Söhbəddin Məmmədov barədə məlumat
DÜNYADI
A dosrtlar, bilin ki, düz tutulmayıb
Mayası, yalandan yalan dünyadı.
Kimiyə səfadı, kimiyə cəfa,
İnsanı ucaldan, salan dünyadı.
Dinləyin sazımı, dinləyin bir az,
Dərdimi çəkəmməz nə Kür, nə Araz.
Nə ola, gözündə qalmaya muraz,
Əhdinə vəfasız olan dünyadı.
Sevinci dayazdı, kədəri dərin,
Söhbəddin, ağırdı qəza-qədərin.
Talayıb könlümü, bilmirəm sirrin –
Gətirən dünyadı, alan dünyadı.
BƏLKƏ
Dillən könül sazım, öt yavaş-yavaş,
Sinəmin dərdləri azala, bəlkə.
Haray sal simlərə, od sal simlərə,
Pozulmuş pərənim düzələ, bəlkə.
Qəm karvanı, qəm yüküdü “Urfanı”,
Havalar sultanı, havalar xanı.
Dağıt bu boranı, qov bu tufanı,
Oxuya bülbüllər, yaz ola, bəlkə.
Bilmirəm, düşübmü ömrüm düyünə,
Çoxdandı həsrətəm toya-düyünə.
İstərəm ki, sazda gülüm güllənə,
Nəğməli dastanlar yazıla, bəlkə.