Məmmədəli Əlləzov haqqında

Yaylağa gəlin

Ətirli köynəyi əlvan yaxalı,
Lalənin bağrıdır üzündə xalı.
Deyirsən dağların döşü bir xalı,
Dolama yollar da naxışlardır.

Sinəsində çiçək, zirvəsində qar,
Sanki pəhləvandı dəbilqəsi var.
Əlində nizəsi-yalçın qayalar,
Döşündə qalxanı yoxuşlarıdır.

Güllərə qərq olub dərə, dağ, düzən,
Yamacda çobandır sürünü süzən.
Otların boynuna mirvari düzən,
Baharın inci tək yağışlarıdır.

Arandan qoynuna gələr qonaqlar.
Döşdə çiyələyə dönər yanaqlar.
Daşların dibindən sızan bulaqlar,
Talada ceyranın baxışlarıdır.

Doymaram

Ruhumdu “Ruhani”, saz havasında,
Kərəmi yandıran teldən doymaram.
Səngərin ətri var yaz havasında,
Çiçəkdən doymaram, güldən doymaram.

Eşqim qayaların şəlaləsidir,
Lalələr məhəbbət piyaləsidir.
Canım bu yerlərin pərvanəsidir,
Çəməndən doymaram, çöldən doymaram.

Ey könül, əzizdir eldə hər qarış,
Kül olub müqəddəs torpağa qarış.
Gəzərəm vətəni mən qarış-qarış,
Obadan doymaram, eldən doymaram!

Kəndimiz

Kəndimiz dağların qucağındadır,
Şirin laylasıdır həzin bulaqlar.
Yurdu babaların ocağındadır,
Bəlkə, babalardır elə bu dağlar.

Dərələr dərindir, zirvələr uca,
Şəlalə Koroğlu nərəsi kimi.
Göylərə yüksələn qayalar haça,
İgid babaların nərəsi kimi.

Kəhraba zəmilər, göy biçənəklər,
Dağların döşündə, yaxasındadır.
Qışında solsa da, güllər, çiçəklər,
Ətri nənələrin yuxasındadır.

Dağların ətəyi yaşıl bağça-bağ,
Laçınlar yetirir suyu, havası.
Zümrüdə bürünmüş yamaclara bax,
Çoban dəyələri – qartal yuvası.

Sırğalı tənəklər eyvanı bəzər,
Aynabənd binalar daşlı, dəmirli.
Burda cavanlar da vələsə bənzər,
Burda qocalar da palıd ömürlü.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur