Yaylaq zamanı gənclərin və uşaqlarn özünə məxsus əyləncələri vardı. Gənclər boş vaxtlarında ən çox çilik-ağacı, dirədöymə, atdandırma oynayardılar. Məhəllə-məhəllə güləş yarışları keçirilərdi. Buğa döyüşdürmək, it boğuşdurmaq gündəlik məsğuliyyət idi.
Yaylaqda bulud karvanları dağların zirvəsindən sürünər, duman, çən tez-tez günəşin üzarinə pərdə çəkərdi. Təbiətin belə anlarında körpələr dil açardı.
Gün çıx, gün çıx,
Kəhər atını min çıx.
Oğlunu qucağına al,
Qızını tarkinə al.
– deyərək bir ağızdan səs-səsə verərdilər. Yaşlı qadınlar və kişilər axşamlar məhəllə-məhəllə dünya görmüş, təcrübəli qonşuların dəyəsinə yığılar, keçmişdən, nənə-babalarından maraqlı nağılları, xatirələri dinləyərdilər. Bu zaman keçmişdə qanlı müharibələr zamanı kəndlərin talan edilməsi, yaylaqlara köç zamanı arabalara basqın edilməsi, tayfalar arası düşmənçiliklər əsas yer tutardı. Bu da təsadüfi deyildi. Demək olar ki, regionda baş verən tarixi müharibələrin heç biri Borçalı mahalından yan keçməmişdi. Ona görə də bu mahalın qəmli, kədərli, faciəli günləri çox olmuşdur. Bir tərəfdən zaman-zaman İranın, digər tərəfdən Türkiyənin Gürcüstana fasiləsiz hücumu və VIII əsrdən sonrakı Ərəb istilaları kiçik borçalını döyüş meydanına çevirmişdir. Gürcüstan Rusiyaya birləşdikdən az sonra isə Borçalı uyezdi yaradılmış və gürcü knyazlığının tabeliyində olmuşdur.
İllərin, əsrlərin arxasında qalan talançı müharibələrin Faxralıda törətdiyi faciəlar tarixi-əfsanəvi xatirələrə dönmüş, aranda, yaylaqda toy məclislərində, yas mərasimlərində Ərəb istilası, Ləzgi talanı, Səlcuk yürüşləri kimi nəsildən-nəsilə keçən xatirələr bu gün də danışılmaqdadır. Bu acı xatirələr içərisində elin-obanın var dövlətinin talan olunması, qız-gəlinlərin əsir götürülməsi əsas yer tutardı. Tez-tüz xatırlanan və həyacan doğuran söhbətlərdən biri də Ləzgi talanları adlanardı. Bu söhbətlər də müəyyən tarixi hadisələrə söykənirdi.
Qaynaqlardan məlumdur ki, 1718-ci ildə Çolaq Surxayın başçılığı ilə ləzgi piyada və suvari dəstələri Gürcüstana hücum etmişdi. Hücum zamanı Lüksenburq ərazisində olan kəndləri də dağıtmış, ordu qarətçiliklə məşğul olmuş, Faxralı kəndindən isə nəsildən-nəsilə keçən rəvayətlərə görə iki nişanlı qız əsir aparılmışdı.
