Şaban:
İnciməyin yolu da var,
Günahımdan keç, ay şair.
Keçənləri vurma üzə,
Kinnilikdən qaç, ay şair.
Əlləz:
İncimirəm, dostlar bilsin,
Qalma intizar, ay şair.
İnşallah, yaram sağalar,
Gedər dərd-azar, ay şair.
Şaban:
Qəm əlindən bağrım bişər,
Vurub yaralarım deşər.
Dağlar başına qar düşər,
Ər başına iş, ay şair.
Əlləz:
Olasan dövrani dəmdə,
Saxlasın Tanrı məni də.
Nuh sevda qurdu gəmidə,
Sən də bil, aşkar, ay şair.
Şaban:
Şaban da qədrini bilər,
Qalxdın, şadlanar, gülər.
Hər zaman yaxşılıq dilər,
Bunu özün seç, ay şair.
Əlləz:
Sağlıq olsun, Əlləz gəzər,
Şeir yazar, dastan düzər.
Məclislərdə oynar, süzər,
Kim məndən bezər, ay şair.