə qulunc qırallar!
Beşdə sappa!
Altıda zoppa!
Yeddidə yemiş!
Səkkizdə siviş!
Doqquzda qovuş!
Onda getdim bir öyə qonax,
Bişirdilər umanc aşı,
İçindən çıxdı siçan başı!
Onu da verdim özünə,
On barmağım gözünə!
A hayla, hayla, hayla,
Al papağını məni qoyla!..

***

Bajadan baxdım: Çərələgöz,
Biri kəhər, biri boz.
Mindim bozun boynuna.
Düşdüm Urum yoluna.
Urum yolu diz əzər,
Ustündə meymun gəzər.
Meymunu yerə vurdurm,
Yer mənə yemlik verdi.
Yemliyi tata verdim.
Tat mənə darı verdi.
Darıyı quşa verdim.
Quş mənə qanad verdi.
Qanadlandın uçmağa,
Haqq qapısın açmağa!..

***

b) Adi oyunlar

“Çilik-ağac” oyunu

Oyunçular hər tərəfdə üç və daha çox oyunçu olmaqla iki yerə bölünür: komandaların başçıları dayanır, oyunçular özlərinə şərti adlar verməklə iki- iki onlara yaxınlaşır. Kapitan hansı adı çəksə, həmin oyunçu onun tərəfində dayanır. Oyunda üstünlük aşağıda qalanlarda olur. Oyunçu üç çilik atmalıdı, buna toxma deyilir. Çilikləri atdıqdan sonra ağacı mərəyə (çiliklərin atıldığı yer) qoyurlar. Yuxarıdakılar ağacı çiliklə vurmağa cəhd göstərir. Çilik ağaca dəyərsə, oyunçu “ölmüş” hesab edilir. Üç çilikdən heç biri dəyməsə oyunçu yanqı-ya çıxır. Toxma atan oyunçunun çiliyi “kəsilərsə”, o, hər kəsilən çilik üçün iki çilik də atmalıdır. Hamı yanqıya çıxdıqdan sonra işlətmə (yozumu: yorma, əldən salma) başlayır.

Yanqıda çiliyi kəsilən oyunçu da “ölmüş” hesab olunur. “Ölmüş” oyunçuları “diriltmək” hüququ ancaq yanqıya çıxanlara verilir. O, kimi diriltmək istəyirsə, onun adını çəkir: “Filankesin qolları!” Yuxarıdakılar çalişırlar ki, yanqı üçün atılan çiliklər mərəyə yaxın düşsün; mərəilə çilik arasındakı məsafə ağacla ölçülür. Toxmadan yanqıya çıxmaq üçün beş, yanqıda “öləni” diriltmək üçün yeddi “ağac” lazım gəlir. İstər toxmada, istərsə yanqıda kəsilən çilik mərəni keçərsə (buna “Mərə keçdi” deyilir) komandalar yerini dəyişir. Oyun qeyri-müəyyən müddətə davam edir.

“Apartma” oyunu

Çilik-ağac üslubunda iki nəfərlə oynanılan çöl oyunlarındandır. Oynayanlar müəyyən məsafədə qarşı-qarşıya dayanır. Birincinin ağacla atdığı çiliyi ikinci oyunçu ağacla vurub onun özünə tərəf atır. Oyun bu qayda ilə qeyri-müəyyən müddətə davam etdirilir. Oyuna başlanılan yerdən daha çox uzaqlaşan oyunçu uduzmuş hesab olunur.

“Mərə qazma” oyunu

Uç və daha artıq oyunçu ilə oynanılır. Oyunçular daırəvi şəkildə, bir-birindən eyni məsafədə yer nişanlayır. Bu yer onların mərə-si adlanır. Oyuna başlayan oyunçu çiliyi qonşu oyunçuya atır. Bu oyunçu çiliyi ağacla vurur. Birinci oyunçu çiliyi tapıb gətirincə digərləri onun mərəsini qazır. Çiliyi tapan gələnə kimi hər biri qaçıb öz mərəsinin yanında dayanır, gecikərsə – çilik onun mərəsinin sərhədlərinə (mərəni əhatələyən dairəvi cızığın içinə) düşərsə çiliyi həmin oyunçu atmalıdır. Oyunçu ona tərəf atılan çiliyi vura bilməyəndə çiliyi özü atmalıdır. Oyunçulardan birinin mərəsi ayaqlar sığınca qazılıbsa, oyun başa çatmış hesab edilir. Onun ayaqları çuxura salınır, torpaqla doldurulur. O, çuxurdan çıxana kimi digərləri onu papaqları ilə “döyür”.

