Məmmədəli Zəngin barədə məlumat

Olub

Ay həzərat, gəlin, məni dinləyin:
Sinəmin dağları, baxın, dörd olub.
Ürəyim köksümə, gör, sığışmayır,
Dünən xalqı çapan bu gün mərd olub.

Yaxşılıq deyilən daha heç oldu,
Səyriyən fərələr xoruz-beç oldu.
Quşların şahbaı bülbül necoldu?
Çəmənlər də bayquşlara yurd olub.

Dağların başına dumanlar çökür,
İllər həsrəti tək belini bükür.
Zənginin gözləri qanlı yaş tökür,
Özüm də bilmirəm, bu nə dərd olub.

Qismət eylə

Sənə qurban, ey Yaradan,
Pisi dara qismət eylə.
Müxənnət bağında açan
Gülü xara qismət eylə.

Görüm, qalsın yerdə yanı,
Od alsın, yansın peymanı.
Dostu dostdan ayıranı
Ahu-zara qismət eylə.

Məmmədəli istər bunu:
Tökülməsin insan qanı.
Ovçu tutsun ceyranını,
Yarı yara qismət eylə.

Qoşma (Şair Nəbiyə)

Qəflət yuxusundan oyanıb, indi
Bu gözəl günləri görəsən, Nəbi.
Bahar fəsli çöldə-düzdə açılan,
Ətirli güllərdən dərəsən, Nəbi.

Sözünün hər biri qızıldan baha,
Qoşurdun sözünü bu gün-sabaha.
Qəbrin üstə yalvarıram Allaha,
Təzədən dünyaya gələsən, Nəbi.

İçdin haqq əlindən sevgi badəsin,
Aşıqlar qorxurdu gələndə səsin.
Çağrılır məclisdə çox müxəmməsin,
Eşidib yaxından biləsən, Nəbi.

Məmmədəli, burda gülə bilmirəm,
Gözlərim yaşarır, silə bilmirəm.
Cavanam, çox şeyi bilə bilmirəm,
Mənə bir kamil dərs verəsən, Nəbi!

Mənimdi

Özündən dəm vuran ustad aşığam,
Geyərəm, yaşıllar-allar mənimdi.
Mərdin hərəsində namərd yatammaz,
Bəndləri tutaram, yollar mənimdi.

Mən bilirəm göyün yeddi qatını,
Çox namərdsən, tanıyıram zatını.
Sən yüz də eş ayağımın altını,
Xumar gözlü, ağzı ballar mənimdi.

Bir arif istərəm sözümü qana,
Tanıda Zəngini o, Gürcüstana.
Girmişəm meydana mərdi-mərdana,
Ataram şeşi-beş, xallar mənimdi.

Dünya

Əlindən Xudaya şikayətim var,
Kimini qaldırdın ucaya, dünya.
Kiminin gözündə gündüzə döndün,
Kiminin gözündə gecəyə, dünya.

Kiminin üstünə birdən çökürsən,
Kiminin gözündən qanlar tökürsən.
Hərdən qılıncını tərsə çəkirsən,
Baxmırsan düşgünə, qocaya, dünya.

Kimini yetirdin tükənməz vara,
Kimini namuraz qoydun məzara.
Kimini sail tək saldın avara,
Kimini döndərdin xocaya, dünya.

Kimini yarıtdın, eylədin xoşbəxt,
Kiminin üstünə atdın əziyyət.
Kimini ağlatdın, eylədin həsrət
Ataya, anaya, bacıya, dünya.

Kimini yurdundan tamam itirdin,
Kimini mətləbə, kama yetirdin.
Biçarə Zəngini cana gətirdin,
Dönübsən keçilməz bağçaya, dünya!

 

Related Posts

Kitablar
Oruc Nikbinin kitabları

Oruc Nikbin barədə məlumat Oruc Nikbinin şeirlərindən nümunələr “Faxralıdan güc almışam” şeirlər ktabına ön söz yazan xalq şairi

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur