Əli Səngərli barədə məlumat

Papaq

Bizdən əvvəl  dəbdə idi,
Qıvrım telli qara papaq.
Necə gözəl yaraşırmış
Qırğı boylu yara papaq.

Atamın namusu, adı,
Babam onsuz yaşamadı.
Namus qeyrət, ad apardı,
Gedəndə də gora papaq.

Hər birisi at qiyməti,
Kişilərin əzəməti,
Qəbul etməz məzəmməti
Harda düşsə dara papaq.

İndi dəbdən düşüb necə,
Tək oğrular geyər gecə.
Arvadlar da almaz vecə
Gündüz çıxsa hara papaq.

Nəm çəkər

Ömrü-günü gərək olmaz kimsəyə,
Gecə-gündüz araq içər, dəm çəkər.
Diri çıxar, ölü dönər evə o,
Oğul-uşaq boyun bükər, qəm çəkər.

Şalvarını tərs üzünə geyər o,
Lovğalanar, sinəsinə döyər o,
Hər yetənə sataşar o, söyər o,
Yıxılanda torpaq ondan nəm çəkər.

Tez-tez itər bazubəndi, duası,
Ocağından əskik olmaz davası.
El yığılmaz, söndürülməz havası,
Beləsinin azarını kim çəkər?!

Qadan alım

Qadan alım, qoca dünya,
Bir az göyə qaldır məni.
Adamyeyən cəlladların
İştahından saldır məni.

Xeyli vaxtdır çox nasazam,
Gah küləyəm, gah da tozam.
Bir sinəsi sınıq sazam,
Az “Zarıncı” çaldır məni.

İnsafa gəl, qoca dünya,
Hər günü tapmaca dünya,
Aç ömrümə baca, dünya,
Bir işıqla doldur məni.

O əjdaha qarına bax,
Torpaq eşən harına bax,
Özünə bax, yarına bax,
Sanır qayışbaldır məni.

Səngərliyəm, duyanım yox,
Köməyim yox, həyanım yox,
Qəlbim qandır, yuyanım yox,
Az qaz kimi yoldur məni!

Süleymandan qalan dünya

Bu tapdanmış cığırlardan
Heç bilmirəm, necə keçim.
Hara çəksəm, yurda çıxır,
Mənim yolum, mənim köçüm.

Süleymannan qalan dünya,
Hər zərrən bir üzük qaşı.
Heç səsimə səs verməyir,
Nə memarın, nə da daşın.

Elə biz də yaradırıq,
Döşümüzə döyə-döyə.
Yaranmı.lar danışdıqca,
Qalırıq göz döyə-döyə.

Yazdığımız hər misranın
Bəlkə, neçə sahibi var.
Sahibkarlar üzə vursa,
Çox şairlər sözsüz qalar.

Özündən xəbərsiz

Özündən xəbərsiz adam,
Başın özgəyə qarışıb.
Üzlərdə qırış sayırsan,
Urəyin vaxtsız qırışıb.

İçində yollar, cığırlar,
Dağlar, dərələr, çuxurlar.
Səndən ölülər baxırlar,
Canına meyid daraşıb.

Sən ki, heykəlsən küçədə,
Donubsan zülmət gecədə.
Səndən betərdi küçə də,
Gecə gecəyə qarışıb.

Bilən yoxdur

Kötük üstə çırpı kəsən,
Bilən yoxdu kimsən, nəsən.
Ucbatından tir-tir əsən,
Çox silahlı əl görmüşəm.

Gəldik dünyada yaşayaq,
Gəlmədik qorxu daşıyaq.
Qəfəsdəki bülbül sayaq
Neçə dərdli dil görmüşəm.

Ömür, acıq ver acala,
Qoyma qəm səndən bac ala.
De ki, qocala-qocala
İncə-incə bel görmüşəm.

Səhər çağı, axşam üstü,
Ocaqları boğar tüstü.
Qız-gəlinli, toy-məclisli,
Sazlı-sözlü el görmüşəm.

Ay duman, dağın var olsun,
Ay bağban, bağın var olsun!
Səngərli, kefın çağ olsun,
De yetmiş üç il görmüşəm!

14.09.2001

Deyirsən

“Məni kor quyudan çıxaran kəndir, 
İndi də boynuma keçib halqatək”. (B. Vahabzadə)

Boynumuz kəndirə yaman öyrəşib,
Xalqımız yedəyə düşəndən bəri.
Özümüz işığa möhtac qalmışıq,
Neftimiz ödəyə düşəndən bəri.

Səni kor quyudan çıxaran kəndir,
“İndi də boynuma keçib” deyirsən.
“Şair ürəyinə amansız fələk,
Alovdan bir köynək biçib” – deyirsən.

Torpaq məhsul verməz, məhsul zay olar,
Əkinçi torpaqda qoyarsa xərək.
Ya gərək quyudan heç çıxmayaydıq,
Kəndirsiz çıxaydıq ya da biz gərək.

Ya da kor quyudan çıxanda, şair,
Kəndiri quyuya ata biləydik.
Biz də Mete kimi, Atilla kimi,
Bayrağı yüksəkdə tuta biləydik.

Böyük fatehlərin övladıyıq biz,
Ulu tariximiz bəşərə bəlli.
Əsası Şumerdən, Hundan başlayan,
İmperiya təməlli – Göy Türk təməlli.

Bir ümid işığı keçir içimdən,
Türkün sabahına inanıram mən.
Atalar demişkən: Yenə axacaq,
Tarixin suları axdığı yerdən.

 

Related Posts

Kitablar
Oruc Nikbinin kitabları

Oruc Nikbin barədə məlumat Oruc Nikbinin şeirlərindən nümunələr “Faxralıdan güc almışam” şeirlər ktabına ön söz yazan xalq şairi

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur