Faxralı kəndi, Gürcüstan respublikasının Bolnisi rayonunda – dağlar ilə əhatə olunmuş füsunkar bir bölgədə yerləşir.
Bu kənd, ulu babaların məskən saldığı, öz gözəl ənənələrinin yaşadıldığı, qorunub saxlanıldığı böyük Türk Elidir.
Müdrik qocalar, el ağsaqqalları və ağbirçəkləri kəndin adını “Fağır Alı”, bəzən də “Fəxr Əli” (Həzrət Əlinin Fəxri, islamın təbliğatçısı) kimi mənalandırmış, Qazaxın sonralardan Dağ Kəsəmən kəndinə birləşmiş Faxralı kəndi, bəzən də Goranboy rayonunun Faxralı kəndi ilə eyni kökdən olduğunu nəql etmişlər.
Faxralı kimlərlə tanınır?
- Faxralı, çoxlu saz-söz ustaları, şairlər məkanıdır (Şairlər, Yazarlar, Aşıqlar)
- Faxralı, ziyalılar – alimlər beşiyidir (Elmlər doktorları və elmlər namizədləri)
- Faxralı, millət vəkili, deputatları ilə tanınır (Azərbaycan Respublikasının deputatları, müxtəlif çağrışlarda Gürcüstar SSR Ali Sovetinin deputatları)
- Faxralı, zəhmət adamları ilə şan-şöhrət qazanmışdır (Rəhbər şəxslər)
- Faxralı, Vətən yolunda qəhramanlıq göstərən igidlər yetimiş və şəhidlər vermişdir (Müharibə veteranları və şəhidlər)
- Faxralı, xidməti vəzifə borcunu ləyaqətlə yerinə yetirən görkəmli insanlar yetirmişdir (Hərbiçilər və dövlət qulluqçuları)
- Faxralı, dəli-dolusu, dəli-qanlısı, güləşəni, mahir atıcısı və s. ilə məşhurdur (Tarixi şəxsiyyətlər)
- Faxralı, Gürcüstanda təlim-tədris səviyyəsinə görə xüsusilə seçilib və hal-hazırda da seçilir (Müəllimlər, Həkimlər)
- Faxralı, həm də “Qanlı Faxralı” kimi tarixə öz adını yazmışdır.
Statistik məlumatlar
Faxralının əhalisi 1870-ci ildə 170 ailədə 1139 nəfər, 1926-cı ildə 470 ailədə 2321 nəfər, 1998-ci ildə 8000 nəfər, 2002-ci ildə 1447 ailədə 6891 nəfər, 2006-cı ildə 1568 ailədə 6784 nəfər, 2014-cü ildə isə əhalinin sayı 5038 nəfər olmuşdur. Hal-hazırda əhalinin 99.99% azərbaycanlılardır (Vikipediya məlumatı).
Gürcüstanın rəsmi dövlət statistikasına əsasən (2014-cü il) Faxralı kəndi əhali sayına görə respublikada 12-ci, azərbaycanlı kəndləri arasında isə 4-cü yerdədir.
- Təsərrüfat sayı – 1567-dən çox
- Böyük Vətən Müharibəsi zamanı Faxralı kəndindən 632 nəfər kişi müharibəyə yollanmış və onlardan 248 nəfəri Vətənə qayıtmamışdır (məlumat Ziyəddin Budaqovdandır)
- Bakı “20 Yanvar” şəhidi – 1 nəfər
- Azərbaycan Respublikasının Milli Məclisinin deputatı – 2 nəfər
- Elmlər doktoru – 10 nəfərdən çox
- Elmlər namizədi – 60 nəfərdən çox
- Məktəb – 2 ədəd (Faxralı 1 saylı ümumi orta məktəb (Şahbuzlu filialı ilə birlikdə), Faxralı 2 saylı ümumi orta məktəb)
- Xəstəxana – 1 ədəd
Kəndin adı
1991-ci ildə gürcü millətçilərinin, gürcüləşmiş ermənilərin təklifı və təkidi ilə Gürcüstanda qatı millətçi Qamsaxurdiyanın prezident olduğu dövrdə Hökumət, azərbaycanlıların dədə-baba yurdu olan kəndlərin adlarını dəyişdirərək gürcü mənşəli adlarla əvəzlədi. Faxralının adını Talaveri etdilər. Kənd sakinləri kəndin tarixi adının dəyişdirilməsindən çox narazı oldular və dəfələrlə bu barədə əlaqədar təşkilatlara, hətta ölkə Prezidentinə də müraciət etdilər. Lakin bu günkü günədək heç bir nəticə əldə olunmayıb.
Kəndin adının dəyişdirilməsinə baxmayaraq, kənd sakinləri, hətta Bolnisi rayonda yaşayan gürcülər və digər millətlər də bu kəndə Talaveri yox, hələ də Faxralı deyirlər.
İnanırıq ki, Avropaya inteqrasiyaya çan atan Gürcüstanda, demokratik cəmiyyət yaranacaq, respublikada yaşayan bütün xalqların hüquqları tam təmin olunacaq, onların arzu və istəkləri yerinə yetiriləcək və o zaman, kəndin qəlblərdə yaşadılan Faxralı adı da rəsmən bərpa olunacaqdır!
- Faxralı faxralıların qanındadır…
- Faxralı faxralıların yaşantılarının çığırdaşıdı…
- Faxralı – Faxralı kimi də yaşayacaq!..
Faxralı toponimi və kəndin formalaşma tarixi haqqında ətraflı