Faxralının adı müxtəlif dövrlərə aid tarixi qaynaqlarda anılır:

  • Güldenşdetin səyahətnaməsində (1770-ci il);
  • Şahzadə İohanın yazıya aldığı əhali və əhali sayımı siyahısında (1794-1799);
  • Professor Valeh Hacıyevin araşdırması (1820-ci ildə Faxralıda qeydiyyatda olan vergi ödəyiciləri barədə)
  • 1850-ci ilin aprel ayının ortalarında Qafqaz naibi Voronsovu müşayiət etmiş Luka İsarlovun qeydlərində (yeri gəlmişkən, müəllif Faxralını da Osmanlı (türk) mənşəli kənd kimi verib.

…1765-ci ildə Gürcüstanda murovluq idarə üsulu tətbiq edilməyə başladı (murov – müddət və miqdar anlamında konkret ərazidə vergilərin yığılmasına nəzarət edən, xırda divan (məhkəmə) işlərinə baxan səlahiyyətli nümayəndə idi.) Tədqiqatçı Ş.Məmmədlinin araşdırmalarından aydın olur ki, həmin dövrdə murovlar gürcülər olub: Sarvanda Solomon Arqutinski – Dolqorukov, Kəpənəkçidə Revaz Vaxvalov, Arıxlıda Georgi Sitaişvili, Faxralıda İşoş Arqutaşvili. Azərbaycanlıların murovluğa təyin olunmamaları dövrün siyasi-ideoloji məzmunu ilə bağlı idi. Hakim idarəçiliyin belə bir mövqeyi nəticəsiz qala bilməzdi.

II İraklinin hakimiyyəti dövründə Kartli – Kaxeti çarlığı xeyli güclənmişdi. İri feodallar itaətə gətirilmiş, dağlıların vaxtlı-vaxtsız hücumlarının qarşısı alınmış, Azərbaycan xanlıqları ilə münasibətlər sabitləşdirilmişdi. Belə bir vaxtda faxralılar Faxralını tərk eləyib elliklə Gəncə ətrafına köçür. Buna səbəb nə ola bilərdi? – həmin dövrdə azərbaycanlıların siyasi hakimiyyətdə təmsil olunmamaları! Zənnimizcə, faxralılar doğma yurdlarını siyasi-milli gözəgötürməzliyə etiraz əlaməti kimi tərk eləmişdilər və onlara digər kəndlər də qoşulmuşdular.

Kəndlərin elliklə köçməsi ciddi siyasi aksiya idi və əski tarixlərdə baş vermiş bu qəbil halların nəzərəçarpacaq problemlər yaratdığı da məlumdur. II İrakli bunu soyuqqanlıqla qarşılamazdı: neçə-neçə kəndin konkret səbəbə görə köçməsi toplanan vergilərin miqdarına təsir göstərirdi. Bu, digər tərəfdən, dövlətin nüfuzuna da xələl gətirə bilərdi. Məhz bunlara görə də çətin məqamlarda, hərbi müdaxilə təhlükəsi olanda ordusunu həm də borçalılardan təşkil edən II İrakli 1778-ci ildə mülkədar İşoş Soloğaşviliyə ciddi, təxirəsalınmaz bir tapşırıq verdi: “Faxralı eli Gürcüstandakı yurdlarından Gəncəyə gedib və xeyli vaxtdır ki, orada sakin olub. Hər cür yolla çalışın Faxralı elini Gəncədən Gürcüstana gətirin”. 1778-ci il tarixini nəzərə alsaq, adı gedən köçmənin etiraz aksiyasının 1773-1775-ci illərdə olduğunu gümanlamaq mümkündür.

Bu sənəddə ancaq Faxralının adı çəkilir. Niyə ancaq Faxralı?

II Irakli düşünürdü ki, salğarı-sanbalı ilə seçilən, kifayət qədər şöhrət, nüfuz qazanmış bir elin siyasi sğbəblərə görə Gürcüstanı tərk eləməsi və dönməməsi digər kəndlərə də sirayət edə bilər, onlar da yurdlarından oynayar, köçüb getməyə meyllənər və köçər. Əhalisi azalan çarlığın həm iqtisadi, həm də hərbi qüdrəti zəifləyər. Digər tərəfdən, faxralılar o dövrdə döyüşkənliyi, qorxmazlığı, qətiyyəti ilə seçilirdi və təbii ki, İrakli lazım gələndə bundan öz məqsədi üçün istifadə edirdi.

Faxralının mühacir həyatına biganə qalmayan, əslində bu hadisədən ciddi şəkildə narahat olan, etibar elədiyi əyanlardan birinə – mülkədar İ.Soloğaşviliyə adıbəlli bu elin geri qaytarrılması üçün bütün humanist vasitələrdən istifadə eləməyi tapşıran II İrakli Faxralının timsalında digər ellərin də qayıdacağını gumanlayırdı və gümanında yanılmırdı…

Faxralının elliklə mühacirəti 1778-1780-ci illərdə başa çatır…

  • Şürəddin Məmmədlinin Gürcüstan Dövlət Arxivindən əldə etdiyi bir sənəd də maraq doğurur: Borçalı qəzasının kəndləri üzrə ailələrin (o dövrdə ailə ifadəsi deyil, tüstü (dım) ifadəsi işlədilirdi) və əhalinin sayını göstərən siyahı. Siyahı 1886-cı ilə aiddir. Bu siyahıdan məlum olur ki, həmin vaxtlarda Faxralıda (sənəddə “Faxralı kənd icması” kimi qeyd olunub) 142 ailədə 1009 nəfər (602 kişi, 407 qadın) yaşayırmış. 1926-cı ilə aid sənəddə isə bu rəqəmlər müvafiq olaraq 470 və 2321 olmuşdur. Sonralar Faxralının tərkib hissəsi olmuş Şahbuzlunun adı 1886-cı ilin sənədində çəkilmir (deməli, Şahbuzlu o illərdə ayrıca kənd kimi formalaşmayıbmış). 1926-cı ilə aid sənəddə isə Şahbuzluda 46 ailədə 226 nəfərin yaşadığı qeyd olunub. Faxralıda əhalinin 40 il ərzində artımı (1592 nəfər) və genişlənməsi (333 “tüstü” ailə) başlıca olaraq iki amillə bağlıdır:
  1. Əhalinin təbii artımı (doğulanların sayı ilə ölənlərin sayı arasındakı fərq);
  2. Kəndə yeni nəsillərin, yeni ailələrin gəlməsi.

Olmuşlar təsdiqləyir ki, Faxralı XVII əsrdə də, XIX əsrin başlanğıcında da Borçalının nüfuzlu, sayılan kəndlərindən biri olub (Qanlı Faxralı deyimi). Məhz bunun təsiri idi ki, elindan-obasından (Qazaxdan, Qarabağdan, Gəncədən, Ağbabadan…) istər qan düşmənçiliyinə görə, istərsə də ağır dolanışığını, güzəranını asanlaşdırmaq, yaxşılaşdırmaq istəyən neçə-neçə nəsil və ailə məhz Faxralıya pənah gətirib, Faxralıya sığınıb – faxlalılaşıb, faxralılı olub, qız verib, qız alıb, faxralılarla qaynayıb-qarışıb.

  • Faxralı kəndinin adına dair ilk yazılı məlumatlara hazırda Tbilisi arxivində saxlanılan XV əsrə aid gürcü mənbələrində rast gəlinir. Həmin mənbələrdə XVII əsrin sonlarından başlayaraq kəndin əhalisinin Azərbaycanın xüsusilə Qazax-Gəncə və Qarabağ bölgələrindən, eləcə də İrandan gəlmələr hesabına artması bildirilir;
  • 1724 cu ildə Osmanlıya verilən toyucu hesabatında göstərilir ki, Əmir Həsən (İmirhasan) xalqı və yaxınlığında yaşayanların Qaraçılı Məhəmməd oğlu Əlinin zəhməti. Həmin hesabatda on səkkiz nəfər adamın adı keçir, o cümlədən də Ramazan Fəxrəli oğlunun adı qeyd olunur;
  • 11 mart 1864-cü ildə Qafqaz canişini knyaz Mixail Nikolayeviç Romanovun əmri ilə təsis edilmiş Qafqaz Arxeoqrafiya Komisiyasının Qafqaz Canişinliyi Baş İdarəsinin arxivlərində toplanılmış sənədlər əsasında nəşr etdirdiyi “Qafqaz arxeoqrafiya komisiyasının topladığı aktlar” külliyatının 1866-cı ildə Tiflisdə nəşr edilmiş I cildində 575 nömrəli işdə 8 may 1802-ci il tarixli siyahıda Faxralı inzibati cəhətdən Loru qəzasınadaxil olan və əhalisi azərbaycanlılardan ibarət mülkədar kəndi kimi göstərilmişdir.
  • 1869-cu ildə (həmin vaxt Borçalı qəzası yox idi) Tiflis quberniyasının yaşayış məntəqələri üzrə aparılmış kameral siyahıya almanın (ailə sayına və ya ev sayına görə) nəticələri əsasında hazırlanmış sənəddə Faxralı barədə qeyd edilir ki, Borçalı kəndləri Tiflis qəzası tərkibinə daxil olmuş və Faxralıda  həmin dövürdə 73 tatar (azərbaycanlı) ailəsi yaşayırmış.

Sənədin orjinal adı belədir: Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство “Санктпетербург: Товарищества “Общественная польза”).

1872-ci ildə həmin sənəd əsasında çap olunmuş kitabda Tiflis quberniyası və onun ərazisində olan bütün yaşayış məntəqələri, bu məntəqələrdə yaşayan əhalinin sayı və milliyyəti haqqında məlumatlar, həmçinin quberniyanın coğrafiyası və iqtisadiyyatı haqqında bir çox bilgilər əks olunur.

 

Mənbə:

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur