QARDAŞ
Qarsa tərəf baxıb, baxıb, ağlaram,
Vurulub köksümə yaralar, qardaş.
Sinəm üstün çalın-çarpaz dağlaram,
Dolanır könlümdə haralar, qardaş.
Eşqin badəsini yaman içibsən,
Dərd əlindən Türk elinə qaçıbsan.
Qohumdan-qardaşdan niyə keçibsən,
Divan işə baxıb aralar, qardaş.
Qəlbim qövr eyləyir köhnə yaradan,
Çox keçməz, çıxarsan qorxu-qaradan.
Sıra dağlar çəkilsəydi aradan,
Görünərdi gözümə oralar, qardaş.
Pəriyəm, dərdinə dözə bilmirəm,
Savadım çatmayır, yaza bilmirəm.
Sənsiz bu dünyada gəzə bilmirəm,
Gəlməsən, bacılar saralar, qardaş.