Yaşlı qocalar adətən belə söhbətlərin biri qurtaran kimi dərhal yeni söhbətə başlardılar. Bu zaman Nadir şah haqqında olan tarixi rəvayətlər daha maraqlı qarşılanırdı. Belə nəql edirdilər ki, Nadir şahın ordusu Gürcüstana növbəti hücum zamanı Borçalıda düşərgə salmış, onlardan bir dəstə Baytar kəndində bir qarının evində qonaq qalmalı olmuşdu. Qarı qonaqları gülərüzlə, yüksək mehribançılıqla qarşılamış, kasıb olduğuna görə onlara südlü aş bişirmişdi. Qonaqlar ac olduqlarına görə aşı soyutmağa səbirləri çatmamış, qaynar-qaynar yemək istərkən ağızlarını yandırmışdılar. Vəziyyəti belə görən qarı gülümsəmiş və çəkinmədən üzünü qonaqlara tutub demişdi: “Ay oğul, allah sizə ömür versin, Nadir şah kimi nə üçün dilinizi, ağzınızı yandırırsınız, səbirli olsanız!” Qarının sözləri sanki sərkərdələri yuxudan oyatmışdı. Olduqca zabitəli və fikirli görünən sərkərdələrdən biri üzünü ev sahibinə tutub qarının sözlərini bir də təkrar etməsini xahiş etmişdir. Qarı isə cavabında demişdir: “Ay oğul, Nadir adlı-sanlı böyük bir ölkənin padşahıdır. İrandan buraya kimi də gecə-gündüz uzaq yol gəlib, kəndləri, şəhərləri özünə tabe edib, ancaq allah insaf vermiş aldığı şəhər və kəndlərdə əminamanlıq yaratmadan, padşahlığı möhkəmlətmədən istəyir ki, az vaxtın içərisində dünyanı ayağının altına alsın, ona görə də əsgərləri əldən-ayaqdan düşüb, qüvvəsi azalıb, indi də düşmənin öhdəsindən gələ bilmir”. Deyilənə görə, həmin sərkərdə Nadir şahın özü olmuşdu. O, qarının bu sözlərindən sonra dərin fikrə getmiş, növbəti hücumu dayandırmış və İrana qayıtmışdı. Ordusuna dinclik vermiş, ciddi hazırlıq görmüş və bir müddətdən sonra yeni qüvvə ilə Gürcüstana hücum etmiş və qalıb gəlmişdi.
Qələbədən zəfərlə geri dönərkən Nadir şah yenə həmin qarının evində qonaq qalmış, özünün Nadir şah olduğunu bildirmiş, vaxtilə qarının onun haqqında dediyi sözlərə görə razılıq etmiş və xüsusi fərmanla qarıya sultanlıq vermişdi.
Yaylaqlarda və qışlaqlarda beləcə nağıllar, rəvayətlərlə ovsunlanan qoca nənə-babalar, el cavanlarına, gənc oğlan və qızlara yaddaşların qoruyub saxladıqları keçmiş əhvalatları danışar, bəzən dinləyicilər qorxu-həyacan keçirər, hətta sakit-sakit göz yaşları da tökərdilər.
Çalxa-çala yağ olsun,
Qara inək sağ olsun!..
Səhərlər nağıl dünyasından ayrılan uşaqlar malı, buzovu örüşə çıxarar, arxacda qalan davax, xəstə inək, dana, buzovların qeydinə qalardılar. Arançılar atlarının hörüyünü dəyişərdilər. Qadınlar isə həftədə bir dəfə məhəllə-məhəllə nəhrə çalxamaq üçün hazırlıq görərdilər. Varlı və imkanlı ailərin özünün xüsusi nəhrəsi, sağılan malı olan iki-üç ailənin isə bir nəhrəsi olardı. Nəhrəni kənar məhəlləyə, ya tayfaya verməzdilər. Belə deyərdilər ki, düşəri-düşməzi olar. Nəhrə cökə ağacından, xüsusi sənətkarlıqla düzəldilərdi. Kənddə bu peşənin bir neçə kamil ustası vardı. Təxminən bir metr 20 sm uzunluğu, 30-35 sm dairəsi olan düyünsüz cökə ağacının içi çıxardılır, hər iki başı taxta ilə bağlanılır, ortasından ağartı tökmək üçün nəlbəki boyda dairəvi deşik açılır, hər iki başda isə ip (çatı) bərkidilmək üçün xüsusi yer hazırlanardı.
Nəhrə yüngül çatmadan asılırdı. Çatmaların ucları haça olur, eyni ölçüdə üç ağac baş-başa bir-birinə keçirilir, sonra da iplə bərkidilirdi.
Hər tayfanın “sınanmış” xüsusi nəhrə çalxama günü olurdu. Nəhrə calxanarkən məhəllədə olan gənc qadınlar bir-birinə kömək edirdi. Yağın çox olması üçün nəhrənin altına süpürgə, balta, dəhrə, bəzən də dəmir parçası atar, hətta elə ailələr də olardı ki, nəhrənin başına duva (muska) bağlardılar.
Belə hallarda bəzən qonşular arasında narazılıq, söz-söhbət də baş verirdi. Bəzi qadınlar hətta qonşularını nəhrəyə “əməl” etməkdə, müxtəlif yolla yağını “yığmaqda” təqsirləndirər, giley-güzar edərdilər. Hər nəhrə çalxananda körpə uşaqların bayramı olurdu. Onlara iri yaxmalar paylanar, böyüklərə isə döymənc hazırlanardı. Axşam olanda isə qadınlar özləri üçün ya halva, ya da quymaq çalardılar. Yağı irili-xırdalı quzu və qoyun qarnına yığardılar. Yaşlı qocalar nəql edirdilər ki, keçmişdə imkanlı ailələr yağı dana dərisinə doldurarlarmış.
Nəhrə çalxanan zaman dovğa bişirməyi də yaddan çıxarmazdılar. Adətən ayranın bir qismi qonşulara paylanar, qalan çox hissəsi isə ağ bezdən tikilmiş xüsusi torbalara tökülərdi. Torbanın üstünə əvvəlcə yüngül daşlar, bir qədər suyu süzüldükdən sonra isə ağır daşlar yığılardı. Torbaya tökülmüş ayran süzmə halına gəldikdən sonra isə yumrulanıb, qurud qoyulardı. Məlumat üçün qeyd edək ki, qurud bəzi türk tayfaları ilə yanaşı monqollarda da vardır.
1933-1934-cü ilərə (kollektivləşməyə) qədər demək olar ki, Faxralıda bağ-bostanla məşğul olan yox idi. Əhalinin əsas məşğuliyyəti maldarlıq və əkinçilik idi. Yayda, payızda meyvə-tərəvəz qonşu İmirhəsən, Qoçulu, Qoşakisə və Borçalının aşağı kəndlərindən gətirilərdi. Faxralıda isə iki yerdə “Ağalıq bağları” adlanan abad, bol məhsullu üzüm bağları vardı. Bu bağlar kəndin ortasında yerləşirdi.
Kəndin aşağı hissəsində yerləşən üzüm bağının ərazisində həm də Mantaşovun iki mərtəbəli malikanəsi və əlavə təsərrüfat binaları yerləşirdi. Bu bağların nə vaxt və kim tərəfindən salındığı, binaların tikilmə tarixi barədə dəqiq məlumat əldə edə bilmədik. Lakin bu bağlarda 300-400 il yaşı olan qoz ağaclarının kökü 1960-cı illərdən sonra kəsildi. Mantaşovun tikdirdiyi yaşayış binalarından isə 1919-cu ildən 1962-ci ilə kimi əvvəl ibtidai, bir müddət səkizillik, 1935-ci ildən sonra isə orta məktəb kimi istifadə edildi.
1962-ci ildə yeni orta məktəb binası tikildikdən sonra məsuliyyətsiz adamlar tərəfindən hər üç köhnə bina dağıdıldı.
1861-ci ildə torpaq islahatlarından sonra Hasanlı, Şeşəpapaxlar, Keçililər (Bayrışoğulları), Kovxalılar, Aşırlılar, Yahyalar, Məsimöyləri, Güllər və digər nəsillərin imkanlı adamları, o cümlədən Zurab Mustafa qızıl pulla geniş torpaq sahələri almışdılar. Ona görə də Faxralı camaatının öhdəsində 3 min hektara yaxın əkin, 5 min hektar meşə və biçənək sahələri vardı. Yay aylarında varlı ailərin bir hissəsi arpa və taxıl sahələrini pulla biçdirərdilər. İnqilabdan əvvəl Cənubi Azərbaycandan biçinçi dəstələri gələr, ot, arpa, taxıl sahələrini muzdla biçərdilər. İnqilabdan sonra isə 1933-1934-cü illərə qədər dağ kəndlərindən, xüsusən Ermənistanın Şahnazar, Sərçəpet və digər yaşayış məntəqələrindən (yerli əhali onlara “cavax” deyərdi, bu isə Cavaxeti sözünün təhrifi olunmuş formasıdır) kərəntili, oraqlı ermənilər gələr, zəmiləri biçər, xırmanları döyərdilər.
Digər tərəfdən də imkansız kəndlilər beş-beş, on-on dəstə bağlar, növbə ilə biçin biçər, məhsulun vaxtında və itkisiz yığılmasında bir-birlərinə kömək edərdilər. Bu zaman qohumlar və yaxın qonşular birləşərdi. Kəhraba kimi saralmış sünbüllərin bəhəri kənardan bilinərdi. Dolu sünbüllər boynu bükülü, gözü torpaqda, boş sünbüllər isə başı dik dayanardı. Yay aylarında daxıl zəmiləri biçinçilərlə dolu olardı. Kövşənlər insana boy verərdi. Kimlərin taxıl sahəsində biçinçinin olmasını oraqların aramsız cingiltisindən, biçinçilərin oxuduğu mahnılardan, ya da hərdən kollektiv şəkildə tarlalardan ucalan “ya Allah!” səslərindən bilmək olardı. Ən qızmar günlərdə belə iş dayanmazdı. Bir ənənə olaraq hamı səhər tezdən, sərin vaxtı dərz bağlamaq üçün kövşənin yumşaq hissəsindən “bəndəm” hazırlar, dəstə-dəstə yığar, üstünə su səpər, sonra da ya torpağa, ya da hazır dərzlərin altına basdırardılar. Hər iki-üç nəfərin biçdiyini bir nəfər dərz bağlayardı. Bağlanmış dərzlərin sünbülləri üzü günəşə dik cərgə ilə düzülərdi. Günün axırında isə pencəyə vurulardı. Orağa gəlməyən gödək (qısa ayaqlı) kövşən ya arpa, ya buğda sahəsi kərənti ilə çalınar, horum bağlanardı. Əkdiyi sahələrdən az məhsul götürən kəndlilər isə bəzən giley-güzar edib deyərdi:
Eləm zamana çatar,
Xalların zamanı şalar,
Bir çuval taxıla çalmayan canım,
İndi bir horumluq samana çalar.
Taxıl və arpa məhsulu tağar, ya da pudla ölçülərdi. Əsas ölçü vahidi ağacdan hazırlanmış çanaq idi. Təcrübəli əkinçilər hektarın məhsuldarlığını dərzlərin ağırlığı, pencələrin sayı ilə müəyyən edirdilər.
Əkin sahələrinin xüsusi adları vardır. Dəyirmanın qaşı, Haramı təpəsinin altı və ya üstü, Kartəpəsinin altı, Qoçulu yolunun altı (üstü), Qara daşın altı, Çal dağının döşü, Gödək arxın altı, Dumaneşənin döşü və s.
Maraqlı burasıdır ki, biçindən heç yorulmazdı. Başlarını ağ dəsmalla, ağrımasın deyə, bellərini və biləklərini möhkəm bağlardılar. Biçin zamanı o qədər cəld və fasiləsiz çalışardılar ki, köynəklərindən duzlu tər tökülərdi. Bəzən də müəyyən sahələri götürər, yarışardılar.
Biçinçilər üçün ən dadlı xörəklər hazırlanardı. Yeməkdən sonra qatığın, ayranın ayrı ləzzəti olardı. Nədənsə əkin və biçin zamanı iş üstündə sac, təndir çörəkləri, qatıq atlaması, ayran və digər təamlar xüsusi iştahla yeyilərdi. Zəmilər biçildikcə bir tərəfdən də pəncələrə vurular, sonra da arabalarla daşınar, xırmanların qırağına tayalara yığılardı. Taya yığmağın özü də xüsusi səliqə, zövq tələb edirdi. Xoşa gələn dərs tayalarından tez-tez söhbət düşərdi, təriflənərdi.
Xırman üçün əvvəlcədən xüsusi hazırlıq görülər, dəmirdən xırman açarlar hazırlanar, itilənər, vəllər təmir edilər, saman yığan, şana, kürək, dırmıq tədarükü görülərdi. Vəl adətən, 2 metrə yaxın uzun və yarım metr eni olan bütöv, ya da iki taxtadan hazırlanardı. Üzərinə çalınan xırda , iti qara daşlar isə çox vaxt yaylaqdan gətirilərdi. Bu xüsusi sərt daşlar meteorit parçalarına oxşayırdı.
Onuda qeyd edim ki, kəndimizdə at, ulaq arabaları, kənd təsərrüfatı, xüsusən əkin-biçin üçün lazım olan alət və əşyalar yerli ustalar tərəfindən yüksək peşəkarlıqla, zövqlə və həvəslə hazırlanırdı.
Qonşu gürcü kəndlərində iri ağac təkərli (iki təkərli) arabalar olduğu halda Faxralıda hər evin özünə məxsus yerli sənətkarlar tərəfindən hazırlanmış səliqəli boyunduruqları, laydırları olan 4 təkərli arabası vardı.
Xatırlatmaq istərdim ki, belə təkminləşmiş arabaların və ya furqonların nə zamansa yad xalqların mədəni təsiri nəticəsində yaranması barədə qaynaqlarda bəzi qeydlər də vardır.
A.M.Arqutinski-Dolqorukov yazırdı ki, bu ərazidə olan Azərbaycan kəndləri 1826-cı ildə almanlar buraya köçürüldükdən sonra iki təkərli arabalar 4 təkərli arabaya keçmişlər. Daha doğrusu 4 təkərli arabadan istifadə etməyi almanlardan öyrəniblər.
Xırman alətləri (kürək, şana, yaba, dırmıq, yığan, vəl) yalnız xırman dövründə istifadə edilər, biçin-döyüm qurtardıqdan sonra isə səliqə ilə yığılıb saxlanardı. İki barmaqlı dəmir yaba, oraq, kərənti, ala döyən, xırman açan, zindan və digər dəmir alətləri paslanmasın deyə yağlanardı.
Xırmanlara öküz və ya at qoşulardı. Öküzlər qoşulan vəllərin üstündə uşaqlar oturardı. At qoşulan vəllərin üstünə isə ağır daş qoyulardı. Vələ qoşulan atlar sürətlə sürülərdi, xırman əvvəl yaba, sonra da şana, bir qədər yumşalandan sonra isə kürəklə bir neçə dəfə çevrilərdi.
Xırmana öyrədilməmiş atlar da (xam atlar) qoşulardı. Bu ehtiyatsızlıq isə bəzi hallarda faciə ilə nətiçələnirdi.
Adətən varlı, mal-qoyun sahiblərinin xırmanlarını dağ kəndlərindən gələn malaqanlar və ermənilər döyərdi. Elə hallar da olurdu ki, 2-3 hektar biçin sahəsi olan kasıblar da varlılar sayağı öz sahələrini yarılığa başqalarına biçdirib xırman döydürərdilər. Belə adamlar dəni xırmandan çıxan kimi biçinçiyə, xırman döyənə, qoruqçuya, aldığı borclara paylardı. El arasında belə adamlara “yaz əkinçi, qış dilənçi” deyərdilər. Gəlirini-çıxarını bilməyən belə adamlara tək-tək rast gəlmək olardı.
Elə ki, axşam oldu, xırmanlardan atlar, ulaqlar açıldı, gecələr otlaqlara aparılardı. Qədimdə xalq arası buna “yaylım” deyirdilər.
Döyülmüş arpa və taxıl “yırğanla” xırmanın ortasına yığılar, külək əsməyə başlarkən əvvəl şana ilə sovrularaq “acı samandan” ayrılar, sonra kürəklə sovrulub dən kozardan ayrılardı. Üçüncü mərhələdə isə taxıl torpaqdan, daşdan ayrılmaq üçün şadaradan, xəlbirdən keçirilərdi (tam döyülüb dəndən ayrılmamış sünbül qırıqlarına “kozar” deyilirdi).
Xırmandan çıxmış təmiz taxıl anbarlara, çuvallara doldurular, xırman üstü ailələrin fitrə-sadağası götürülər, yetimlər və şikəstlərə, kimsəsizlərə göndərilərdi. “Bostan üstü” uşaqlara və ailə üzvlərinə meyvə, şirniyyat və s. almaq üçün çanaqla, vedrə ilə taxıl verilərdi. Yığılmış məhsuldan əvvəlcə toxumluq, illik yemək üçün lazımı qədər taxıl ehtiyatı, naxırçı haqqı ayrılardı. Ehtiyacdan artıq qalan arpa, buğda isə satılar, ailənin digər ehtiyacına sərf olunardı.
Həddindən artıq əkin sahələri olan varlı ailələr bəzən yay aylarında yığılmış məhsulu xırmanlarda döydürüb başa çatdıra bilməz, taxıl tayalarının yarısı, hətta sentyabr ayına qədər qalardı. Bəzən döyülməmiş arpa, buğda tayaları göyərərdi.
Mənbə: Hüseynqulu Məmmədli (Məmmədov) – “Görüm Faxralının biri olsun beş…”