“Müştük atma” oyunu

Bu oyun vaxt öldürmək üçün oynanılsa da, adətən, mal-qaranı örüşə ötürüb geri qayıdanda oynanılır. Müştük atma oyunu üçün nisbətən uzun, nazik ağac seçilir ki, atanda uzağa düşsün. Oyunçu ağacını çiyni bərabərinə qaldırıb gücü çatdığı qədər uzağa atır. Hamı atdıqdan sonra ağacı ən geridə qalan oyunçu şapqasını (papağını) yerə qoyur, o birilər onun şapqasına (papağına) bir ağac vurur. Oyun qeyri-müəyyən müddətə davam edir. Yaylaq mövsümü başa çatınca neçə uşağın, cavanın şapqası, yaxud papağı didik-didik olur…

“Dirədöymə” oyunu

Oyunun adı r-z səsdəyişməsi ucbatından təhrif olunub. Oyun, əslində, dizədöyümə adlanmalıdır. Oyunçular iki yerə bölünür. Geniş radiuslu dariə çəkilir. Dairənin içində qalan oyunçular ayaqları altına kəmər qoyurlar, biri sərbəst qalır. Buna çapar deyirlər. O, dairədən çıxmadan dairədən kənardakı oyunçuları ayağı ilə vura bilərsə komandalar yerini dəyişir. Dairədən kənardakı oyunçular çırpma ilə kəmərləri almağa çalışır. Bu məqsədlə kəməri mühafizə edənlərə ling də vurulur (qaçaraq kəmər yerindən aşağı vurulan təpik). Kəmərlərdən istifadə edib daxildəkiləri tarpaşdayırlar. Dirədöyümə cəsurların, çeviklərin oyunudur. Hər cavan bu oyunu oynamağa ürək eləmir…

 

Bayatılar

…yurda sarı,
Ömrümü yurda sarı.
Ürəyim dərdli-dərdli,
Boylanır yurda sarı.

…qala dərdi,
Sinəmdə qala dərdi.
Can verərəm, qoymaram
bu dərdnən qala dərdi.

…qar adamda,
Qar gəzər qar adam da.
Əlvan saray gəzərdim,
Çürüdüm qara damda.

…sinə dağlar,
Daş düşə, sinə dağlar.
Oğlu ölən ananın
naləsi sinə dağlar.

…qarası nə,
Ağı nə, qarası nə.
Taleyim çöllər gəzər,
Yol aldım qarasına.
Yetimin yekə dərdi,
Yüklənib lökə dərdi.
Bacım yox “Qardaş!” deyə
Anam yox çəkə dərdi.

…ağrı mənə,
Yol vermir Ağrı mən?.
Ağrı məndən süd əmıb,
Neyləyər ağrı mənə?!

…gözdə nəm,
Görünməsin gözdə nəm.
İtiyimi tapmasam,
Koram, iki gözdənəm.

…qar altıdı.
Qar yağıb, qar-altıda.
Görən deyir: Adamdı,
Demir ki, qaraltıdı.

…qəlbi dağa,
Dağ çəkdin qəlbi dağa.
Bir hayançı tapmadım,
Uz tutdum qəlbi dağa.

…lələ dağlar,
Sinəsi lalə dağlar.
Mən yetim bir quzuyam.
Dalımca mələ, dağlar!

…quru daşı,
Yeməyə qurud aşı.
Yurd qəbri, yurd azan,
Göyərdər quru daşı.

Əzizim, ay azaldı.
Gün keçdi, Ay azaldı.
Gedən ömürdən gedir.
Əbləh der: Ay azaldı.

Maral qaçdı qalından,
Ovçu düşdü dalından.
Mərdi namərdlər qovur,
Fələk vursun qolundan.

Saçlarımda əl gəzdir,
Qələndərəm, el gəzdir.
Dərdimi yellərə ver,
Sinəm üstə vəl gəzdir.

Fələk öy tikəndimi,
Savırm tükəndimi?
Qoy saçına toxunsun,
Əllərim tikəndimi?

 

Deyimlər

Süddü qoyun sürüsündən ayrılmaz.
Deyən qadir deyil, dedizdirən qadirdir.
Bilsəydim babam öləcək, qulaq dolusu darıya verərdım.
Toy-toy olub, soy da soy.
Divanın sabaha qalanı yaxşıdı.
Yetim böyüyür, Əzrayılın paxıllığı özunə qalır.
Tamarzıdan al, dadamala ver.
Arvadın əri kişidi, kişinin əri – borc.
Xaçoyun xançalı var.
Yağ yağnan qovuşar, yarma da yavan qalar.
Qurdalıyıb qurdunu çıxartma.
Həm dayım öyünə, hər daylağım öyrənə.
Tasa verə-verə misin haqqı çıxır.
Qumaşımın halına bələdəm.
Acından dəyirman işlədir, qırtdığından şaad almır.
Kələşdinin atı kimi geri gedir.
Dilin zəkatı xeyir söyləməkdi.
Kefi (m) ala buluddan nəm çəkər.
Unamaz yanınnan köç aiddatma!
Urvan mənnən olmasa, kündən küt gedər.
Qazaxlının ağzı açıldı.
Bismillah eləməmiş Əlhəmdirüllah elədi(m).
Çörəyimin yarğanın qaşında nə işi varıydı ki, o da dığırlanıb dərənin dibinə düşdü.
Ev süpürəndə kiçik qız olur, ərə gedəndə böyük qız.
Qonşu əppəyi qonşuya borcdu.
Hamı da heç, Dıdı Məmməd.
Canavardan soruşurlar: – İşin necədi? Cavab verir: – Mənimki elnəndi.
Qaçağa nə yümək, nə yemək.
Özgə özgənin ölüsünü toynan düdüknən ağlayar.
Ev yiyəsinın işinə qarışan qonaq urvatını itirər.
İlanlar yerisin balaları da dalıycan.
Yeriyənin dalından yumaq asar [san]
Tatın nəyi var, kürdə nə verə.
Şah yanında şadlıq olmaz.
Ev buzovundan dana olmurmu?
Dinmə, dilini kəsərlər.
Qonağa “get” deməzlər, altından palazı (stolu) çəkərlər.
Qırx qazanın çalasısıdı.
Gələnə çəpik, gedənə təpik.
Bildiyini babasına vermir.
Kök demə, köküm ağrıyar.
Edən bular.
Tanrısına təpik atır.
İşi işgilə düşüb.
Bugünkü bağır-öfgə sabahkı quyruqdan yaxşıdı.
Qorxa-qorxa cənnətə getməkdənsə, qorxmuya-qorxmuya cəhənnəmə getmək yaxşıdı.
Dişinin dibində şirə qalıb.
Alma kimi malım olsun, satılmaz qax elərəm.
Dədənlə dədəmi deyincə, özünlə özümü de.
Siçan eşələdi, pişik çıxartdı.
Dağ iti gəlib bağ itini qovur.
İşləmək yaxşı şey olsaydı, Qasımıllının Rəhim də işləyərdi.
Beşiyin o üzü qürbətdi.
Ağzını Allah yoluna qoyub.
Axşam axıra, sabah naxıra.
Dartınan it tez boğular.
İti tayı ilə boğuşdurallar.

Əlisi – dəli,
Vəlisi – dəli.
Qırılmışın,
Hamısı dəli.

Əti yeyilmir,
Gönü geyilmir.
İnsan insana,
Yağı kəsilib.

Sabah saz ilə,
Axşam naz ilə.

….ara damı,
Damları aradamı?
Özün seç, özün bəyən,
Ev yıxar ada adamı.

Ağ ərik,
Göy ərik,
Dərərik,
Görərik!

Unu yox, urvası yox,
Peçinin durbası yox,
A Qəlyanlı Bayramalı!

Tat məni döydü, Əlcəfər,
Patavana döyöm, Əlcəfər!

…xal-xala,
Yaraşıqdı xal-xala.
İtinə ət yedirt ki,
Qurd gəlməsin xalxala.

Gec elər,
Güc elər.

Cibində yox urvalıx,
Könlündən keçir darğalıx.

…xal-xala,
Şırğa verir xal-xala,
Nə zülümnən qız secdim,
Qoyarammı xalq ala?!

Dağlarda bitər kəkotu,
Ağzıyın ipin çək otu!

…usdadı,
Bilmişdikdə ustadı,
At görəndə axsadı,
Su görəndə usdadı.

Qırmızı papaq qırmızı,
Ölərəm, a dəllək qızı.

Atı sürəjəm daşlığa,
Nəhlət belə qardaşlığa.

Əvvəl Allah əmri ilə,
Qanmasa yan dəmiri ilə.

Qılıx nəyin qılığıdı,
Pendir-əppəyin qılığıdı.

Sarmaşıx aşdı-daşdı,
Soğan bircədi-başdı.

Saçın qılandı,
Ucu ilandı.
Ürəkdən isdə,
Sözün yalandı.

Leylisən, nə Leylisən,
Kimə saldın meyli sən?
Ozün sevdin, özün seçdin,
Yenə də gileylisən?

Əzəldən nəyidi hüsnü-camalı,
İndi də olubdu Dəli Bayramalı.

 

Alğışlar

Dilin zəkatı xeyır soyləməkdir (Faxralı deyimlərindən).

Qayım-qədim olasan!
Surun yerisin!
Qazanma, qarşı gəlsın!
Arşının əyilməsin!
Ruzun bol olsun!
Sur-sərhəd açasan!
Allah “Ver” dedikcə versin!
Neyliyim, nece edim deməyəsən!
Dörən-döşən!
Bala dağı görməyəsən!
İman yiyəsi olasan!
İmanın kamil olsun!
Allah üstünlə getsin!
Dilin uzun olsun!
Dırnağı bərk olsun!
Göz dolusu görəsən!
Torpağı sanı yaşayasan!
Ustünə Gün doğsun!
Oğul-uşaq yanında üzün ağ olsun!
Pis gunə həsrət qalasan!
Allah sənə fılankəsin torpağı sanı ömür versin!
Dirsəyin dizində, əlin üzündə qalmasın!

 

Qarğışlar

Qarğa, a şallı qarğa,
Yaşıllı-allı qarğa.

Gününü kösöyə döndərim,
Nənən gilə göndərim.
Gərdəyin qurulu qalsın!
Qulağın Quran səsi eşitməsin!
Qazancın qana dönsün!
Gözüyün yeri qalsın!
Əlin cibindən söyünməsin!
Allah sənə qotur versin, dırnax yox!
Qurda-quşa yem olasan!
Arxacın qurusun!
Sözün ağzında qalsın!
Gözdü gəlibsən, gözsüz gedəsən!
İşin işgilə düşsün!
Dilin Allah-vallaha dönməsin!
Yayllğın qara gəlsin, göy boyansın!
İki gözdən olasan, iki də qulaqdan!
Murazına yetib, mətləbinə çatmayasan!
Qapın bağlı qalsın!
Baxtın zil düyünə düşsün!
Qurdla qiyamətə qalasan!
Dilin ağzında yansın!

 

Bağlamalar

Mən aşıq qısa bağlar.
Uzun don, qısa baglar
Ölən qoyun ağlamaz,
Öldürən qəssab ağlar.
(Soğan)

Sözü əmir sözüdü,
Özü ocaq közüdu.
Tikər, qurar, axırda
Dağıdan da özüdü.
(Uşaq, körpə)

…dağdadı,
Arandadı, dağdadı.
Astarı – od üstündə.
Avandı – ayaxdadı.
(İnəyin əti, gönü)

…Kür mələdi,
Kür güldü, Kür mələdi.
Sağıynan çaldı sonam,
Soluynan kürmələdi
(Əl iyi)

Dağların qarı mənəm,
Gün düşsə ərimərəm.
Anamdı, arvadımdı,
Bacımdı, əri, mənəm.

(Kimsə ev yiyəsini səsləyir. Ev yiyəsi hay verir. Gələn adam evdə kimlərin oldugunu soruşur: – Özumüzük. Anamdı, arvadımdı, bacımdı, əridi, [bir də] mənəm, cavab verilir).

 

Oxşamalar

Qızım qızlar ağası,
Başında var tomağası.
Qızıma elçi gələr,
Elin böyük ağası.

A qızım, qızım, dur oyna,
Tellərini bur, oyna.
“Əşrəfı”yə qol qaldır,
Cığalları yor, oyna.

Gəzdəkdən çıxdı yüz atdı,
Nə durubsan, süz, atdı.
A quzum, baban odurana,
Qara papaqlı, boz atdı.

A qaya, qaya, xallı qaya,
Gül-çiçəyi ballı qaya.
Bal ver balam bala dönsün,
Urvatım ol, Ballı qaya!

Sağıra ver, sağrını,
Yiyim qara bağrını.
Çözdərimin nurusan,
Özüm alım ağrını.

Mənbə: Rəşid Faxralı –  “Oğuz eli Faxralı”

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur