Təəssüf ki, Azərbaycanda qədimdən xatirə, gündəlik, əlamətdar tarixi hadisələrin qeydini aparmaq dəbdə olmayıb. Bu barədə qədim ərəblərdən və yunanlardan sonra ermənilər daha çox səxavət göstəriblər. Ermənilərin kilsə xadimləri, səyyahlar, tacirlər öz növbəsində yaşadıqları dövrün tarixi hadisələrinə biganə qalmamışlar. Buna görədir ki, xristiyan tarixçilərinin vaxtilə yazdıqları əsərlər Qafqaz xalqlarının qədim və orta əsr tarixlərini öyrənmək üçün mənbə kimi istifadə edilir. Erməni tarixçisi Yeqiş Vardaped (V), David Kalankattunlu (V), Moisey Xorenski (V), Tovma Arsurini (X), Mixitar Qoş (Xlll), Kirokos Gəncəli (XII), Təbrizli Arakel (XII) və başqalarının əsərləri göstərir ki, ermənilərin din xadimləri nəinki dinə qulluq etmiş, hətta öz milli tarixlərinin yaradıcısı olmuşlar.

Doğrudur, erməni və gürcü tarixçiləri əksər hallarda faktları təhrif etmiş, bəzən qatı millətçilik çərçivəsindən kənara çıxmamışlar, yeri gəldikdə isə şüurlu və düşünülmüş təhriflərə yol vermişlər. Hətta hərbi yürüşlər, qanlı müharibələrdən yazarkən belə öz millətlərinə süni bəraət qazandırmışlar. Məsələn, islam dininin yaranması tarixindən bəhs edən Gəncəli Kirokos “Erməni tarixi” adlı kitabında qeyd edir ki, Məhəmməd peyğəmbər İslam dininin əsasını bir nəfər tərkivətən erməni səfilindən öyrənmişdir. İslam dinininə qarşı müəllifin münasibəti aydındır. Belə misalları istənilən qədər göstərmək olar. Azərbaycan, Ermənistan və Gürcüstanın qədim və orta əsrlər tarixinə aid mənbələrin müəyyən hissəsini nəzərdən keçirdikdə açıq-aşkar görürük ki, Azərbaycan tarixinə aid tarixi faktlar olduqca azdır. Nəzərə çarpan qaynaqlar da başqa millətlərin nümayəndələri tərəfindən qələmə alındığına görə ciddi təhriflərlə doludur.

Gürcüstan ərazisində azərbaycanlıların məskunlaşmasının tarixi çox qədimdir. Ona görə də hazırda Gürcüstanda yaşayan azərbaycanlıların məskunlaşma tarixini I Şah Abbasın Qafqaza hərbi yürüşləri ilə bağlamağın, yaxud da Türkmənistandan gətirilmiş türk tayfaları kimi təqdim etməyin heç bir elmi əsası yoxdur. Tarixi qaynaqlar, maddi-mədəniyyət abidələri və ərazilərdə hələ də qorunub-saxlanan etnoqrafik materiallar azərbaycanlıların əcdadlarının Gürcüstanda bizim eradan əvvəl (lV–III yüzilliklər), bəlkə də daha qədim zamanlardan məskunlaşmasına şahidlik verir. Gürcülərin “Kartili sxovreba” adlı tarixi qaypaq sayılan əsərində yazılır: “Buntürklər, axud türklər-turanlılar İran hökmdarı Keyxosrov tərəfındən öz vətənlərindən (Arandan) sıxışdırılmış, 28 min ailə Gürcüstana qaçmış, Mesxeti dağlarında mağaralarda və Şio-Mqveli monastırında sığınacaq tapmışlar. Gürcü hökmdarına onlar söz vermişdilər ki, gürcülərlə birlikdə iranlılara qarşı vuruşacaqlar”.

“Uç mənbə” adlı qədim gürcü salnaməsinə əsaslanan XIX əsr gürcü tarixçisi Takiyəşivli “Qafqaz tayfalarının yeri və adətləri, gürcü hökmdarları – bakratilərin həyatı, haradan gəlmələri, hansı vaxtdan Gürcüstanda hakimiyyətə başlamaları haqında” məqaləsində göstərir ki, Makedoniyalı İskəndər Lato oğullarının varislərinə hücum edərək ilk dəfə Kürün axarı üzrə sahil boyunca Sarginə, Kaspi, Urbinisi, Odzrarxe, Sixe-didi, Uplis-sixe qala hasarlarına və bu ərazidə yaşayan döyüşkən və rəhmsiz buntürklərə rast gəldi. İsgəndər öyrəndi ki, buntürklər Yevseylər nəslindəndir. İskəndər buntürklərlə müharibəyə girişməyə cəsarət etmədi, geri qayıtdı. Sonra cəngavər hunlar gəldi, onlar buntürklərin başçılarının yaşadıqları yeri soruşdular və şərtləşdilər ki, buntürklər hunlara xarac versinlər.

Bir müddət keçdikdən sonra İskəndər yenidən qayıtdı, 3 şəhəri (Kaspi, Urbinisi, Odzrarxe) və qalaları xaraba qoydu. Yalnız Sargine 11 ay İsgəndərin hücumuna davam gətirdi. İsgəndər şəhərin qərb sahilində məskən saldı, Ksani çayından suvarma arxı çəkdirdi, üzüm bağları saldırdı. Nəhayət, şəhəri özünə tabe etdi. Ancaq bu zaman artıq buntürklər gizli yolla şəhəri tərk etmişdilər.

İsgəndər Gürcüstan və Arran hökmdarının oğlu Azonu yanında saxladı. Mesxetinin hakimliyini ona tapşırdı. Hakimiyyəti ələ aldıqdan sonra Azo Gürcüstandan Arrana getdi, oradan atasını, yaxın qohumlarından 8, həmyerlilərindən isə 10 ailəni köçürüb Mesxeti şəhərinə gətirdi. Azo kahini Kasi-kayimi də gətirdi. Beləliklə, Azo Armaz Gürcüstanda ilk çar oldu.

Bu və ya buna bənzər məlumatlar göstərir ki, XIX əsr rus alimi Brossenin qeyd etdiyi kimi, qılınclı türklər-buntürklər hələ bizim eradan əvvəl Kür çayı axarı sahillərində məskunlaşmışdılar. İskəndər tərəfındən Gürcüstana təyin edilmiş ilk çar Azonun da vətəni Arran olmuşdur.

Təəssüf ki, bəzi araşdırıcılarda bu tarixi faktları saxtalaşdırmaq, təhrif etmə meyli güclü olmuşdu. Görünür ki, ilk salnamələrdə və kilsə kitablarında da tarixi təhrifçiliyə yol verilmişdir.

“Gürcüstan coğrafiyası” əsərinin müəllifi Vaxuşti gürcü qaynaqlarından söz açaraq yazmışdı: «Şatber məlumatlarına görə, Azo İsgəndərin sərkərdəsi olmamışdır. O, gürcü çarının oğlu idi, yuxari Gürcüstana Arrandan gəlmişdi. İsgəndərlə bərabər buntürkləri  məğlub etmiş və İsgəndər tərəfindən Mesxetə hakim təyin edilmişdir. O, Gürcüstanın ilk hakimi idi. Kasi-Kaimi isə gürcülərin qədim allahları idi. Onu Gürcüstana Azo atasının hakim olduğu ölkədən (Arrandan) gətirmişdi.

İvan Şopen (Peterburq, 1886), Moisey Xorenliyə istinad edərək İsgəndərin Qafqaza hücumu barədə bir qədər fərqli məlumat verir. O yazır ki, İsgəndər Gürcüstan ərazisini fəth edərək orada yaşayan bütün yad tayfaları qılıncdan keçirdi. 15 yaşdan aşağı olan uşaqları və qadınları əsir aldı. Yalnız gürcü nəslindən olanlara güzəştə getdi. Öz qohumu Qaradeksin oğlu Azonu onlara zadəgan təyin etdi. Azo 100 min nəfərlik ordusu olan prototosun adı və şöhrətilə fərqlənən Makedoniyadan idi. O, cəsur və cəngavər bir şəxs idi. Rum ölkəsini işğal etdikdən sonra Kartiliyə gəldi və oranı zadəgan Azoya tabe etdi. Azo ölkədə əmin-amanlıq yaratmaq üçün öz ordusu ilə birlikdə Kartilidə qaldı. İsgəndər Azoya məsləhət gördü ki, Aya, Günəşə, 5 ulduza sitayiş etsin. Dünyanın yaradıcisı olan gözə görünməz Allaha (Qmertoya) qulluq göstərsin. Ancaq İsgəndər öldükdən sonra Azo onun vəsiyyətini pozdu, yenə öz idealına (Kasi-Kaimia) sitaiş edərək Bizans hökmdarı Berzantosa tabe oldu”.

”Kartili-sxovreba”ya müraciət edən Takiaşvili, Vaxuşti, Şopen və digərləri eyni hadisələr barədə müxtəlif fikirlər söyləmişlər. Şübhəsiz ki, bu fıkir və mülahizələrdə də istənilən təhriflərə yol verilmişdir.

O ki qaldı buntürklərin kimliyinə, Takiaşvili belə hesab edir ki, onlar bu dövrdə Qafqazda, Muğanda-Mildə geniş yayılmış köçəri qıbçaq tayfaları ola bilər.
İ.Şopenin Alban dövlətinə aid qeydləri də maraqlıdır. O, Moisey Xorenliyə istinad edərək bildirir ki, albanlar 26 dildə danışan müxtəlif tayfa birləşmələrindən ibarət olmuşdular. Hər tayfa müstəqil və ayrıca tayfa başçısı tərəfindən idarə olunmuşdu. Bu tayfaların bir- birləri ilə fasiləsiz olaraq müharibə etmələrinə baxmayaraq, onlar yeri gələndə birləşir, ümumi düşmənə qarşı döyüşdə 60 min piyada, 12 min suvari çıxarmaq gücünə malik idilər.

Şübhə etmirik ki, Makedoniya sərkərdəsi cəngavər İsgəndərin ordusunu Gürcüstan ərazisində ciddi müqavimətlə qarşılayan buntürklər döyüşkən Alban tayfalarından biri idi. Bu və digər matlumatlardan belə nəticəyə gəlmək olar ki, gürcü xronikasında Kasiı-Kaimi kimi verilmiş kahin tarixi şəxsiyyətdir. Azərbaycan dilində qarşılığı Qayımağadır. Onun Midyalı olmasına, gəncliyində sərkərdə, tayfa başçısı, qocaldıqdan sonra isə müqəddəsləşmiş, tayfanın kahini kimi ömür-gün sürdüyü, sərkərdəlik vəzifəsini Azoya tapşırması fikri daha inandırıcı görünür.

Qaumat haqqında qədim İran şahı Daranın Bisütun yazılarında da maraqlı qeydlər vardır. Dara hakimiyyət başına keçdikdən sonra gördüyü işlər barədə Bisütunda bu sözləri yazdırmışdır: “Burada bizim nəsildən olan Kirin oğlu Kambiz hökmranlıq edirdi. Kambizin Bərdiyyə adlı qardaşı vardı. Onlar doğma qardaşlar idilər. Kambiz Misirə getməzdən əvvəl xəyanətlə qardaşı Bərdiyyəni öldürtdü. Kambiz Misrə gedərkən İranda, Misirdə və bütün ona tabe olan ölkələrdə əhali ciddi təşvişə düşdü. Sonra Qaumat adlı maq meydana çıxdı, özünün Bərdiyyə olduğunu elan etdi. Və hakimiyyətə qarşı üsyan qaldırdı. Bu zaman Midiyanın və İranın bütün əhalisi Qaumatın tərəfinə keçdi. Qaumat Kambizə tabe olan bütün ölkələri zəbt etdi (Bu hadisə 522-ci ildə baş verdi!)”.
Dara qeyd edir ki, mən gələnə kimi heç kəs cəsarət edib Qaumata müqavimət göstərə bilmədi. Əhrməzd mənə kömək etdi, 522-ci ilin sentyabrın 10-da mən hücum edib Midiyanın Nis deyilən yerində Sakayvatiniş qalasında Qaumatı öldürdüm.
Buradan bir daha məlum olur ki, Qaumat qədim Midiyanın kahini olmuşdur. Qaumat, buntürklər, Azo və Azlar barədə bir sıra digər orta əsr qaynaqlarında da məlumatlar vardır.
Son illərə qədər Odessa vilayətində Buntürki kənd adının qalması, Azərbaycanda Qaumat və Azo-Azlarla bağlı kənd, yer, şəxs adlarının mövcudluğu bu etnoqrafik tarixi əlamətləri qədim Midiya-Azərbaycan tarixinin yadigarları kimi qiymətləndirməyə imkan verir.

Qaumat şəxs kimi fonetik dəyişikliyə uğrayaraq Azərbaycanın bir sıra rayonlarında Qayımağı kimi nəsildən-nəslə keçməkdədir.

Gəncə yaxınlığında vaxtilə Qaymağa adlı kəndin olması da məlumdur. Çox ehtimal ki, hazırda Qazax rayonunda olan Qaymaqlı kəndinin adı da Qayımağa sözü ilə bağlıdır.

Başqa bir misal: tarixi qaynaqlar göstərir ki, Azad Naxçıvanın qədim şəhərlərindən biri olmuşdur. Bura kiçik şəhər olsa da ətraf sahələrdə bol taxıl, pambıq və üzüm məhsulları yetişdirilmişdir. Hazırda Naxçıvanda Culfa şəhərindən təxminən 20 km şərqdə Yuxarı Aza və Aşağı Aza adlı iki kənd, həmin ərazidə Aza çayı vardır. Hər iki kənd Gilan çayı sahilində yerləşir.
VI -VII əsr Gültəkin abidələrindən aydın olur ki, buntürklərin sonrakı nəsli artıq azlar adı ilə adlanmış və hərbi yürüşlərdə başqa türk tayfaları ilə bərabər iştirak etmişlər.

Bundan əlavə 379-cu ildə Tiflisin qala hasarının iranlılar tərəfinindən tikilməsi və şəhərin əsasının qoyulması barədə qaynaqlarda əksini tapan digər məlumatlar da azərbaycanlıların Gürcüstanda yaşamasının qədim tarixi köiklərə malik olduğunu göstərir.

Azərbaycan tarixçisi və coğrafiyaşünası Əbdül Rəşid Bakuvi (XIV–XV) “Kitab-təlxacal-Asar və Əcayibəl malik-əl kaxxar” adlı əsərində yazır ki, Tiflis gürcülərin mərkəzi şəhəridir. Xosrov Ənuşirəvan tərəfindən əsası qoyulmuş, öməyidlər nəslindən olan İsxaq İbn İsmayıl tərəfındən möhkəmləndirilmişdir. Şəhəri Kür çayı iki yerə bölür. Əhalisi müsəlmanlar və xristiyanlardır. Kürün bir sahilindən əzan, digər sahilindən kilsə zənginin sədaları ucalır…

Buntürklərlə bağlı daha bir məsələni xatırlatmaq yerinə düşərdi. O da mənim boya-başa çatdığım Faxralı kəndindən 5-6 km aralı məsafədə yerləşən qışlağın keçmiş zamanlardan “Sərginə” və həmin qışlağa yaxın, nə zamansa istifadə edilmiş əski fıliz yatağının “Sargineti” adını daşımasıdır. Belə fikirdəyik ki, Makedoniyalı İskəndər tərəfındən məhz Buntürklər Msxet dağlarından sıxışdırıldıqdan sonra Tiflisdən 60-70 km uzaqda basqa bir əraziyə köçmüş, oranı da əvvəlki yurdlarının adı ilə adlandırmışlar. Xatırladaq ki, qədim türklərdə yeni yurdu köhnə yurdun adı ilə əbədiləşdirmək tarixi bir ənənə kimi yaşamışdır. Bu qeydlərimizi əsaslandıracaq xeylı subut və  dəlillər gətirmək olar. Xüsusən, Sərginə və başqa qışlaqların ərazilərində indi də qalan qəbir üstü qoç və at, dəvə heykəlləri Becanoğuzaran qışlağında, Yemşənli adlanan qalın meşələrlə örtülmüş ərazidə qəbir üstü daşlara həkk olunmuş qopuz çalğı aləti, ox, yay, ov səhnəsinin təsviri, yallı, Saxındur qışlağında 8 sütunlu Alban kilsəsi və digər etnoqrafik tarixi yadigarlar türk tayfalarının bu yerlərin əzəli sakinləri olmasını deməyə imkan verir.
1392-ci ilə aid olan bir gürcü mənbəyində Gürcüstanda olan bəzi kəndlərin siyahısı verilmişdir. Bu siyahıda Darbaz, Xaçisopeli, Orbeti, ilə yanaşı Sərginə də xaraba ərazi kimi göstərilir. Buradan belə nəticə çıxarmaq mümkündür ki, monqol istilası zamanı Sərginə tamamilə dağıdılmış, sonrakı yüzilliklərdə isə bura mal-qoyun saxlamaq üçün qışlaq kimi istifadə olunmuşdur.(S.S.Kakabadze, “Qruzinskiy dokument İnstituta Narodov Azii “, Moskva, 1967, st. 147).

Qədim Qafqaz xalqlarından bəhs edən bəzi müəlliflər, o cümlədən Vaxuşti, Təbrizli Arakel, Zakurski, Takiyəşvili, Canaşiya türk tayfalarının (xüsusən azərbaycanlıların) tarixi mövqeyinə bir tərəfli yanaşmış, hətta onların Qafqaza kənardan gəldiklərini sübüt etməyə cəhd göstərmişlər. Bu barədə Zakurski yazır: «Türk tayfaları Qafqaza Cənubdan və Şərqdən – Türkiyədən və İrandan gəlmişlər». (Kavkazski kalendar, 1888, N-I).

Tarixi faktlar göstərir ki, bu fikirlər ümumiyyətlə yanlışdır. Zakurski və digərləri vaxtilə unutmüşlar ki, ayrı-ayrı tarixi zamanlarda Qafqazda məskunlaşmış bunürlərər, skiflər, hunlar, midiyalılar, xəzərlər, oğuzlar, qıpçaqlar və digər tayfalar azərbaycanlıların (türklərin) bir xalq kimi formalaşmasında müəyyən rol oynamışlar.
Hazırkı ermənilər, gürcülər də bu tarixi yolu keçmişdir. Elə bu xalqın etnik birliyi – quryalılar, svanlar, racinslər, meqrellər, imeretilər, xeysurlar və digər dağlı tayfaların birliyi nəticəsində yaranmışdır. Halbuki bunların hər biri ayrılıqda dilə və ya ləhcəyə malikdir. Maraqlı burasıdır ki, azərbaycanlılann İrandan və ya Türkiyədən gəlməsini göstərən müəlliflər bu xalqın Qafqazla tarixi bağlılığının üstündən çox zaman sükutla keçmişlər.

Tarixi qaynaqlar göstərir ki, istər ərazi daxilində yurd dəyişmə, istərsə də başqa ərazilərə keçərək məskunlaşmanın özü də səbəbsiz olmamışdı. Başlıca səbəblərdən biri ısə, səlib yürüşləri, arası kəsilməyən qanlı qırğınlar törədən müharibələr nəticəsində şəhərlər, kəndlər dağılmış, xarabaya dönmüş, oturaq və köçəri əhali yurdunu tərk edərək daha təhlükəsız ərazilərə köçmüşdür. Belə hallarda isə, bir qədər yuxarıda qeyd etdiyimiz kimi, çox zaman yeni düşərgələrə köhnə kənd və şəhərlərin adlarını vermişlər.

642-ci ildə ərəblər Qafqazı işğal etdikdən sonra bu proses Qafqazda, xüsusən də Azərbaycanda daha dərin izlər qoymuşdur. Hazırda Azərbaycanda olan Ərəbşəki, Ərəbocağı, Ərəbşalbaş, Ərəbuşağı və digər adlara bənzər kəndlər ərəb istilasından sonra yaranişdir. Qədim Sasanilərdən isə fars dilli tayfalar – tatlar, lahıclar qalmışdır. Suraxanı, Balaxanı, Dəvəçi və Siyəzəndə fars ləhcəsını qoruyub saxlayan müəyyən qism əhali bu gün də yaşamaqdadır. İşğalçı və dağıdıcı müharibələr barədə çox saylı qaynaqlar məlumdur. Ərəb tarixçiləri yazır ki, 1221-ci ildə tatarlar Arran hudqdlarında olan Beyləqan şəhərini dağıtdılar, əhalisinin çox hissəsini qırdılar, mallarını talan etdilər. Başqa bir mənbədə göstərılır ki, 1222-ci ildə gürcülər Beyləqana tatarlardan betər divan tutdular, şəhəri darmadağın etdilər. Əgər bu məlumatın qismən də olsa doğruluğunu qəbul etsək, o zaman belə nəticə çıxarmaq olar ki, istər tatarlar, istərsə gürcülərin hücumuna məruz qalmış Beyləqan əhalisinin bir qismi bu hücumlardan xilas olmuş, daha təhlükəsiz və ucqar yerə – Gürcüstanla həmsərhəd olan əraziyə qaçmış, Balakən yaşayış məntəqəsinin əsasını qoymuşlar.

Ehtimal etmək olar ki, müharibələr və basqınlar nəticəsində qədim Qəbələ şəhəri dağıldıqdan sonra isə buranın əhalisi də didərgin düşmüş və hazırda Gürcüstanın ərazisində olan “Qabal” kəndinin bünövrəsini qoymuş və buranı özləri üçün daimi məskən seçmişlər. Qaynaqlarda qeyd olunur ki, bu ərazilər XII əsrdə keçilməz meşəliklər olmuş, gürcülər isə əsasən uca, əl çatmaz dağlarda yaşamışlar.

1221-1265-cı illərdə ardı-arası kəsiləməyən monqol-tatar yürüşləri nəticəsində on minlərlə monqol-tatar XI–XIII yüzilliklərdə səlcuqların Qafqaza axını zamanı minlərlə türkmən, tatar, kürd və digər tayfalar yerli əhaliyə qarışdı. O da məlumdur ki, Gürcüstanın hazırkı Qardabani rayonu ərazisində Ağtəhlə, Qaratəhlə, Marneuli, Bolnisi, Dumanisi rayonları ərazisindəki Azərbaycan kəndlərində təhlə tayfaları, Azərbaycan respublikasının Bərdə, Göyçay rayonlarında türkmən adı daşıyan kəndlər səlcuq yürüşü zamanından (XI-XIII) qalan köçəri–maldar türkmən tayfalarının hərbi istilalar zamanı gələn nəsillərin qalıqlarıdır.

Hazırda Türkmənistanın coğrafi xəritəsində insan yaşamayan, boş və geniş bir səhra “Təhləməkan” adlanır. Çox güman ki, Qafqazda Təhlə adını daşıyan tayfa və kəndlər vaxtilə bu ərazilərdən gəlmişlər.

Bütün tarixi dövrlərdə baş vermiş ərazi dəyişməsi, əhalinin yerindən-yurdundan didərgin düşməsi millətlərin və hakim dövlətlərin ən ağır faciəsidir. XVIII-XIX əsrlərdə Çar Rusiyasında bu proses daha eybəcər şəkildə həyata keçirilmişdir. Slavyan dinini qəbul etməyən onlarala malakan kəndi 1846-cı ildə tam bir mahal Azərbaycan, Gürcüstan və Ermənistana sürgün edilmişdir. Azərbaycanda İvanovka, Pirvolm, Yelenovka, Semyonovka, Arxangelovka və s. indiki Ermənistan ərazisində Voronsovka, Pirvolnı, Mixaylovka və digər kəndlərin əsası qoyulmuşdu.

1801-ci ildə Gürcüstanın, 1803-1828-ci illərdə Azərbaycanın Çar Rusiyası tərəfındən istilasından sonra Qafqaza, eləcə də Rusiyanın silah gücünə istila etdiyi ölkələrə təzyiqi getdikcə artdı. Ona görə də (1988-ci ilə qədər) Qazağıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və digər türkdilli ərazilərdə rusların sayı yerli əhalinin sayını ötüb keçmiş, Azərbaycanda isə bu illərdə bir milyona qədər rus yaşamışdır.

Belə yerdəyişmə (və millətlərin qarışması) bəzi hallarda müharibələrin və kütləvi sürgünlərin nəticəsində də yaranmışdı. 1931, 1937, 1947, 1950, 1951-ci illərin kütləvi represiyalarında, yüz minlərlə insan edam və sürgünlərə məruz qaldı. Rəsmi sənədlərdə qeyd edildiyinə görə, yalnız 1931-1937-ci illərdə 80 min Azərbaycan ziyalısı represiyanın günahsız qurbanı olmuşdur.

1941-1945-ci illərdə “Vətən müharibəsi” adı ilə insanların şüuruna həkk edilən qanlı müharibədə 100 minlərlə azərbaycanlı, erməni, gürcü, tatar, özbək, qazax, türkmən və digər xalqların nümayəndələri yad ölkələrdə əsirlikdə qalıb Fransa, Almaniya, Polşa, Çexoslavakiya, İtalya, Türkiyə, hətta Amerika və Kanadada ömürlərini başa vurmuşlar.

O da məlumdur ki, Qafqazda yaşayan xalqlar zaman-zaman İranın, gah da Türkiyənin hakimiyyəti altında olmuşlar. XVIII əsrin II yarısına kimi Borçalı mahalı, Qazax, Şəmsəddin, Gəncə xanlığının tabeliyində olmuşdur. 1736-cı ilin yanvar ayında Nadir şah Muğana gəlmiş və həmin ilin frvralında orada qurultay çağırmışdı. Qurultayda bir sıra vəzifəli və nüfuzlu şəxslər, o cümlədən Gəncə xanı Ziyadoğlu Nadirə qarşı müxtəlif mövqe tutmuşlar. Daha doğrusu, Nadirin əsli-nəcabətinə görə özünü şah elan etməsinin əleyhinə olmuşlar. Ona görə də Nadir şahlıq taxtına çıxdıqdan sonra Gəncə xanından intiqam almaq və onun siyasi qüdrətini azaltmaq məqsədilə Cavanşir, Otuzikilər, Kəbirli tayfalarını Qarabağdan Xorasanın Sərəxs vilayətinə köçürmüş, Qazax və Borçalı mahalını isə Gürcü-Kaxetiya çarlığına bağışlamışdır. Bu və ya başqa səbəblər üzündən də eyni kənd, yer, dağ, çay, dərə adlarına hazırda həm Qazaxda və Borçalıda, həm də İran və Türkiyədə rast gəlmək mümkündür.

1957-ci ildə Moskvada nəşr olunmuş “Müasir İran” kitabında İranın inzibati bölgüsünə əsasən Bozçalı Araq şəhrıstanlığına daxil edilməklə 45 kəndi əhatə etmişdir. Buradan bir daha aydın olur ki, sözün əsil mənşəyi Borçalı yox, Bozçaladır.

Maraqlıdır ki, təxminən 1840-1845-ci illərdə İraqda təhsıl almış Faxralı sakini Molla Hüseyn Xudu oğlu şəxsi kitabının üstündə Bozçalı mahalı yazmışdır. Bu əyalətin adı Cənubi Azərbaycanın Araq şəhristanlığı siyahısında da “Bozçalu” kimi qeydə alınmışdır.

Mənbə: Hüseynqulu Məmmədli (Məmmədov) – “Görüm Faxralının biri olsun beş…”

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur