Ulu babalarımız ilk dəfə Molla Əhmədli təpəsi deyilən yerdə yurd salmış, sonra indiki İmirhəsən kəndinin ərazisində məskunlaşmış, nəhayət axırıncı dəfə isə suyu, otları bol olan ucsuz-bucaqsız geniş bir ərazidə meşəlik sahələri indi Ermənistan adlanan qədim türk torpaqları ilə sərhədlənən iki dağ arasında, mənzərəli bir yerdə Faxralı adlı vətən tutmuş, həmişəlik yurd-yuva qurmuşlar. bu tarixi faktı hər üç qədim yaşayış yerinin ərazisində olan qəbirlər də təsdiqləyir. Yaxınlıqda qədim abidələr, səkkizayaqlı kilsə, qəbirüstü yazılar, XVII əsrin yadigarı məscid diqqəti çəkir.
Söz düşəndə 30-35-ci illərin dünyagörmüş qocaları deyərdilər: “Faxralı yeddi kəndin sonudur”. Məlumdur ki, Faxralı 30-dan çox tayfanı özündə birləşdirib. Hətta bu tayfaların bir qisminin İranda, Türkiyədə, Azərbaycanda, Türkmənistanda və türklər yaşayan digər ərazilərdə eyni adlı tayfalar, kəndlilərlə soydaşlıqları barədə rəvayətlər, fikirlər söyləmək olar.
Faxralı Borçalının qədim türk torpağıdır
Dədə Qorqudşünas-alim, Hüseynqulu Məmmədli “Görüm Faxralının biri olsun beş…” tarixi əsərində Faxralı kəndinin təxminən 800 illik yaşayış yeri olduğunu fərz edir. O, bunu kəndin ərazisində XII, XIV və XVI əsrlərə aid tapılmış islam qəbirüstü abidələrinin olması ilə bağlı qeyd edir.
Faxralı barədə tarixi sənədlər
Faxralının adı müxtəlif dövrlərə aid tarixi qaynaqlarda anılır:
- Güldenşdetin səyahətnaməsində (1770-ci il);
- Şahzadə İohanın yazıya aldığı əhali və əhali sayımı siyahısında (1794-1799);
- Professor Valeh Hacıyevin araşdırması (1820-ci ildə Faxralıda qeydiyyatda olan vergi ödəyiciləri barədə)
- 1850-ci ilin aprel ayının ortalarında Qafqaz naibi Voronsovu müşayiət etmiş Luka İsarlovun qeydlərində (yeri gəlmişkən, müəllif Faxralını da Osmanlı (türk) mənşəli kənd kimi verib.
Faxralı toponimi və kəndin formalaşma tarixi
Faxralı ulu babalarımızın məskən saldığı, öz gözəl ənənələrinin xatirələrini yaşadan bir kənddir. Müdrik qocalar, el ağsaqqalları və ağbirçəkləri kəndin adını “Fağır Alı”, bəzən də “Fəxr Əli” (Həzrət Əlinin Fəxri, islamın təbliğatçısı) kimi mənalandırmış, Qazaxın sonralardan Dağ Kəsəmən kəndinə birləşmiş Faxralı kəndi, bəzən də Goranboy rayonunun Faxralı kəndi ilə eyni kökdən olduğunu nəql etmişlər.