İsmayıl Güllər ilə Rəhim Nəbi oğlunun deyişməsi (Səngərdə ot əhvalatı)

Səngər dağı bitki örtüyü ilə zəngindi. Bu dağlıq massivin otuna ot çatmaz. İsmayıl Güllərlə Şair Nəbinin oğlu Rəhimin bir deyişməsinə də Səngərin ətəyindəki biçənəyin otu səbəb olub:

Əhvalat:

1972-ci ildə Rəhim Şair Nəbi oğlu meşəbəyi işləyirdi. O ili Səngərdə əlamət ot gəlmişdi. İsmayıl Güllər də yarılığa ot biçmək üçün Səngərə gedir. Rəhimin salıx verdıyi yer də biçilibmiş. Bu, şairin pərinə dəyir. Dayıoğlu-mamaoğlu arasında olan narazılıq deyişməyə çevrilir:

İsmayıl Güllər:

Səngərin döşündə bir yer vermədin,
Məni saldın dağa-daşa, ay Rəhim.
Tək Orucu, Mustafanı çağırdın,
Demədinmi gəlməz xoşa, ay Rəhim ?!

Rəhim Nəbi oğlu:

Zəhmət çəkən heç kəs başda qalmadı,
Əbəs düşdün dağa-daşa, İsmayıl.
Bilirdin ki, Mustafa da yoldaşdı,
Niyə vurdun onu başa, İsmayıl ?

İsmayıl Güllər:

Biçib yığdın zümzüməli, nəğməli,
Qara gözəl qaşı-gözü əyməli.
Yaxaları mirvaridən düyməli,
Deyib gəzdin qoşa-qoşa, ay Rəhim.

Rəhim Nəbi oğlu:

Biçib yığdım zümzüməli, nəğməli,
Nərgiz, Sona, bir də ellər gözəli.
Nə axrıdı sözümün, nə əzəli,
Həvəskardı onlar işə, İsmayıl.

İsmayıl Güllər:

Badə versən qaldırardım, içərdim,
Sərraf kimi həqiqəti seçərdim.
Bir yer versən yarılığa biçərdim,
Oturmazdım boşdan-boşa, ay Rəhim.

Rəhim Nəbi oğlu:

Oruc verdi, hər kəs olsa yarıya,
Təbib olan məlhəm edər yarıya.
Heç olmayıb dayın oğlu zarıya,
Baxmadınmı keçən qışa, İsmayıl?

İsmayıl Güllər:

Mən haqılyam bil ki səndən kusməyə,
Qoymadın da tikanları kəsməyə.
Lazım deyil hər şey üst əsməyə,

Varın olsun daşa-daşa, ay Rəhım.

Rəhim Nəbi oğlu:

Kol dediyin özlüyündə bitəndi,
Allah verib hər yan dolu tikəndi.
Qırasıdı hər kəs zəhmət çəkəndi,
Al dəhrəni, sən də döşə, Ismayıl.

İsmayıl Güllər:

Mən istərəm dərdi-qəmin olmasın,
Açan gülün saralmasın, solmasın.
İsmayılın bu il otu olmasın,
Sən qocalma, yüz il yaşa, ay Rəhim.

Rəhim Nəbi oğlu:

Keçən illər avırımız itmişdi,
İrəhim də ot dalınca getmişdi,
 Bu il alaf daş ustündə bitmişdi,
Nıyə qaldın boşdan-boşa, İsmayıl?!

 

İsmayıl Güllər ilə Rəhim Nəbi oğlunun başqa deyişməsi

İsmayıl Güllər:

Gəndinə güvənib, tək mənəm demə,
Salarlar alçağa, el yaman olur.
Gur axan sulardan mərdana keçmə,
Daşanda, çaylarda sel yaman olur.

Rəhim Nəbi oğlu:

Xata bəd gətirib, dara düşəndə,
Yetəcək dadına, el yaman olmaz.
Yağmurlar yağıb, daşsa da çaylar,
Üzməyi bacarsan, sel yaman olmaz.

İsmayıl Güllər:

Qulluq əldən gedər, sən alçalarsan,
Keçən günlərini yada salarsan.
Tutduğun pis işdən peşman olarsan,
Əsəndə tərsinə, yel yaman olur.

Rəhim Nəbi oğlu:

Yaşdaşıb, sinninə dən düşən vaxtı,
Baxtın yatıb, sənnən yan düşən vaxtı,
Yayın bürküsündə sən bişən vaxtı,
Sərnidər canını, yel yaman olmaz.

İsmayıl Güllər:

Bir gün olar, baxan olmaz sözünə,
Yaxşı-yaman borcun çatar özünə.
Getmə əyriliyə, çalış düzünə,
Sağalmaz yarası, dil yaman olur.

Rəhim Nəbi oğlu:

Dağların başı sərindir, sərin,
Heç kəsi hündürdən düşməsin dərin.
Acıdan acıdı, şirindən şirin,
Haqqına söyəndə, dil yaman olmaz.

İsmayıl Güllər:

Çox da bel bağlama, müvəqqətidi,
Tamahnı az eylə, el zəhmətidi.
Bir az da parlasan, baş töhmətidi,
Açacaq sirrini, pul yaman olur.

Rəhim Nəbi oğlu:

İnsan oğlu ayaqüstə duranda,
Məskən salıb, mülki-bina quranda,
Qədəm basıb, bir səfərə varanda,
Gərəkdi yanında pul, yaman olmaz.

İsmayıl Güllər:

Gül İsmayıl belə görüb binədən,
Sərraf olan sözü seçər sinədən.
Yarananlar köçəcəkdir dünyədən,
Tarix yetirəndə, hal yaman olur.

Rəhim Nəbi oğlu:

Rəhim, ölüm haqdı, yadına gəlsin,
Qoy “rəhmət” sözləri adına gəlsin,
Yaradan yaradıb, dadına gəlsin,
Əməlin düz olsa, hal yaman olmaz

Related Posts

Kitablar
Oruc Nikbinin kitabları

Oruc Nikbin barədə məlumat Oruc Nikbinin şeirlərindən nümunələr “Faxralıdan güc almışam” şeirlər ktabına ön söz yazan xalq şairi

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur