Mirvair Məmmədova barədə məlumat
LALƏLƏR
Təzə-təzə göz açan,
Çəmənə ətir saçan,
Dodağı qan lalələr;
Yanar ulduzlar kimi,
O qızıl piyalələr.
Yel əssə, yellənərlər,
Axarlar, sellənərlər.
Ö çiçək dilləriylə
Astaca dillənərlər.
Külək çölü ətəklər,
Çəməndə güllər qalar.
Bir lalə yanağından
Neçə arı bal alar.
NƏNƏMİ
Boz-bulanıq gölə dönüb gözlərim,
Axtarıram burmabirçək nənəmi.
Oxşarında bir ağbirçək qalmayıb,
Hardan alım gözəl-göyçək nənəmi.
Xeyli vaxtdır asılmayır nəhrəsi,
Yas saxlayır düyünçəsi, cəhrəsi.
Laylasına həsrət qalıb pöhrəsi,
Kim kökündən üzdü çiçək nənəmi.
Mirvariyəm, ayaq bassam o bağa,
Canım yanar hər saralan yarpağa.
Deyirlər ki, çoxdan dönüb torpağa,
Torpağından necə seçək nənəmi.