Qara Qərib barədə məlumat

Cənnət bulağı

Nə gözəl xəlq edib yaradan səni,
Sirrinin seyrinə dalanlar bilənlər.
Çiçəklərin loğman, otların təbib,
Dərdinə dərmanı bulanlar bilər.

El köçüb üstünə, binə quranda,
Döşlərin bənzəyir mağarlı kəndə.
Sulanıb, köz üstə kabab bişəndə,
Dadını mehmanın olanlar bilər.

Tökülər üstünə min bir mey-məzə,
Çiçəkli çəmənin çalar gülgəzə.
Bülbül cəh-cəh vurar gül gəzə-gəzə,
Nəşəsinə heyran qalanlar bilər.

Enib obaların gəlini, qızı,
Dərər ayağından lilpar, yarpızı.
Mehdən titrəyəndə süsənin üzü,
Gözündən şəbnəmi silənlər bilər.

 

Kənd qışı

Quşbaşı qar tökür asiman yerə,
Yer-dümağ, göy dümağ, yaylaq-ağappaq.
Çəkib yorğanını yatır təbiət,
Dağ-dümağ, daş-dümağ, oylaq ağappaq.

Cüyür bata-bata gədikdən aşır,
Kəndin qırağında çaqqal ulaşır.
Atlı dəyirmanın yolunu çaşır,
Düz-dümağ, iz-dümağ, sol-sağ-ağappaq.

Sular yuyub keçir dərədə tarı,
Quşlar budaqlardan uçurur qarı.
Qızarır ağacda bir payız narı,
Alt-dümağ, üst-dümağ, yarpaq-ağappaq.

Sənəknən bulaqdan gəlir el qızı,
Qardan inci taxıb kirpiyi, gözü.
Növrəstə lalə tək qızarıb üzü,
Baş-dümağ, döş- dümağ, ayaq-ağappaq.

Palıd kötüyüynən yanır buxarı,
Tüstü burum-burum qalxır yuxarı.
Anbarında elin bəhəri, barı,
Un-dümağ, nan-dümağ, qaymaq-ağappaq.

Qarayam, sinəmdə titrəyir tellər,
Uça güldən-gülə şeyda bülbüllər.
Gözəl gələ elə illər, fəsillər,
Ay-dümağ, gün-dümağ, növraq–ağappaq.

 

Amandı (Təcnis )

Ver imdad əlini əlimə, gözəl,
Düşmüşəm borana, qara, amandı.
Xəyalım qərq olur dərin dəryada,
Gəlir günüm gündən qara, amandı.

Ciyərim atəşdə, cismim dardadı,
Qəsdindən sinəmə düşüb dərd adı.
Düşmən də görməsin belə dar dadı,
Tökmə güzarıma qara, amandı.

Könlüm qəm üzünə baglı xalxaldı,
Eşqin sitəmindən sinəm xal-xaldı.
Bağrım qanlar sızan xaldı xal, xaldı.
Tüğyan edib ağlar Qara, amandı.

 

Gözəl (Təcnis)

Gəl bulaq üstünün seyrinə varaq,
Ay işıq çiləyir, tar azdı, gözəl.
Gizlətmə hüsnünü obadan, eldən,
Dövrün ədalətlə tarazdı, gözəl.

Aşıq dastan deyir “Abbas-Gülgəz”i,
Çəmənin çöhrəsi çalır gülgəzi.
Bülbül cəh-cəh vurub yenə gül gəzi,
Ötür telli sazlar, tar azdı, gözəl.

Xoş gəlib il, fəsil, ay qədəmindən,
Nür alıb parlayır Ay, qədəmindən.
Qaramın qəlbinə ay, qədəmindən
Gün düşüb sinədə tar azdı, gözəl.

Related Posts

Kitablar
Oruc Nikbinin kitabları

Oruc Nikbin barədə məlumat Oruc Nikbinin şeirlərindən nümunələr “Faxralıdan güc almışam” şeirlər ktabına ön söz yazan xalq şairi

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur