Yeni məktəb tikintisi uğrunda…
Faxralı kolxozunda, sonralar isə bir müddət sovxozda tikinti, abadlıq məsələləri günün vacib tələblərindən biri oldu. Hələ ilk illərdə inzibati bina, xəstəxana, uşaq bağçası binaları, mal-qoyun fermaları üçün damlar, yataqlar tikilmişdi. Kənd təsərrüfat maşınları – traktor, kombayn, molotilka üçün geniş dayanacaqlar yaradılmışdı.
Bol ərzaq məhsulları üçün xüsusi sahələr ayrılmışdı. Kənd ətrafı şosse yolları çəkilmiş, yolların kənarlarına qoz, yasəmən ağacları əkilmışdi.
Ancaq əvvəl qeyd etdiyim kimi, yenə də orta məktəb uyğunlaşdırılmış, köhnə yaşayış binalarında yerləşir, müasir tələblərə cavab vemıirdi. Yeni tikinti və abadlıq işləri fonunda olduqca cılız görünürdü.
Bu məqsədlə əvvəl kolxoz idarə heyyətinə müraciət etdim. Kolxozla bizim əməkdaşlığımız möhkəm idi. Yeri gəldikdə tez-tez, məhsul yığımında yuxarı (VlII-X) siniflərin iməciliyinj təşkil edirdik. Qərara aldıq ki, Maarif Nazirliyinə müraciət edim və oradan orta məktəb binası üçün hazır layihə alım. Bir neçə gün keçəndən sonra koxozdan xüsusi məktub götürüb nazirliyə getdim. Nazirlikdə tikinti üzrə müavin məni çox ləngitmədi. Və hazır olan layihələrdən birini verib müvəffəqiyyət arzuladı. Bu uğurlu təşəbbüs məni çox sevindirdi. Kəndə döndükdən sonra təcili Rayon İcra Komitəsinin sədri olan dostum, mərhum Əmir Məmmədovun qəbuluna getdim. O, kolxozun bu xeyirxah təşəbbusünü alqışla qarşıladı. Rayon tikinti idarəsinə zəng edib bu işi üzərlərinə götürməyi və tezliklə başlamağı tapşırdı. Ancaq ilk baxışda asan görünən məktəb tikintisinin sən demə əziyyətli günləri sonra imiş. Biz bütün çətinliklərə sinə gərib böyük həvəslə işə başladıq. Əvvəla yubanmadan tikinti idarəsi ilə Faxralı kolxozu arasında müqavilə bağlanmasını tezləşdirdik. Az keçmədən fəhlələr tikinti işinə girişdi. Bu işə məktəbin yuxarı sinif şagirdlərini də səfərbər etdik. Şagirdlər yuxarı mərtəbəyə daş, çamır, ağac daşımaqda həvəslə və könüllü kömək edir, hətta istirahət günlərində də işləməyə gəlirdilər.
Olduqca sürətlə və fasiləsiz davam edən tikinti bir il müddətində keyfiyyətlə başa çatdı. Əlavə edim ki, bu işdə təşəbbüskar olan kolxoz, kənd soveti sədrləri və məktəb direktorunun (Əli Əliyev, Binnət Mahmudov, Hüseynqulu Məmmədovun) adlarını qara tuşla yazıb butulkaya saldıq və surquçlanmış butulkanı məktəbin özülünə qoyduq.
Hələ qarşıda binanın (sinif otaqlarının) təzə inventar və avadanlıqla təmin olunması, kabinet və laboratoriyaların yenidən təchizi kimi mühüm məsələ həllini gözləyirdi. Bu isə həm çətin, həm də vacib idi…
Yenidən Gürcüstan Maarif Nazirliyinə müraciət etməli oldum. Nazir əvvəldən məsələdən xəbərdar idi. Ərizəmi dərkanarla tədbir görmək üçün tikinti-təchizat üzrə müavinin sərəncamına göndərdi. Burada bir neçə gün gözləməli oldum. Nazir müavini Msxet rayon təchizat bazasına məktub yazdırdı. Əlavə olaraq özü də zəng edib ləngitməməyi tapşırdı. O da məlum oldu ki, orada mən tələb etdiyim qədər hazır parta və digər avadanlıq yoxdur. Ona görə də parta və şkafların hazırlanmış hissələrini qəbul edib məktəbdə, yerli sənətkarlar tərəfindən yığdırıb rənglətməyə razılıq verdik. Beləliklə də bütün yayı Msxetidən avadanlıq hissələri daşımağa məcbur oldum. Bu işdə (xüsusi yük maşınları ilə təmin etməkdə) yenə də kolxoz idarə heyəti həlledici rol oynadı. Xüsusən sədr Əli Əliyev və Binnət Mahmudov müstəsna fədakarlıq göstərdilər.
Bütün yay aylarında şagird partaları və şkaflar yığıldı və rəngləndi. Məktəbin ustası İlyas, Alı Məmmədovlar və oğlum Elxan Məmmədov (IX sinif şagirdi) bu ağır işin öhdəsindən çox ləyaqətlə və təmənasız gəldilər. Bütün sinif otaqlan yeni şagird partalari və digər əşyalarla təmin olundu. Məktəbin geniş torpaq sahəsini hasarlatdım. Hasarm ağac materiallarını arabalarla “İtkörpüsü” deyilən 25-30-km uzaq məsafədən gətirdim. Bu işdə yenə kolxoz idarə heyətinin sədri Əli Əliyev və sıravi kolxozçu Qara Aşırov əlimdən tutdular. Qara kişi abırlı-həyaı adam idi. Halal zəhməti ilə yaşayırdı. Yaxşı cins minək at saxlayırdı. Atını bəlkə də özündən də artıq istəyirdi. At da kənddə barmaqla göstərilən atlardan idi. Cəsarət edib Qara kişinin atını, bir gün “İtkörpüsünə” getmək üçün istədim. Rəhmətlik məqsədimi bilən kimi “at sənə qurbandı” deyib imtina etmədi, atını məndən əsirgəmədi, bu bir daha göstərdi ki, xeyirxah adam imiş. Həmişə də mənə “bacıoğlu” deyə müraciət edərdi. Dayılıq səlahiyyətini bir daha öz xeyir əməlləri ilə təsdiq elədi. (Allah ona rəhmət eləsin. Amin!)
1961-ci ildə təzə məktəbin təntənəli açılışını keçirdik. Bu açılışda müəllimlər və şagirdlər bayram sevincini yaşadılar. Açılışda Gürcüstan maarif nazirinin müavini Uşanqi Oboladze, rayon Partiya Komitəsinin yeni katibi Sanikidzə, rayon maarif şöbəsinin müdiri Eradze, qonşu Azərbaycan məktəblərinin direktorları və direktor müavinləri iştirak etdilər.
Açılışda mən və digər nümayəndələr çıxış etdik. Kolxozun idarə heyətinə, onun sədrinə, xüsusən bu tikintidə böyük səylər göstərən Əli Əliyevə, Binnət Mahmudova minnətdarlığımızı bildirdik.
Məktəbin açılışının başa çatmasından sonra iştirakçıları banketə dəvət etdik. Lakin I katib işinin çox olmasını bəhanə gətirərək banketdə oturmadı. Etiraf edim ki, onun banketdə qalması mənim də ürəyimdən deyildi. Bir neçə il bundan əvvəl onun Borçalıda I katib işləyərkən büro iclasında millətçilik zəminində törətdiyi hadisə bu gün də yadımdan çıxmır. Həmin iclasda o, rayonda prokuror işləyən gənc azərbaycanlı Cəfərlini təhqir və hədə nəticəsində elə vəziyyətə çatdırmışdır ki, axırda Cəfərli dözməmiş, büronun gedişində özünü tapanca ilə vurmuş və həlak olmuşdu.
Bu özündən razı, eqoist katibi isə Gürcüstan Mərkəzi Partiya Komitəsi ciddi cəzalandırmaq və rəhbər partiya işindən uzaqlaşdırmaq əvzinə Tiflis Vilayət Partiya Komitəsinə keçirmişdi. Və az fasilədən sonra, (yəqin ki, azərbaycanlılara divan tutmaq məqsədilə) Bolnisi rayonuna I katib vəzifəsinə göndərilmişdi.
Şübhə etmirik ki, Sanikidzenin yerinə hər hansı bir azərbaycanlı olsaydı, daha ağır cəzaya məhkum edilər və partiya sıralarından xaric olunardı. Əhalinin 70-80 faizi azərbaycanlı olan Bolnisi rayonuna qəsdən göndərilməsinə də şübhə etmirəm.
Sanikidze bizim rayona gəlməmişdən əvvəl mən bir neçə yerdə demişdim ki, o biləyinə qədər azərbaycanlıların günahsız qanına bulanlb. Yaxşı adam deyil…
Qəribə burasıdır ki, azərbaycanlı prokurorun özünü öldürməsindən sonra da Sanikidze şəxsi və milli ədasından əl çəkmədi. Daha da qəddarlaşdı.
Belə nəticə çıxarmaq olardı ki, I katibin məktəbin açılış banketində oturmaması bəzi zidd qüvvələrə mənəvi dayaq oldu. Onları bir qədər də ruhlandırdı. Az keçmədən Rayon Partiya Komitəsinin ünvanına bir neçə nəfərin imzası ilə haqqımda məktublar daxil oldu. Doğrusunu deyim ki, bu şikayət məktubu mənim üçün gözlənilməz idi. Ərizəyə imza atan gənc müəllimlərin belə əsassız xəyanətə baş qatması da təəcüblü idi. Müxtəlif illərdə IX-X siniflərdə onlara dərs demişdim. Hər birinə bu və ya digər şəkildə yaxşılığım keçmişdi. Dərslə də kifayət qədər təmin olunmuşdular. Əsaslı narazılıqlarına isə elə bir səbəb görmürdüm. Amma nə etmək olardı, namərd, hər yerdə namərddi. Burada əqrəblə balığın görüşü haqqında xalq hikməti yadıma düşdü: Axar çayı keçmək istəyən əqrəb çay kənarında suda üzən balıqla qarşılaşır. Göz yaşları tökərək yalvarır ki, onu da dalına alıb çayın o biri sahilinə çıxardsın, əqrəbin xasiyyətini bilən balıq ona deyir ki, səni sahilə çıxardaram, ancaq qorxuram məni sancasan. Əqrəb sancmayacağına and içir. Balıqla razılaşırlar. Ancaq sahilə çıxarkən əqrəb balığın belindən sancır. Ağrını hiss edən balıq əqrəbdən soruşduqda ki, nə üçün andını pozaraq ona xəyanət etdi? Əqrəb cavab verir ki, bağışla, sancmağa adət etmişəm, adətimi tərk edə bilmərəm.
Ərizənin yoxlama nəticəsi Rayon Partiya Komitəsinin büro iclasında müzakirə edildi. Gözləmədiyim halda bütün büro üzvləri məni müdafiə etdi. Və nəzərimə çatdırmaqla vəzifədə saxlamaq qərarına gəldilər.
Mən isə belə haqsızlıq şəraitində işləməyi özümə rəva görmədim, qeyd etdim ki, ərizəyə imza atanların hamısı mənim keçmiş şagirdlərimdi, əgər onlar mənim indiyə qədər olan zəhmətimi düzgün qiymətləndirməyi bacarmırlarsa, belə şəraitdə mən bundan sonra işləyə bilmərəm. Təkidlə xahiş elədim ki, məni ərizəmə əsasən azad etsinlər. 1961-ci ilin mart ayında büro ərizəmi nəzərə alıb, məni vəzifədən azad etdi. Ancaq şikayət ərizəsi yazanlardan incimədim, umu-küsüm də olmadı, əslində hər kəs öz dünyagörüşü, öz əqidəsi, mənəvi əxlaqi tərbiyəsinə görə hərəkət edir.
N.S.Xruşşov Sovet İttifaqı Kommunist Partiyası Büro üzvləri arasında intriqanın, hərc-mərciliyin əsasını qoyduğu kimi bu gənclər də məktəbdə uzun illər formalaşmış mənəvi, əxlaqi tərbiyənin, böyük-kiçik münasibətinin əsasını sarsıtdı. Məktəbdə dedi qodunun, yersiz çəkişmənin bünövrəsini qoydular. Elə bir dözülməz mühit yaradıldı ki, mən direktorluq vəzifəsindən çıxandan sonra hər il məktəbin direktoru dəyişildi. Bununla belə Faxralı kənd orta məktəbində yaranmış vəziyyətə yenə də acıyıram, həmişə məni qəlbən narahat edir. Ona görə ki, mən həmin kənddə doğulmuşam, təhsil almışam, gəncliyimin qayğılı-qayğısız illərim bu kəndlə bağlıdı. Babalarımın, nənələrimin, ata-anamın, ən əziz qohumlarımın müqəddəs ruhları həmin kəndin məzarlığında əbədiyyətə qovuşublar.
İlk müəllimlik sənətinin pedaqoji sirrlərini burada Nəbi Gülməmmədov və Binnət Mahmudovdan öyrənmişəm. Gəncliyimdə və yetgin çağlarımda müdrik el ağsaqqaları, ilk maarifçilər Mirzə Rza, Mirzə Həbib, xalq arasında xüsusi hörmət qazanmış Məməş Məhəmməd, Bayrışoğlu Oruc, Qaçer Oruc, Aşıq Həsən, Aşıq Oruc və digərləri barədə könül açan söhbətləri dinləmişəm, Çar Rusiyasının amansız rejimi ilə barışmayam qaçaqlar – Qara Namaz, Rüstəm Hümbətoğlu, Yolçu, Zurab Mustafa oğlu Musa, Çərçinin oğlu Hümbət haqqında əfsanəyə bənzər nağıllar eşitmişəm.
Təhməzqulu, Şeşəpapaqoğlu Oruc, Qubuoğlu Həmid, Qarqoy Novruz, Keçəloğlu Haqverdi, Abdıoğlu Bədəl, Kələşoğlu İsmayıl, Allahverdi Balaməmmədoğlu, Bayramalı Aşıroğlu, Nəbi Baytaloğlu, Alı Hüseyn oğlu, Məhəmməd Qasım oğlu, Nalbənd Əhməd, Möylə kişi, Əli Xəlilov, İsrafil Məmmədov, Mahmud Bayram oğlu, Qara Əhməd kimi kənd ağsaqqalarından ədəb-ərkan, böyüklərə hörmət, kiçiklərə qayğı, mərifət və nəzakət dərsi almışdım.
Əziz dostlarım, keçmiş ali məktəb yoldaşlarım, adlı-sanlı alimlər Kamran Məmmədov, Əlyar Qarabağlı, Əhəd Hüseynov, Əziz Mirəhmədov, Pənah Xəlilov hörmətli qonaqlarım olublar. Onların hər birindən unudulmaz, əbədi xatirələr qalıb.
1955-ci ildə gənclik dostum, gözəl ziyalı Hacı Həsənov və mərhum Əli Əliyevin səbəbkarlığı nəticəsində Azərbaycan poeziyasında həmişə yaşar izlər qoyan mərhum şair Səməd Vurğun və Osman Sarıvəlli ilə Hacı Həsənovun və rəhmətlik Binnət Mahmudovun evlərində halal duz-çörək kəsmişəm.
Bildirim ki, Səməd Vurğun hələ 1953-cü ildə Faxralının əziz qonağı olmuşdu. Buraya ilin gözəl fəslində, may ayında gəlmişdi. Bir zamanlar dövlət orqanları və respublika hakim dairələri tərəfindən təqib olunsa da, sağlamlığı yaxşı idi. Onu Faxralıya vaxtilə Tbilisidə “Zarya Vostoka” qəzetində, sonralar isə “Kommunist” qəzetində xüsusi müxbir işləmiş Hacı Həsənov qonaq dəvət etmişdi. Mən Faxralı orta məktəbinin direktoru, Hacı müəllim isə müavin işləyirdi.
Səməd Vurğun kəndimizin bir gecəlik qonağı oldu. O görüşdə mən iştirak etməməyimə çox tııssüflənirəm. Söhbət zamanı Hacı müəllim əlini çiynimə qoyub dedi ki, fikir etmə, şair söz verdi ki, nə vaxt Qazağa və Tbilisiyə yolu düşsə bizləri yaddan çıxarmayacaq.
1955-ci il görüşü isə şair üçün daha maraqlı kecdi. Məktəbin yuxarı sinif şakirdləri kolxozun məhsul yığımına iməciliyə çıxmışdı. Bunu görən şair, məktəblə kolxozun sıx əməkdaşlığından razı qaldığını bildirmişdi. O, yuxarı sinif şakirdlərini sorğu-suala tutmuşdu. X sinif şagirdlərinin cavabları və fəallıq göstərmələri şairin əhval -ruhiyyəsini durultmuşdu. Onun “Avropa xatirələri” şerlərindən, poemalanndan şagirdlərin çətinlik çəkmədən əzbər söyləmələri şair tərəfindən rəğbətlə qarşılanmışdı. Ancaq bu görüş günlərində artıq hiss olunurdu ki, şairdə əvvəlki illərdəki əhval-ruhiyyə yoxdu. 0 art1q xəstəydi. Bütün bunlara baxmayaraq yenə də şair kolxozçuların vəziyyətinin yaxşı olmasını, kənddə bir dənə də qara dam görmədiyini razılıqla qeyd etdi. Aşıq Nəsibin ifasında mərhum Şair Nəbinin “Dünya” şerini dinləyərək cox mütəəssir oldu, şerin surətini götürdü.
Şairin şerlərini toplamağı və çap etdirməyi mənə həvalə etdi. ”Kazbek“ qutusunun üstünə, eşitdiyi bəzi bayatıları da qeyd etdi. Ancaq, söz arası təəssüfləndi ki, kənddə indiyə qədər müasir tipli məktəb binası tikilməyib. Bəlkə də bu sonralar məktəb tikintisi ücün bir vəsiyyət, proqram tapşırığı oldu.
Yadda qalan məclislərdən, mərhum aşıq Nəsibin məharətlə saz çalması, məzmunlu söhbətlərindən sonra şairi Borçalıya yola salmalı olduq.
Biz qonaqları Bolnisidən Borçalıya gedən mərkəzi yola kimi müşayiət etdik. Maşınların yönü yolun sol tərəfindəki Qoçulu kənd qəbirstanlığına doğru idi. Ancaq nədənsə şair gözlərini açmaq, qəbristan səmtə baxmaq istəmirdi. Elə bil ki, oraya baxmaqdan ehtiyat edirdi. Sifətində dərin kədər vardı. Kim bilir, bəlkə də sükuta dalmış baş daşları, məqbərələr şairə “Unudulmuş tək məzar” şerini xatırladırdı… Bəlkə də…
Bəxt məni bu yerə qonaq gətirdi,
Gedirəm, yamandı ayrılıq dərdi.
Demə Səməd Vurğun gəldi-gedərdi,
Unutmaz bu oba, bu mahal məni…
– demək istəyirmiş… Şair yorğun gözlərini bir anlıq açdı. Qəbirstanlığa yayılaraq otlayan qoyun sürüsünə və çobana baxdı və astadan köks ötürüb dedi: “Kaş ki, canım sağ olaydı, nə bu ad-sanım, nə də şan-şöhrətim olmayaydı. Bax, o qoyun otaran çobının da yerinə mən olaydım!”
İllər keçdi, şairin Faxralı səfərləri haqqında “Səməd Vurğun Faxralıda” adlı yazım “Azərbaycan müəllimi” qəzetində dərc edildi və şair haqqında olan yazım “Mən ellər oğluyam” adı ilə nəşr olunan xatirələr kitabına (1984) daxil edildi.
Vaxt olub ki, uzun illər Şair Nəbi kimi fitri istedad sahibindən çox saylı dastanlar dinləmişəm. Türkiyəli (Çıldırlı) Aşıq Şenliyin Faxralı səfərləri, elin-obanın adlı-sanlı gəncləri indi artıq çoxdan dünyalannı dəyişmiş aşıq Oruc, Göyü, Nalbənd Əhməd, Zurab oğlu Musa, Yahyaların Abbas, dəllək Hümmət və başqaları ilə ova getməsi, onların məharətinə, qeyrətinə, çevikliyinə tərif deməsinə, Faxralıya xeyir-dua verməsinə maraqla qulaq asmışam.
Türk yasavulları qarşısında qeyrətlə, cəsarətlə Borçalı qaçaqları (Səməd bəyi, Kor İsmayılı, Çavuş oğlunu, Mahmud oğlunun, Mehralının) şərəfınə tərif deməsinə heyran qalmışam.
“Qırmızı sovet terrorun”nun 1931, 1937, 1950-ci illərdə kənddə törətdiyi qanlı hadisələrin, göz yaşlarının şahidi olmuşam. Məclislər başında sayılan yerim olub. İllər ötdükcə qız köçürən, oğlan evləndirən eloğullarımın sevincini sevincimə qatmışam. Bir sözlə, Faxralı mənim ana vətənim, əvəzi olmayan ata yurdumdu. Kəndin sevinci də, kədəri də, ağrılı-acılı günləri də mənimdi. O elə, obaya Allah məni qırılmaz tellərlə bağlayıb.
Gənclik dostlarım Həmid Nuruyev, Alı Baytalov, Oruc Piriyev, Bayram Bayramov, Mürsəl Qubiyev, Ənvər Qasımov, Hüseyn Hüseynov, İlyas Hüseynov, Mürsəl Budaqov, Oruc Nəsibov, Hacı Həsənov, indi o dünyasına qovuşmuş Pənah Mahmudovla bir zamanlar burada ömrümün qayğılıqayğısız günlərini yaşamışam.
Rəhmətlik Musa Həsənov, Həsən Qurbanov (Yumru), Muxtar Hüseynov, Qurban Qurbanov (Zim Qurban), İsmayıl Musayev, 8Ələsgər Nuriyev, İlyas Ayvazov, Əflatun və Məmiş Mikayılovlardan qohumluq, dostluq etibarı, sədaqət və hörmət görmüşəm. Sağ olanlara bir olan Allahdan can sağlığı, uzun ömür, öləıılərə isə rəhmət diləyirəm, Amin !
Mənbə: Hüseynqulu Məmmədli (Məmmədov) – “Görüm Faxralının biri olsun beş…”