Faxralıdı
Harda olsam fəxr etmişəm, iftixarım Faxralıdı,
Alnıaçıq, başıuca – öz vüqarım Faxralıdı.
Eli atıb tutan bay olarmı bu dünyada,
Qəza gəlsə, dara düşsəm xilaskarım Faxralıdı.
Babam mənə miras verib bu laləzar torpaqları,
Qarş-qarış qismətimdi – dövlət-varım Faxralıdı.
Bahar gəlib, ətirlənib seyrəngahım bulaq üstə,
Kef məclisi qurulanda yoldaş, yarım Faxralıdı.
İlyasam, candan keçərəm yolunda bu gözəl yurdun,
Qeyrəti mən buran aldım, namus-arım Faxralıdı.