Hüseyn Faxralı barədə məlumat

Faxralı sevgili şeirlərdən nümunələr

Fəxr elə ki…

Yaddaşlarda tarix yatır, arxivlərdə keçmişin,
Qədim, köhnə başdaşları, məzar yeri, köçmüşün,
Zalım, zülümün əlindən baş götürüb, qaçmışın,
Yurd-yuvadan perikmişin, diyar-diyar uçmuşun,
Bu olmuşlar həqiqətdi, danılmazdı, Faxralım.

Mərd igidlər, ərənlərin ortalıqda at oynadan,
Şir ürəkli oğulların məskənisən, oylağısan.
Zaman-zaman olmuş, olur, olacaqdı çuğulların,
Yaxşının da, yamanın da yataq yeri, yaylağısan,
Fəxrim, fəxarətimsən, var ol səni, a Faxralım.

Oğlun, qızın gələcəyə, zəfərlərə inamla,
Addım – addım inkişafa imza atır uğurla,
Utanc verən, utanmalı nəyin vardı, Faxralım ?
Daşımısan, daşı daim sən bu adı qürurla,
Fəxr elə ki, Faxralısan, ay Hüseyin Faxralı !
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
18.04.2017 15:28

 

Adına nə qədər söz desəm azdı

Faxralımda fəsli bahar, a dostlar,
Bir gülün üstünə min arı qonar,
Şair söz cilalar, sərraf söz yonar,
Adına nə qədər söz desəm azdı.

Yadımdan çıxmışdı, ya indi yazdı ?
Yal-yamac, çöl–çəmən yaşıl libasdı,
Elə bil gəlindi, qəmzəli, nazdı,
Adına nə qədər söz desəm azdı.

Dağda – daşda sürünəndə duman da,
Göydə durna qatar – qatar uçanda,
Arxasınca qaqqıldaşan qu, qazdı,
Adına nə qədər söz desəm azdı.

Gözlərnə mən qurban, a Gözəldağı,
Gəl çəkmə sinəmə çal – çarpaz dağı,
Görüb, sevinməsin müxənnət yağı,
Adına nə qədər söz desəm azdı.

Ay şirin ləhcəli, ay xoş avazdı,
Qonaqlı – qaralı, qoltuğu sazdı,
Hüseyn də şəninə beşcə bənd yazdı,
Adına nə qədər söz desəm azdı.
18.04.2017 15:54

 

Gözəl Faxralım

Adın – sanın əzbər olub dillərdə,
Açılanda bahar fəsli güllər də,
Ay gözəlim, gəl – gəl deyir çöllər də,
Heyranam hüsnünə gözəl Faxralım !

Baxıram dağlara, o yanda Ləlvər,
Bir yanda Sərniyə, bir yanda Səngər,
Dəryadı, dənizdi, ümmandı göylər,
Heyranam hüsnünə gözəl Faxralım !

Dağ arası, Dələverin boyunca,
Ormanlar yamyaşıl, çəmənlər yonca,
Zillənir şəklinə gözlər doyunca,
Heyranam hüsnünə gözəl Faxralım !

Yazına söz olmaz, qışın bir ayrı,
Nəğməkar bülbülün, quşun bir ayrı,
Yal – yamac, yarğanın, qaşın bir ayrı,
Heyranam hüsnünə gözəl Faxralım !

Bağ yoxsa nübarı, barı neynirəm,
Dağ yoxsa tufanı, qarı neynirəm,
Yaxşı ki, sən varsan, varı neynirəm,
Heyranam hüsnünə gözəl Faxralım !

Mən zərgər, sən isə gözümdə zərsən,
Necə də təmizsən, təzəsən, tərsən,
Məclisləri sazla – sözlə bəzərsən,
Heyranam hüsnünə gözəl Faxralım !

Ay şirin ləhcəli, məzəlim səni,
Söz ilə bəzəyər öz əlim səni,
Sevməməy olarmı gözəlim səni ?
Heyranam hüsnünə gözəl Faxralım !

Vəsf elərəm camalını Ay kimi,
Bulaq kimi, çeşmə kimi, çay kimi,
Qoruyaram Tanrım verən pay kimi,
Heyranam hüsnünə gözəl Faxralım !

Borçalım üzükdü, sən də qaşısan,
Sanki yaşıllıqda zümrüd daşısan,
Hüseynin ürəynin göynər başısan,
Heyranam hüsnünə gözəl Faxralım !
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
28.08.2018 11:10

 

Görüşünə şair təbli oğlun gəlib, Faxralım !

Başın üstə açıq səma, o Aylı, ulduzludan,
Aylar, illər uzaq düşdüm bulaqları buzludan,
Neçə ildi çıxdaş olub, çıxmışam Şahbuzludan,
Görüşünə şair təbli oğlun gəlib, Faxralım !

Şagird kimi yola saldın, uçurdaraq qoynundan,
Şükür ki, üzüağ çıxdım imtahanın, – oynundan,
Qollarım salıb boynuna, qucaqlaram boynundan,
Görüşünə şair təbli oğlun gəlib, Faxralım !

Dağ vüqarlı ağır elsən, qar almışam dağlardan,
Sən bu bağın bağbanısan, bar almışam bağlardan,
Qələm çalıb, söz açmışam ötüb, keçən çağlardan,
Görüşünə şair təbli oğlun gəlib, Faxralım !

Bu dünyamız işıqlıdı, o dünyamız qaranlıq,
Bu dünyadan köçənləri yada salaq bir anlıq,
Quş kimi uçdu getdi gözlərimdə uşaqlıq,
Görüşünə şair təbli oğlun gəlib, Faxralım !

Gözlərimə görünməyir tanış üzlər, sifətlər,
Torpağ altda canlar yatır, ay camallı, afətlər,
Eldən ayrı yaşayanın ürəyində xiffətlər,
Görüşünə şair təbli oğlun gəlib, Faxralım !

Qadan alım, süfrən açıq, sən ki qonaqcanlısan,
Badələrə şərab süzdür, şərəflisən, şanlısan,
Mən qəribi qəbul eylə, sən ki istiqanlısan,
Görüşünə şair təbli oğlun gəlib, Faxralım !

Gendə durma Gözəldağım, gəl öpüm gözlərindən,
Sən üzümə gülümsə ki, gül dərim düzlərindən,
Söz sərrafı, söz acıyam, doymadım sözlərindən,
Görüşünə şair təbli oğlun gəlib, Faxralım !

Novruz adlı xor – xonçalı bu bayramın mübarək,
Bir xınalı qoç nədir ki, boğazına bıçaq çək,
Hüseyn deyir şad günündə yeyək, içək, kef çəkək,
Görüşünə şair təbli oğlun gəlib, Faxralım !
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
18.02.2018 20:03

 

Cənnətimsən Faxralım

Baharda bar verər barlı bağların,
Qışda qan ağlayar qarlı dağların,
Yaddan çıxmaz səndə ötən çağlarım,
Bu dünyamda cənnətimsən, Faxralım.

Göz oxşayan yaşıl çəmən, göy xalım,
Bir yan Ləlvər, bir yan Səngər arxalım.
O dünyanı görməmişəm, bilmirəm,
Bu dünyamda cənnətimsən, Faxralım.

Hüseynəm, aldığım nəfəsim də sən,
Malım da, mülküm də, dövlətim də sən,
Varım da, yoxum da, sərvətim də sən,
Bu dünyamda cənnətimsən, Faxralım.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
16.05.2018 19:42

 

 Poladın səsi 

(Şeir Faxralımızın yetirməsi müğənni Polad Qocayevə həsr olunur)

Bir qatar durnadı, düzülüb gələn,
Bir ünlü ürəkdən üzülüb gələn,
Qaynayan qanından süzülüb gələn,
Çağlayan çeşmədi Poladın səsi.

Qalxan cingiltisi, qılınc zərbəsi,
İldırım çaxışı, şimşək nərəsi,
“Misiri”, “Cəngi”di hər zənguləsi,
Qaynayan bulaqdı Poladın səsi.

Uşaq yaşlarından vardı həvəsi,
Xoş idi avazı, şirindi səsi,
Faxralı bülbülü, el müğənnisi,
Sızlayan bir sazdı Poladın səsi.

Dağlarda şəlalə, çəməndə lalə,
Güllərin gözündə şeh, şəbnəm, jalə,
Hüseyn hüzünlüdü, ah – aman, nalə,
Həzin pıçıltıdı Poladın səsi.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
30.05.2018 10:57

 

Baxtavarsan, a Faxralı balası !

Nə gözəldi o dağların talası,
Car-car axan sellər-sular, calası,
Qıpqırmızı, qız yanaqlı lalası,
Baxtavarsan, a Faxralı balası !

Gül-çiçəkdi yal-yamacın yaxası,
Göy çəmənlər xalçaların xam, xası,
Dağlar olub oğulların arxası,
Baxtavarsan, a Faxralı balası !

Yaşıl yarpaq kollarının koftası,
Məxmər güllər güləbətin baftası,
Zərif zanbaq zər-zibalı, atlası,
Baxtavarsan, a Faxralı balası !

Bulağı saf, çeşməsi saf, havası,
Başdan-başa seyrəngahdı, səfası,
Bəsləyirəm, bu canımda cəfası,
Baxtavarsan, a Faxralı balası !

Bülbülün cəh – cəhi ruhun qidası,
Quşların nəğməsi, kəklik nidası,
Sərçələrin səs – səmiri, sədası,
Baxtavarsan, a Faxralı balası !

Aydan arı, sudan duru səması,
Göz oxşayır göylərinin siması,
Təbiətlə kəsmə ülfət, təması,
Baxtavarsan, a Faxralı balası !

Borçalımda ay başımın bəlası,
Telli sazın xoş avazı, nəvası,
Meydi, mehdi dərdlərimin şəfası,
Baxtavarsan, a Faxralı balası !

Sonalar sonası odur, qadası,
Söz-söhbət, cümlənin inşa, imlası,
Dilinin xəbəri, həm mübtədası,
Baxtavarsan, a Faxralı balası !

Haqq üçün danışaq, Allah rizası,
Şair Nəbi, Gül İsmayıl, Qarası,
İmzalar içində var öz imzası,
Baxtavarsan, a Faxralı balası !

Ad çəkməsəm vallah çıxar xatası,
Güllər Pəri ol güllərin butası,
Əli Səngərli də sözün ustası,
Baxtavarsan, a Faxralı balası !

Yazda yaşıl, qışda bəyaz libası,
Gəzəldağlı gözəllərin vəfası,
Hüseynin də dürlü-dürlü dünyası,
Baxtavarsan, a Faxralı balası !
~~~~~~~~~~~~~~~~~~~~~~~~
05.05.2017 14:22

 

Közüm Faxralım

Dodağım səyriyib, gözüm dolanda,
Dolanım başına, özüm Faxralım !
Saçımı qəm yolub, qəmlər didəndə,
Sən oldun kösöyüm, közüm Faxralım !

Adını fəxr ilə qoydum nişana,
Dərdimi birbəbir darasın şana,
Yandım Ay işığı, ay şana – şana,
Sən oldun kösöyüm, közüm Faxralım !

Mən də bir kösöyəm, yandım odunda,
Hüseynəm, kül oldum, saraldım, sonda,
Bu libasda,  bu ləyaqət, bu donda,
Sən oldun kösöyüm, közüm Faxralım !
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
07.05.2017 20:42

 

Faxralıdadı

Vətən Əslim mənim, mən də ki Kərəm,
Vətən canım, gözüm, gözmü çəkərəm,
Mən ocaq söndürüb, közmü çəkərəm,
Odum da, közüm də Faxralıdadı !

Nəfəsmi təngidən bu qızmar yayım,
Saraldan, solduran, solan payızım,
Soyuqlu – sazaqlı qışımla, yazım,
Sazım da, sözüm də Faxralıdadı !

Dağ başında topa – topa dumanlar,
Göz oxşayan, könül açan ormanlar,
Gözəlliyə gözlərini yumanlar,
Yurdum da, yuvam da Faxralıdadı !

Səkkizayaq mənimkidi, qadası,
Səngərimlə, Sərniyəmin sədası,
Nə gözəldi Gözəldağın ədası,
Ərənlər oylağı Faxralıdadı !

Çəmənli, çiçəkli, güllü talalar,
Çəməndə qızaran qanlı lalalar,
Car – car axan sellər, sular, calalar,
Bal dadan bulaqlar Faxralıdadı !

Bulaqlar başında qonaq – qaralar,
Xeyirə xərclənən pullar – paralar,
El yeriyən ağır – ağır yığnaqlar
Mənim ağır elim Faxralıdadı !

Qonağa, qonşuya qayğı, diqqət də,
Qanacaq, mərifət, xətir – hörmət də,
Yol – ərkan gözləmək, köhnə adət də,
Fəzilət, fərəh də Faxralıdadı !

Qürbətdə qələmlə qəbrimi qazsam,
Yoruldum demərəm nə qədər yazsam,
Çənində yol çaşıb, dumanda azsam,
Kəfənim, gorum da Faxralıdadı !

Adı bir ayrıdı, dadı bir ayrı,
Tamahı bir ayrı, tamı bir ayrı,
Yaxını bir ayrı, yadı bir ayrı,
Yaxşılar yaxşısı Faxralıdadı !

Qoy deyim qalmasın bir həqiqət də,
İnkişaf, intibah, həm təriqət də,
Din – iman, dirilik, de şəriət də
Hüseyin yaşayır, Faxralıdadı !
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
28.07.2017 15:30

 

Gözəl Səngərim

Ürəyim uçunar sənnən ötəri,
Dumannan, çiskinnən, çənnən ötəri,
Sünbülün, süsənin, dənnən ötəri,
Seyrəngah səfalı, gözəl Səngərim !

Başın üstə doğar Günəş, Ay yenə,
Ulduzları bircə – bircə say yenə,
Sinəm üstə yellərini yay yenə,
Seyrəngah səfalı, gözəl Səngərim !

Qorxusu yox, qış başına yağsa qar,
Bağ-bağçanda aşar-daşar onda bar,
Baş qaldırar bənövşələr hər bahar,
Seyrəngah səfalı, gözəl Səngərim !

Dərələrdə car – car axar sel – sular,
Suyundan içənlər şəfasın bular,
Viranə məkanda bayquşlar ular,
Seyrəngah səfalı, gözəl Səngərim !

Bir yan Ballıdərə, bir yan Tənəkli,
Gözə dəymir qızlar beli sənəkli,
A yaşıl talalı, göy biçənəkli,
Seyrəngah səfalı, gözəl Səngərim !

Faxralı Hüseynəm, saldım sənə zənd,
Şəninə söylədim, qoşdum beşcə bənd,
Heç yerdə görmədim mən belə bir kənd,
Seyrəngah səfalı, gözəl Səngərim !
30.09.2017 17:06

 

Uğur olsun, a Faxralım !

Ay maşallah, aşıb – daşır
Gənclərdə qurmaq həvəsi,
Saf mayası, sərmayəsi,
Uğur olsun, a Faxralım !

Alqışa layiq işdi bu,
Bünövrəsi möhkəm olsun,
Yar – yaraşıq, görkəm olsun,
Uğur olsun, a Faxralım !

Aç qapını dost üzünə,
Gələnlərə xoş gəldin de,
Gedənlərə yaxşı yollar,
Uğur olsun, a Faxralım !

Yaşasın yaradan, quran,
Beton töküb, him qazan da,
Mübarəkdi darvazan da,
Uğur olsun, a Faxralım !

Hüseyn gördü, cuşə gəldi,
Gözəl işdi, xoşa gəldi,
Zəhmət ilə başa gəldi,
Uğur olsun, a Faxralım !
~~~~~~~~~~~~~~~~~~~~
09.06.2018 13:22

 

Alaqapı, darvazası gen kəndim

Aşan-daşan sünbülün, dənin olsun,
Açıq səman, dumanın, çənin olsun,
Toy, təntənə, xeyir iş sənin olsun
Alaqapı, darvazası gen kəndim.

Alıram sorağnı əsən yellərdən,
Ancaq coşan seldən-sudan, tellərdən,
Ağır elsən, eşitmişəm ellərdən,
Alaqapı, darvazası gen kəndim.

Abad olsun gündən-günə, şen kəndim,
Gül – çiçəkli, gülərüzlü, şən kəndim,
Oğul-qızna apar nişan, şan kəndim,
Alaqapı, darvazası gen kəndim.

Faxralı adını daşı dağ kimi,
Var – dövlətin qaynasın bulağ kimi,
Gəlim görüm çal – çağırlı, çağ kimi,
Alaqapı, darvazası gen kəndim.

Hüseynəm, adınla öyünmüşəm mən,
Bəzəyni – düzəyni bəyənmişəm mən,
Qur-yarat, zəfərnə sevinmişəm mən,
Alaqapı, darvazası gen kəndim.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
12.07.2018 15:14

 

Dolanım başına, dönüm Faxralı !

Abırım, urvatım, arım da sənsən,
Dövlətim də sənsən, varım da sənsən,
Yazda yaşıl geymiş yarım da sənsən,
Dolanım başına, dönüm Faxralı !

Anam da sən, sonam da sən, vəfalı,
A dilbər guşəli, cənnət səfalı,
Bülbülü cəh – cəhli, gülü cəfalı,
Dolanım başına, dönüm Faxralı !

Daşını daş üstə qoyar oğullar,
Düşmənin bağrını oyar oğullar,
Doğmasan, doğmadan doymaqmı olar ?
Dolanım başına, dönüm Faxralı !

Hüseyn də səninlə əhd – ilqar bağlar,
Bilirəm, dostlara sədaqətin var,
Mətinsən, dözümün, dəyanətin var,
Dolanım başına, dönüm Faxralı !
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
13.06.2018 12:19

 

Qızılqaya, Qoşabulaq

Qaranquşla, qaz gələndə,
Qış ötüşüb, yaz gələndə,
Məclisimə saz gələndə
Sinəm kimi coşa bulaq !

Sərin – sərin əsə yel də,
Mizrab döyən sim də, tel də,
Oynaya su, axa sel də,
Çaylar kimi daşa bulaq !

İçdiyin su, saf hava da,
Yediyin cana nuş ola.
Xətirini əziz tuta,
Çəkə səni başa bulaq !

Durulmazmı kef – əhvalım,
Rəngim-ruhum, onda halım,
Cuşə gələr eşq, ilhamım,
Şair, gəlməz xoşa bulaq ?

Yurdum – yuvam Faxralıda
Qonaq – qaran aşa – daşa,
Qucaqlaşa, vidalaşa,
Var ol səni, yaşa bulaq !

Bənövşələr ətir saça,
Gül açıla, bülbül uça,
Hüseyinə qucağ aça,
Qızılqaya, Qoşabulaq !
~~~~~~~~~~~~~~~~~~~~
31.07.2018 14:40

 

Borçalım, Faxralım, Azərbaycanım !

Bu mənim qanımdı, bu mənim canım,
Borçalım, Faxralım, Azərbaycanım !
Bir ayrı aləmdi, dünyam, cahanım,
Borçalım, Faxralım, Azərbaycanım !

Alışıb odnuza, od tutan canım,
Həsrətim, həmdəmim, həmi həyanım,
Sizsiniz damarda qaynayan qanım,
Borçalım, Faxralım, Azərbaycanım !

Başım üstə dalğalanan bayrağım
Rəmzimdi, şərəfim, şöhrətim, şanım,
Tarixdən yadigar qalan nişanım,
Borçalım, Faxralım, Azərbaycanım !

Bunu təsdiq edər yəqin bozqurdum,
Ən ulu anamdı o, Odlar Yurdum,
Qoynunda ömrümü mən başa vurdum,
Borçalım, Faxralım, Azərbaycanım !

Daşı daş üstünə qoydu babalar,
Salındı kənd – kəsək, ellər, obalar,
Yağılar qovuldu, yandı sobalar,
Borçalım, Faxralım, Azərbaycanım !

Bir tülək tərlandı Türküm – Turanım,
Boranım, çovğunum, qarım, tufanım,
Müqəddəs Mədinəm, Məkkəm, Quranım,
Borçalım, Faxralım, Azərbaycanım !

Al geyən gözəllər dodağı baldı,
Toylarda zurnası “Cəngi” də çaldı,
Səs – ünü, sədası göyə ucaldı,
Borçalım, Faxralım, Azərbaycanım !

Dünyada ad aldı Ələsgər, Alı,
Heç kimə qalmadı dünyanın malı,
Məzarda çürüdü ol Rüstəm Zalı,
Borçalım, Faxralım, Azərbaycanım !

Aşıq Veysəl, İslam, var hafizəmdə,
Sinəmədə yurd salıb Yunis Əmrəm də,
Qaynayan çeşmə də, coşan zəmzəm də
Borçalım, Faxralım, Azərbaycanım !

Zəmanə yetirər Kamandar az – az,
Çıxarmı heç yaddan Əmrah çalan saz,
Saraclı dastandı, Xındı xoşavaz,
Borçalım, Faxralım, Azərbaycanım !

Gülsüz nəyə gərək güldan, boş vaza ?
Nə ilmə, xal vurdu Ədalət saza,
Saz tuta, söz qoşa, Zəlimxan yaza,
Borçalım, Faxralım, Azərbaycanım ?!

Hanı Şair Nəbim, hanı Şəhriyar,
Hanı Şenlik babam, Vurğun, Bəxtiyar,
Şairlər ordusu yetirən diyar,
Borçalım, Faxralım, Azərbaycanım ?!

Biri sel, biri el, biri mahaldı,
Seyrəngah səfalı, cahi – cəlaldı,
Biri doğan Gün, biri nur, biri hilaldı,
Borçalım, Faxralım, Azərbaycanım !

Şair söz sərrafı, dəftərsinədi,
Tükənməz sərvəti, söz xəzinədi,
Tər sözün düzü nə, de tərsi nədi,
Borçalım, Faxralım, Azərbaycanım ?!

Hüseynəm, həyatda mən sizə vurğun,
Yaşayıb, yanıram, yanağı solğun,
Siz gedən yolları gedirəm yorğun,
Borçalım, Faxralım, Azərbaycanım !
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
30.11.2018 10:56

 

Faxralı elinin mərd oğulları

Ayağını tapdlayıb, basmasan,
Boş-boşuna bostanına daş atmaz,
Arxasınca daş atanı yaşatmaz
Faxralı elinin mərd oğulları.

Kişi kimi söz götürməz, söz udmaz,
Cəngavərlə cəngə girər, uduzmaz,
Tüpürdüsə, tüpürdüynü yalamaz
Faxralı elinin mərd oğulları.

Dədələrin düz yoluyla gedərlər,
Oddan keçər, köz yoluyla gedərlər,
Özgələr yox, öz yoluyla gedərlər
Faxralı elinin mərd oğulları.

Əyilməz başları, Səngər vüqarlı,
Yar-yoldaş, doğmaya, dosta vəfalı,
Sirdaşdı, sir saxlar, ən etibarlı,
Faxralı elinin mərd oğulları.

Saysan səni başı üstə qaldırar,
Çəkər gözü, qaşı üstə qaldırar,
Başından da lap yuxarı qaldırar
Faxralı elinin mərd oğulları.

Baş kəsib, göz oyub, qan da tökübdü,
Qonağna duz – çörək, nan da tökübdü,
Saymazın qabağna saman tökübdü
Faxralı elinin mərd oğulları.

El nəhəngdi, Şair Nəbi yurdudu,
Nəbim baş komandan, qalan ordudu,
Yurd-yuvanı qoruyanlar qurdudu,
Faxralı elinin mərd oğulları.

Ay Hüseyin, ər doğular dünyaya,
Fərasətli, fərd doğular dünyaya,
Düşməninə dərd doğular dünyaya
Faxralı elinin mərd oğulları.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
17.08.2018 9:03

 

Bər – bəzəkli bir xonçadı Borçalı

Aranı, dağı var, parça – parçadı,
O Odlar Yurdunun bir parçasıdı,
Ehram çay sahili xalı, xalçadı,
Dilimlənmiş bir diyardı Borçalı !

Kür kəmər tək qurşanıbdı belinə,
Çiçəklərdən çələng hörrəm telinə,
Qurban ollam obasına, elinə,
Görən görüb nə məkandı Borçalı !

Toylarında “Cəngi”çalar zurnası,
Göylərində qaqqıldaşar durnası,
Bağlarında bol xırniyi, xurması,
Şirinlikdə şəkər, baldı Borçalı !

Al yanaqlı, qara xallı lalası,
Yaz ayları yaşıllaşar talası,
Talasında mələr cüyür balası,
Başdan–başa seyrangahdı Borçalı !

Bel bağlayıb başı qarlı dağlara,
O qaynar çeşmələr, buz bulaqlara,
Saz tutub, söz qoşub göy yaylaqlara,
Sazlı – sözlü bir mahaldı Borçalı !

Hüseyn də şəninə söz dedi, qoşdu,
Gözəlləri gülərüzlü, nə xoşdu,
Toyda-şanda xonçasında nə yoxdu ?
Bər – bəzəkli bir xonçadı Borçalı !
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
23.10.2018 9:48

 

Doğma elə bağlıyam

Ad qoyub, ad almışam, alnı açığ, üzağam,
Nə bugünkü bəbəyəm, nə dünənki uşağam,
Halal qazanmış, yemiş, haramdan da uzağam,
Mən Vətənə, torpağa, doğma elə bağlıyam !

Axarımı tapmışam, öz yolumu cızmışam,
Sızqı kimi torpaqdan, süxurlardan sızmışam,
Qaynamışam gur odda, kürə kimi qızmışam,
Mən Vətənə, torpağa, doğma elə bağlıyam !

Bir yanım Turan mənim, boranlı, tufanlıyam,
Dağları çən – çisəkli, çovğunlu, dumanlıyam,
Qaynar çeşmə, buz bulaq, qışda başı qarlıyam,
Mən Vətənə, torpağa, doğma elə bağlıyam !

Kükrəyəndə köpüklü aşan – daşan bir çayam,
Parlayan Günəş, ulduz, axşam doğan  o, Ayam,
Yaşıl donlu yazam mən, Yarəb yandıran yayam,
Mən Vətənə, torpağa, doğma elə bağlıyam !

Yamyaşıl yaylaqlıyam, aranlıyam, dağlıyam,
Bağ-bağçası bar verən, bostanlıyam, bağlıyam,
Bayatılı, nağıllı, hekayə, dastanlıyam,
Mən Vətənə, torpağa, doğma elə bağlıyam !

Dili şirin ləhcəli, şəkər, balam, ay balam,
Dilim – ağzım qıfıllı, elə bilmə ki, lalam,
Bir yanıqlı neyəm mən, kaman, sazam, susmaram,
Mən Vətənə, torpağa, doğma elə bağlıyam !

Qələm tutan əlim var, yazılmamış varağam,
Qəbzəsindən qan daman əldə qanlı yarağam,
Qolları qılınc çalan Babəkəm, Koroğluyam,
Mən Vətənə, torpağa, doğma elə bağlıyam !

Ləlvər, Löküm, Səngərim, gözəl Gözəldağlıyam,
Öz köküm, köməncim var, qol – budaqlı palıdam,
Gül, gülüstan hər yanım, gör nə xoş növrağlıyam,
Mən Vətənə, torpağa, doğma elə bağlıyam !

Çümbüzünə baş qoyub, xumarlanıb yatmışam,
Saf sulardan içmişəm, havasından udmuşam,
Namərd ollam onda ki, mən bunları unutsam,
Mən Vətənə, torpağa, doğma elə bağlıyam !

Dara çəkilmişəm, dardayam, dağ adamıyam,
Zamana dəyişdi, dövran özgə, başqa ayam,
Səhraya düşmüşəm, düzə enmişəm, ay qadam,
Mən Vətənə, torpağa, doğma elə bağlıyam !

Ah, köçəri quşam mən, yurd-yuvadan yazanam,
Xəzan gəlib ömrümə, eh, yaz ömrü xəzanam,
Çalmağa sazım da yox, elə bilmə ozanam,
Mən Vətənə, torpağa, doğma elə bağlıyam !

Sinəsi sazlı – sözlü, dosta qəlbi açığam,
Toyda – düyündə, şanda qonaqlı – qaralıyam,
Borçalı mahalımdı, Faxralı balasıyam,
Mən Vətənə, torpağa, doğma elə bağlıyam !

Mərd əkib, mərd də doğub dünyaya nənəm, babam,
Dünyaya mərd doğulmuş, mərd kişinin oğluyam,
Hüseyn olsa da adım, amma Aslanoğluyam,
Mən Vətənə, torpağa, doğma elə bağlıyam !
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
21.10.2018 11:49

 

“Borçalım dayanıb, öz yerindədi !..”

Sənəti yaşadan sənətkardı, şah,
Yaşadı, yaratdı, yandı Xan Əmrah,
Xındı da, Əhməd də, Məmməd də vallah,
Kamandar yaşayır, saz yerindədi !

Qaravəlli, bayatılar, nağıllar,
Qıfılbənd, hekayə, həm havacatlar,
Sinəsində salnaməydi dastanlar,
Saraclı ölməzdi, söz yerindədi !

Gülabı sənətdə nə xallar, güllər,
Hamamlı Vəkil də iz qoydu, getdi,
Zəlimxan min kitab söz qoydu, getdi,
Oğulsan itkiyə döz, yerindədi.

Bu sənətə sinə gərməz hər sinə,
Saza – sözə ürək qoyub bir sinə,
Tərmeyxan təbində elə tər sinə,
Onu köç etsə də, yüz yerindədi !

Dayanıb yerində yurd-yuvam, dağım,
Hələ də bar verir meyvəli bağım,
Kim deyir sönübdü odum, ocağım,
Çırağım, kösöyüm, köz yerindədi !

Kənd-kəsəklər öz dərdində – sərində,
Əkir, biçir, el xeyrində, şərində,
Bünövrəsi dayaz deyil, dərində,
Dərə də, təpə də, düz yerindədi !

Binə, dəyə, hər alaçıq, hər çalı,
Kim deyir ki, boşalıbdı Borçalı ?
Çəmən, çəhlim gül – çiçəkli bir xalı,
O bir seyrangahdı, süz, yerindədi !

Ağbirçək analar, ahıl atalar,
İsmətli, həyalı gəlin, bacılar,
Şəkərdən, baldan da şirin balalar,
Abır da, həya da, üz yerindədi !

Köç etdi dünyadan Aslan Kosalı,
Çəkməsəm el qınar burda misalı,
Hüseyin, o nəhəng Nəbim timsalı,
Borçalım dayanıb, öz yerindədi !
30.07.2017

Dağlardan gəlmişəm

Mən saf, duru bir sızqıyam,
Sızlayıram sızım – sızım,
Yaz deyəndə yanır ağzım,
Sızıb dağlardan gəlmişəm.

Sıxıntıyam, sıxılcımam,
Xəyalı xıncım – xıncımam,
Od parçası, qığılcımam,
Qızıb dağlardan gəlmişəm.

Addım – addım yolu, izi,
Bərkitmişəm topuq, dizi,
Yada salıb dostlar sizi,
Cızıb dağlardan gəlmişəm.

Saz deyəndə sazlanıram,
Nəşələnir, nazlanıran,
Çiçək kimi tozlanıram,
Azıb dağlardan gəlmişəm.

Hüseyinəm, qərib eldə,
Qəm, qüssəylə, ələm ilə,
Qəbirimi qələm ilə
Qazıb, dağlardan gəlmişəm.
14.10.2016

Ay bənövşə 

Niyə qaçıb rəngin, ruhun,
Ağrın alım, ay bənövşə ?
Sağa – sola tellərini
Dara yana, yay bənövşə.

O nə yaşdı yanağında ?
Sözmü donub dodağında ?
Özüm ölüm qabağında,
Yoxdu sənə tay bənövşə.

Bircə – bircə tellərini,
Saçlarını say bənövşə.
Yanağından bircə busə
Versən nolar pay bənövşə.

Saçlarımın çal vədəsi,
Ürəyimin xal, zədəsi,
Çağlayar çeşmələr kimi
Çeşmim yaşı çay bənövşə.

Sən baharda açan vaxtı,
Ənbər, ətir saçan vaxtı,
Mən dünyadan köçən vaxtı
Ömrüm olar zay bənövşə.
01.04.2017

Gül sinəm üstə

Açılıb məxməri, gül sinən üstə,
Nazikdi köynəyin, tül sinən üstə,
Yanağın yapışsın yanağım üstə,
Qoy yanım kül olum, kül sinən üstə.

İstər yandır məni, istərsən qovur,
İstərsən külümü lap göyə sovur,
Nə olar, ay canım, tək bircə hovur
Baş qoyum, dincəlim gəl sinən üstə.

Ləblərin yanında ləl də yalandı,
Könlüm evi tarmar olmuş, talandı,
Görsən, cismim od, atəşə qalandı,
Gəzsin gərdən boyu əl sinən üstə.

Arzular ülvidi, xəyallar şirin,
Ataydım daşını qəmin, kədərin,
Ay gülüm, qəlbini qırma şairin,
Eləcə gülümsə, gül sinəm üstə.
22.04.2017

Yana – yana qalmışam

Buz bulağ üstündə buzu yalardım,
Quzqulağ üstündə duzu yalardım,
Qaragöz, qıvrım tel quzu yalardım,
Yaş gözümdə, yana-yana qalmışam.

Yaddaşımdan yağlı, yavan aş keçir,
Boğazımdan çınqıl keçir, daş keçir,
Yavaş – yavaş ömür ötür, yaş keçir,
Yaylaq deyə, yana – yana qalmışam.

Bülbülün cəh – cəhi qulağımdadı,
Nəğməsi dilimdə, dodağımdadı,
Yadımdan çıxmayır iy, qoxu, dadı,
Yarpız deyə yana – yana qalmışam.

Göz oxşayan çəmən, çəhlim, örüşlər,
Tay-tuşlarla vaxtlı – vaxtsız görüşlər,
Çeşmələrlə şirin – şirin öpüşlər,
Yadırğanmaz, yana – yana qalmışam.

Ay işığı, gecə nurlu, su car – car,
Ulduzlar da yanıb – sönərdi, par – par,
Yadındamı, lil içində, a lilpar ?
Yada salma, yana – yana qalmışam.

Bulaqlar da yadırğamış busəni,
Qız tanımır bardaq, səhəng, kuzəni,
Hüseyn, bu dərd bitirəcək bil səni,
Yaxam əldə, yana – yana qalmışam.
21.05.2017

Yatıbdı 

Hər məzar daşında min məna yatır,
Daş var ki, altında ilan yatıbdı.
Adam var ömrünü puç etdi, fəna,
Daş da var, altında insan yatıbdı.

Bəlalar beşikdən, bələkdən gələr,
Əcəlin fərmanı fələkdən gələr,
Sorğular, suallar mələkdən gələr,
Daş var altda firon, filman yatıbdı.

Adam var güldürüb, gülüb gedəcək,
Adam var, it kimi hürüb gedəcək,
Dövran öz dövrünü sürüb gedəcək,
Daş da var altında fidan yatıbdı.

Bir gün də görmədi o, Şəhriyarım,
Köç etdi dünyadan bu, Bəxtiyarım,
İndi qan ağlayır cənnət diyarım,
Daş da var altında Bəhman yatıbdı.

Məzarlar, qəbirlər cərgə – cərgədi,
Nə cəbbəxanadı, nə də cəbhədi,
Bir səssiz – səmirsiz, lal düşərgədi,
Daş da var, altında rəhman yatıbdı.

Adam adam gərək, olmasın qaban,
Ayağ yer tutanda qalxmasın daban,
Şahmar çalan baxmaz şahdı, ya çoban,
Daş da var, altında şaman1 yatıbdı.

Xeyirlə şər cüt doğulub, gəlibdi,
Eşq ucundan hicran çəkən həbibdi2,
Xəstənin dərmanın yazan təbibdi,
Daş da var, altında loğman yatıbdı.

Adam var həyatda dinsiz – imansız,
Özündən, özgədən müdam gümansız,
Hüseyn, adam da var qəddar, amansız,
Daş da var, altında qılman3 yatıbdı.
~~~
1- şaman – ruhlara, magiyaya inan sehrbaz, ovsunçu, cadugər mənasında;
2- həbib – sevgili, dost mənasında;
3- qılman – cənnət, behişt xidmətçiləri mənasında.
09.07.2017

Olmaz, olmaz

Qaraya mən qara, ala al dedim,
Zəhərə mən zəhər, bala bal dedim,
Tirməyə mən tirmə, şala şal dedim,
Görmədim, qaradan ağ olmaz, olmaz.

Çəkilsə qaymağı, alınsa üzü,
Ağaran, qatığı, süzməni, südü,
A qardaş, qoy deyim doğrunu, düzü,
Yüz dəfə çalxala, yağ olmaz, olmaz.

Bassa da hər yanı alaq, ot, çayır,
Oğulsan qanqalı gəl güldən ayır,
Sən öz saydığın say, fələk nə sayır ?
Hər çayır-çəməndən tağ olmaz, olmaz.

Götür bağ – bağçada ək qaratikan,
İstəyir moruğ ək, istər böyürtkən,
İynəsi qanadan, sökəndi tikan,
İnan ki, hər koldan bağ olmaz, olmaz.

Əlinə qazma al, bel, külüng götür,
Qaz qara torpağı, qalaqla, ötür,
Ah, nədir faydası, ay Aslanoğlu ?
Hər alçaq təpədən dağ olmaz, olmaz.
15.09.2017

Mən sənin adını başa yazaram !

Sən Odlar Yurdunun bir parçasısan,
Rəssamlar toxuyan xalça, xalısan,
Seyrəngah səfalı, xoş havalısan,
Dərdindən-sərindən lap ahu – zaram,
Çəkərəm göz üstə, qaşa yazaram !

Salnaməsən, salğarın, sanbalın var,
Kitaba, dəftərə, dərsliyə salar,
Mən sənin adını o, şiş zirvəli
Həkk edər qayaya, daşa yazaram,
Murovla, Qoşqarla qoşa yazaram !

Bir cənnətsən, gül-bülbüllü bağ kimi,
Çalması dumandan, uca dağ kimi,
Qoynunda qaynayan saf bulağ kimi,
Daşdan, qumdan sızqı kimi sızaram,
Mən sənin adını yaşa yazaram !

Vüqarlısan, vüqarına heyranam,
Qürurlusan, qüruruna heyranam,
Əhdi – peyman, ilqarına heyranam,
Adına yamağı yaraşdırmaram,
Səndən iraq deyib, haşa yazaram !

Göyçə mənimkidi, mənim ki deyil,
Dərbənd mənimkidi, mənim ki deyil,
Təbriz mənimkidi, mənim ki deyil,
Çatar qaşlarımı ah, aram – aram,
Mən necə keçmişim çaşa yazaram ?!

Hüseyn, sultanımdı, xanım Borçalım,
Şərəfim, şöhrətim, şanım Borçalım,
Mahallar içində canım Borçalım,
Düşmənin quyusun dərin qazaram,
Mən sənin adını başa yazaram !
26.09.2017

Dildi sözü cilalayan

Korş ağızlı kərki kimi
Dil var sözü yonur, tökür,
Əyrim – üyrüm, kələ – kötür
Sözdən baş aç, məna götür.

Yeyə var ki, adı törpü,
Dəmiri də yeyər, tökər.
Yeyə sözü yeyə bilməz,
Sözdən sözə yol var, -körpü.

Hər dil sözü cilalamaz,
Sığallamaz rəndə kimi.
Heca – heca, sətir – sətir,
Misra – misra, bəndə kimi.

Dildi sözü cilalayan,
Hamarlayan, tumarlayan,
Sığal çəkib, malalayan,
Dənə – dənə, dərkə kimi.
01.10.2017

Dağlar

Bu yol çəkən iki gözüm
Yollarında kökür dağlar.
Səngiməyir odum, közüm,
Hara baxır gözün dağlar ?

Nə dərdim var, nədi sərim?
Dərd sinəmdə dərya, dərin.
Nəyə büküm, hara sərim
Dərdi – səri düzüm dağlar ?

Qalmadı, səbrim tükəndi,
Qırılar, nazik tükdəndi,
Çəkdiyim fikir, yükdəndi,
Qalmayıbdı dözüm dağlar.

Baldırğanın bal, cökəndi,
Köz üstə kömbən, kökəndi,
Azar – bezar bel bükəndi,
Bükülübdü dizim dağlar.

Kəhərlərin nal tökəndi,
Gül – çiçəyin hal sökəndi,
Hüseyn sənə qul, nökərdi,
Budur axır sözüm dağlar.
19.10.2017

Durna

Qar – borandan, qasırğadan,
Qan – qadadan qaçan durna,
Mən məhzundan salam söylə,
Üzü Qərbə uçan durna…

Salam apar qucaq – qucaq,
Yurd – yuvama çatdır, qoncaq,
Qoy sönməsin o od – ocaq,
Qoşa qanad açan durna…

Gedir, gəlir qonağ kimi,
Qəbul edir qınağ kimi,
Qəddim olur yumağ kimi,
İldə bir yol, dayan durna…

Bənövşəsi, nərgizindən
Dər əlinlə, dəstə bağla,
Göndər öpüm güllərindən,
Qismət olsa, haçan durna…

Di qalx, uç, qalma dəstəndən,
Nigaranam mən Vətəndən,
Qırx bir il çıxdaşam kənddən,
Gülü ətir saçan, durna…
21.10.2017

Nə var ki

Dalğıcsansa, dəryalara baş vur sən,
Dayazlarda çırpınmağa nə var ki.
Dalın ilə daş atana daş at sən,
Qum atmaqla qırpınmağa nə var ki.
Bacarırsan zirvə, dağ ol, daşınma,
Təpə olub, aşınmağa nə var ki.
Bir barmaqla çətin olar qaşınmaq,
Beş barmaqla qaşınmağa nə var ki.
Bağbanlar becərən bağçada, bağda
Budaqda meyvənin bir nübarıyam,
Demə söz ustası, dil pərgarıyam,
Dil – dil ötüb, danışmağa nə var ki.
Sərrafsansa sözə zər çək, zinət ver,
Yaşamağa möhrünü bas, möhlət ver,
Sənlik deyil, nə əzab, nə möhnət ver,
Zağca kimi zarımağa nə var ki.
09.10.2017

Azərbaycan bayrağım !

Şəhid qanına boyandın,
Göylərə qalxdın, ucaldın,
Başım üstə dalğalandın,
Müqəddəsdi andın, andım,
Azərbaycan bayrağım !

Dan ulduzum, Ayım axan,
Günəş kimi parlaq doğan,
Kor olsun sənə xor baxan,
Yağını yandıran, yaxan
Azərbaycan bayrağım !

Ay batıbdı, dan sökülüb,
Yuxumuz ərşə çəkilib,
Nəzərlər sənə dikilib,
Uğrunda qanlar tökülüb,
Azərbaycan bayrağım !

Enmə, əymə qamətini,
Göstər qürur, qeyrətini,
Dünya görsün şöhrətini,
Məyus etmə millətimi,
Azərbaycan bayrağım !

Göyləri gözəl bəzəməz,
Qəlbi riqqətə gətirməz,
Başqa bayrama bənzəməz
Ab – havada bu bayram da,
Azərbaycan bayrağım !

Rəngin qanımın rəngidi,
Qanım coşduran “Cəngi”di,
Səhər açdı, sülh ləngidi,
Şəhidlik mərdlik rəmzidi,
Azərbaycan bayrağım !

Vətən, haylara qızıram,
Qələmlə qəbir qazıram,
Şəninə şeir yazıram,
Əmr et, döyüşə hazıram,
Azərbaycan bayrağım !

Al-qumaş gey ləldən-zərdən,
Allah qorusun, saxlasın
Səni xain, bəd nəzərdən,
Müjdə yetir xoş səhərdən,
Azərbaycan bayrağım !
09.11.2016

Qoy bir olsun ordumuz da

Qışımız bir, yazımız bir,
Canımız bir, qanımız bir,
Sözümüz bir, sazımız bir,
Çoxumuz bir, azımız bir,
Qoy bir olsun ordumuz da,
Azərbaycan – Türkiyə !

Sənin bayrağın mənimki,
Mənim bayrağım səninki,
Sənin oylağın mənimki,
Mənim oylağım səninki,
Qoy bir olsun ordumuz da,
Azərbaycan – Türkiyə !

Hay hay ilə həmrəy olar,
Zay zay ilə həmrəy olar,
Türk türk ilə həmrəy olsa
Dünya dağılmaz ki, nolar?
Qoy bir olsun ordumuz da,
Azərbaycan – Türkiyə !

Bulağımız, buzumuz da,
Duzlağımız, duzumuz da,
Quzumuz da, qurdumuz da,
Yuvamız da, yurdumuz da,
Qoy bir olsun ordumuz da,
Azərbaycan – Türkiyə !

Sən də türksən, mən də türkəm,
Sən yapıncı, mənsə kürkəm,
Sən ordasan, mənsə burda,
Baş əyməyək itə – qurda,
Qoy bir olsun ordumuz da,
Azərbaycan – Türkiyə !
17.11.2016

Ziyam “ZİRVƏ”

Günəş kimi parla göydə,
Şölə, nur saç üfüqlərdə,
İşıqlansın Yer də, Göy də,
Ey ziyalım, ziyam “ZİRVƏ” !

Gözün qırpma, bax şəhanə,
Misra – misra, xanə – xanə,
Sazı – sözü yay cahana,
Ey ziyalım, ziyam “ZİRVƏ” !

Kamal səndə, kəlam səndə,
Vurğun oldum sənə mən də,
Yüksəl, ucal pillə – pillə
Ey ziyalım, ziyam “ZİRVƏ” !

Mən pərvanə, sən də bir şam,
Söz mülkündə eylə qiyam,
Qoy çin olsun yuxum, röyam,
Ey ziyalım, ziyam “ZİRVƏ” !

Hüseyinə arxa, dayaq,
Elm, bilik, alim sayaq,
Yol göstərən, sən ol mayak,
Ey ziyalım, ziyam “ZİRVƏ” !
30.07.2018

Cavanşirin bulağında

Başkeçidi bəyənməyən
Xain, xoflu, müxənnətdi,
Sür səfanı, el cənnətdi,
Cavanşirin* bulağında.
~~~~
* – general Cavanşir Məmmədov

Bir yanda quşlar oxuyar,
Hər yan müşk-ənbər qoxuyar,
Gözəllikdən gözmü doyar
Şair, Şahmarlı dağında ?

Yaddaşında saxla anı,
Təravətli, tərdi yanı,
Doyunca doldur dolçanı,
İç, dərmandı suları da.

Daş, qayadan qaynar bulaq,
Bulaq başı dincdi qulaq,
Müşfiq məllim, xoşhal olaq
Sərin bulaqlar başında.
21.08.2018

Mənbə: Şairin seçmə şeirlər toplusundan

 

 

 

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur