İsmayıl Güllər barədə məlumat

Qocalıqdadı

Gələni-gedəni seçə bilmirəm,
Günah məndə döylü, qocalıqdadı.
Astaca gedirəm, qaça bilmirəm,
Günah məndə döylü, qocalıqdadı.

Qaraya baxıram, gözüm torlanır,
Düz yaza bilmirəm, yazım korlanır.
Yazım düz olmasa, söüm korlanır,
Günah məndə döylü, qocalıqdadı.

Əyilib çeşmədən içə bilmirəm,
Darısqal körpüdən keçə bilmirəm,
Qartalı görürəm, seçə bilmirəm,
Günah məndə döylü, qocalıqdadı.

Qulağım yaxşıdı, gözlərim zəif,
Həyat hökmü verib, qəddimi əyib.
Səbəbi səksəndir – babalar deyib,
Günah məndə döylü, qocalıqdadı.

Harada qalıbdı mənim zil səsim,
Daha oxumağa gəlmir həvəsim.
Çünki oxuyanda gəlmir nəfəsim,
Günah məndə döylü, qocalıqdadı.

Gəzdiyim yerləri gəzə bilmirəm,
Gəzməsəm, bir yerdə dözə bilmirəm.
Diş yoxdu, yeməyi əzə bilmirəm,
Günah məndə döylü, qocalıqdadı.

Dediyim arzuya çata bilmirəm,
Ovumu bərədə tuta bilmirəm,
Nişanı düz tutub ata bilmirəm,
Günah məndə döylü, qocalıqdadı.

İsmayıl Güllərəm, ötübdü yaşım,
Ağrını-acını çox çəkib başım.
Nöqsanma gülməsin sirim-sirdaşım,
Günah məndə döylü, qocalıqdadı.

Dünyanın

Ömür keçdi, saç ağardı, qocaldım,
Az dadmadım zəhərindən dünyanın.
Tale məni dolaşdırdı həyatda,
Bəxtim düşdü kəhərindən dünyanın.

Namərd keçdi hey sağıma, soluma,
Kəmənd atdı ayağıma, qoluma.
Qəza-qədər çəpər oldu yoluma,
Kam almadım səhərindən dünyanın.

Qaraxaçda xalxahmız dağıldı,
Vardan çıxdıq, dövlətimiz sovuldu.
Xam atlarım yad ellərə qovuldu,
Baş açmadım təhərı’ndən dünyanın.

Ata mülküm Tənəhlidə yad oldu,
Hər görəndə göz yaşlarını od oldu.
Xeyirini yadlar gördü, şad oldu,
Qəhər dərdim bəhəriondən dünyanın.

İsmayıl Güllərəm, nəsilim ulu,
Sinəm şeiriyyətlə doludur, dolu.
Saldığım cığırı, keçdiyim yolu,
Ayırmaram heç nəhrindən dünyanın.

Olur

Gəndinə güvənib tək mənəm demə,
Salallar alçağa el yaman olur.
Gur axan sulardan mərdana keçmə,
Daşanda dəryada sel yaman olur.

Qulluq əldən gedər, sən alçalarsan,
Keçən günlərini yada salarsan.
Tutduğun pis işdən peşman olarsan,
Tərsinə əsəndə yel yaman olur.

Bir gün olar baxan olmaz sözünə,
Yaxşı-yaman borcun çatar özünə.
Getmə əyriliyə, çalış düzünə,
Sağalmaz yarası, dil yaman olur.

Çox da bel bağlama, müvəqqətidi,
Tamahnı az eylə, el zəhmətidi.
Bir azca parlasan baş töhmətidi,
Açacaq sirrini, pul yaman olur.

İsmayılam, belə gördüm binadan,
Sərraf süzər, sözü seçər sinədən.
Yarananlar köçəcəkdir dünyadan,
Tarix yetişəndə hal yaman olur.

Yat-ha-yat

Hər kəs mətahını bazara çəksə,
Yaxşı malı tez satacaq, sat–a-sat.
Baxan olmaz çürük malın üzünə,
Alan olmaz, dur yanında, yat, ha yat.

Keçi borcu ödənilməz qoyunla,
Kal yerinə öküz getməz boyunla.
Məddah olma min kələklə, oyunla.
At əvəzin at ödəyər: ata-at!

İsmayıl Güllərəm, düşsəm də cəngə,
Namərdin əlindən gəlmərəm təngə.
Boğçamı açaram, pulum bir çəngə,
Xırd elərəm mən üstündə: yat-a-yat!

Keçəcək

Eybini bilməyən arsız adamlar,
Ağzına gələni atıb keçəcək.
Müştəri tapmasa, almayanlara
Dəyər-dəyməzinə satıb keçəcək.

Eləsi var, ar tapılmaz sərində,
İtirər adını el üzərində.
Məclisin, söhbətin şirin yerində,
Araya ixtilaf qatıb keçəcək.

Beləsinin nəynə gərək yaxşı söz,
Yaxşı mərfət, yaxşı nəshət, yaxşı söz.
Öz dediyi özü üçün yaxşı söz,
Deyib məqsədinə çatıb keçəcək.

Ay İsmayıl Güllər, çox belasini,
El istər içindən yox beləsini.
Qəbirə qoyanda bax, beləsini,
İrəhmət yanından ötüb keçəcək.

Related Posts

Kitablar
Oruc Nikbinin kitabları

Oruc Nikbin barədə məlumat Oruc Nikbinin şeirlərindən nümunələr “Faxralıdan güc almışam” şeirlər ktabına ön söz yazan xalq şairi

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur