QARDAŞ
Yazginən məktubu şahlar şahına,
Odur hər işlərin çarası, qardaş.
Dilimin əzbəri qibləgahıma,
Qoymaz dostu darda ağası, qardaş.
Söylə görüm, varıbsınız hayana,
Məhəmməd hümməti qərq olmaz qana.
Yetişdi, məktubun çatdı anama,
Sevinsin hamının anası, qardaş.
Kərəm sahibinin çoxdu qərarı,
Gün çıxar, hər yerdə əridər qarı.
Allah göstərməsin heç kəsə darı,
Dağılar düşmənin qalası, qardaş.
Eşitdim, gedibsən Urus şəhrinə,
Hamının işləri getsin təhrinə.
Saldın qardaşını qəmlər qəhrinə,
Alqışdı dilimin duası, qardaş.
Alı mənaları seçdi sözündən,
Sağlıq olsun, yenə öpər gözündən.
Bir az nigaranam sənin özündən,
Sağalsın könlümün yarası, qardaş.
1941-ci il.