Hamlet Kazımoğlu haqqında

Hamlet Kazımoğlu demişdir:

* Səbrim ömrümdən uzundur.
* Məni sevgimdən tanıyacaqlar.
* Yaşamağın dadını gördüm, yolunu tapmadım.
* İçində yer saxla mənə, öləndə Vətəndə ölüm.

Yaman qəribsəmişəm

Yaman qəribsəmişəm,
Heç bilmirəm neyləyim?
Buludları yerə töküm
Yağışlar tərsinə yağsın
Ağaclar kökündən bar versin
Dünyanı baş-ayaq eyləyim.
Yaman qəribsəmişəm,
Heç bilmirəm neyləyim?
Bir həsrət çəkim
Bir vüsal var ona yetim,
Bir az dəlilik edim
Cavanlıq keçirim
Lap gözümü yumub evlənim.
Yaman qəribsəmişəm,
Heç bilmirəm neyləyim?
Bir siqaret yandırım
Fikrim dumanlansın,
Vaxtım keçsin
Bir az külqabıyla əylənim.
Yaman qəribsəmişəm,
Heç bilmirəm neyləyim?
Şeir yazmaqdan bir şey çıxmadı,
Bu şeiri heç kim oxumadı,
Gedim Allahın yanına
Bir əməlli sənət öyrənim.
(1995)

Mən azadlığam, sən -Bayraq

Gülüm, azadlıqdan məstəm,
Tut əlimdən ötüb gedək.
Uzundonlu bayraqların
Ətəyindən öpüb gedək.

Gözüm qanlı üfüqlərdə,
İçimdən sonsuzluq keçir.
Göz yaşı qurtuluş deyil,
İçimdən qansızlıq keçir.

Mən azadlığam sən – Bayraq,
Gülüm, dərdimiz tən qalsın.
Gəl, ikimiz qucaqlaşaq,
Vətən elə Vətən qalsın!..

Təcnis

Gözəlliyin ilandilli odunda,
Sən ki mənim ürəyimi əritdin.
Üz tutacaq qibləm, yönüm qalmadı,
İndən belə yandır iman, ərit din.

Məndən ötrü gəlin də sən, a qız da,
İkimizik gəzən dildə, ağızda.
İçdən qopan ahı tutmaz ağız da,
Onu qaynar dodağınla ərit, din.

Üzün açıb demə: bahar, yazıq ki,
Qaralarla bəxtim yazıq-yazıq ki.
Kazımoğlu, təkcə sənə yazıq ki,
Ər tapıldın, itəndə də ər itdin.

Məni tap

Orda mənim qəbrim… bunu bir haqq san,
Hamı gəlib-gedir, sən isə yoxsan.
Gəlib mən ölmüşə bir sən də baxsan,
Gözümü yummuşam, gəl asanca tap.

Ömürdü odunda çox üşümüsən,
Gündü – göy əsgili günə düşmüsən.
Ev-eşiyə necə isinişmisən? –
Tökülsün göz yaşın, gözlərini qırp.

Sağ olsam neynirəm sənə söz deyəm,
Bəlkə heç olmazdın belə gərəyim.
Daha torpaq olub mənim kürəyim,
Barmaqların uzun…kürəyimi çırp.

Əli Səngərli : Fanaram mən
(Hamlet Kazımoğlunun xatirəsinə)

Tüstülənən fanaram mən,
Gecə-gündüz yanaram mən.
Yaradanı qınaram mən,
Vaxtsız ölənlər görəndə.

Heyrət qorlanar canımda,
Əllərim qalar yanımda.
Yanar gözümdə qanım da,
Vaxtsız ölənlər görəndə.

Ağ saçımın teli sanı,
Qarğıyaram Yaradanı.
Özüm tək ağlayan hanı,
Vaxtsız ölənlər görəndə…
28.04.2001 .

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur