Dünyamalı Əsgərov barədə məlumat
BİR GÜN
Könül, havalanma bahar eşqinə,
Gələr zimistan, qar olar bir gün.
Əsər yellər, boran olar – sərt boran,
Gördüyün o günlər dar olar bir gün.
Qəvvas olub, dalma dərin dəryaya,
Etibar eyləmə bulanıq çaya.
Hərçənd sərindir kölgədə qaya,
Dincəlmə dibində, mar olar bir gün.
Dünyamalı öydünü söyləyər,
Anlayanlar qulaq verib dinləyər.
Vədə yetər, tarix tamam eyləyər,
Köçərsən, cahana car olar bir gün.
İSTƏMƏZMİ
Ay həzərat, niyə məni qınarsız,
Sevgidən ayrılan yar istəməzmi?!
Ayların xəstəsi, illər düşgünü,
Düşəndə yadına, nar istəməzmi?!
Düzülübdü əndamımın yarası,
Təbibdədi, loğmandadı çarası.
Alovlansa sinəmin bir parası,
Yansa ürək, söylə, qar istəməzmi?!
Dünyamalı köç eyləyər aradan,
Əcəl gəlsə, illac yoxdur paradan.
Bir kəsin ki, əli çıxsa mayadan,
Çəkəndə yerini, var istəməzmi?!