Hüseynqulu Məmmədli barədə məlumat

KAMANDAR

Dizimdə taqət yox, gözümdə qara,
Gözləməkdən yollarını, Kamandar.
Günü-gündən dərdi-qəmim azalır,
Dilləndirsən tellərini, Kamandar.

“Urfanı”dan əhli-ürfan kam alar,
“Yanıq Kərəm” ürəklərə od salar,
Eşqə düşən, ərənlərdən cam alar,
Dinləyəndə xallarını, Kamandar.

“Mənsuru”nda Mənsur dara çəkilər,
“Zarıncı”da gözyaşları tökülər.
“Divanı”də xanimanlar sökülər,
Görmək olmaz əllərini, Kamandar.

Keçib gedir ömrümüzün karvanı,
“Misri”, “Cəngi” Koroğlunun fərmanı,
“Sarıtel”in xəstələrin dərmanı,
Çal, sevindir ellərini, Kamandar.

Hüseynqulu sazın-sözün vurğunu,
Eldən ayrı oldum elin yorğunu.
Zalım fələk belə qurub qurğunu,
Gəlib sorsan hallarımı, Kamandar.

DEYİL

Bu dünyanın etibarı
Heç kimsəyə qalan deyil.
Gələn gedər, gedən gəlməz,
Bu, bir haqdı, yalan deyil.

Başı qarlı uca dağlar,
Göy çəmənlər, barlı bağlar,
Nə yas saxlar, nə qan ağlar,
Bizi yada salan deyil.

Çox yalvarma gəl, namərdə,
O, nəşədə, sən kədərdə.
Namus, qeyrət itən yerdə
Haqq söyləsən, qanan deyil.

Uzaq dolan yekəbaşdan,
Şöhrətpərəst, qəlbi daşdan.
Hər fitnəsi yekə dastan,
Mərfət, hörmət qanan deyil.

***

Dəli Domrul, Əzrayılla güləşmə,
Arxasında Allahı var dağ kimi.
Min ev yıxır, yüz min qapı bağlayır,
Soruşan yox, işin gedir yağ kimi.

***

Duz-çörək kəsdiyim vəfasız dostun,
Əhdi-etibarı dilində imiş.
Fürsət ələ düşdü, arxadan vurdu,
Xəyanət xəncəri əlində imiş.

Related Posts

Kitablar
Oruc Nikbinin kitabları

Oruc Nikbin barədə məlumat Oruc Nikbinin şeirlərindən nümunələr “Faxralıdan güc almışam” şeirlər ktabına ön söz yazan xalq şairi

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur