Faxralı kəndinə ilk yolun çəkilməsi

Nazxanım Rüstəm qızı Hümbətova demişdi: “Atam, Balaməmmədli nəslindəndir və Faxralınln adlı-sanlı kişilərindən olub – Rüstəm Hümbət oğlu Məmmədov. Hansı ki, sonralar ona Qaçaq Rüstəm də deyiblər. Mənim 4-5 yaşım olanda atam rəhmətə gedib. Mən atam haqqında anamdan və əmim İsmayıl Hümbət oğlundan eşitmişəm.  O, sovet dönəmində kəndin ilk bolşeviklərindən olub. Çox təmiz, vicdanlı bir insan olub. Bu səbəbdən onu ilk Faxralı kənd sovetinin sədri təyin ediblər. İşlədiyi müddətdə, çox xeyirxah işlər görüb. Onlardan biri – Faxralıya ilk yolun çəkilməsi onun adı ilə bağlıdır. Ona kimi xalqımız çox əziyyət çəkərdi…”

 

Faxralıda yeni məktəb binasının tikilməsi və asfalt yolun çəkilməsi

Hüseynqulu Məmmədli xatırlayırdı ki, 1960-cı ildə Faxralı orta məktəbində 18 sinifdə 576 nəfər şagird təhsil alırdı. Sinif otaqları çatışmırdı. Bu isə pedaqoji işin yüksək səviyyədə təşkil edilməsində çətinliklər yaradır, orta məktəb üçün yeni binanın tikilməsinə ehtiyac duyulurdu. Hüseynqulu Məmmədli şəxsi nüfuzundan, Əli Əliyevin (Alyoşa), Binnət Mahmudovun mənəvi dəstəyindən bəhrələnərək 1961-ci ildə bu problemin həllinə nail olmuşdu.

Əli Əliyev 70-ci illərdə rayon Soveti İcraiyyə komitəsinin sədri işlədiyi dövrdə el-obasının sosial inkişafı üçün əlindən gələn dəstəyi göstərirdi. O,  “Gilliyin burnu”ndan kəndə kimi yolun asfaltlaşdırlmasına nail olmuşdu. Əli Əliyev, həmçinin səlahiyyətlərindən istifadə edərək Faxralı orta məktəbi üçün əlavə binanın tikintisini də təşkil etmiş və 1973-cü ildə əvvəlki binanı tamamlayan yeni 4 mərtəbəli bina istifadəyə verilmişdi. Hal-hazırda həmin bina Arif Əliyev adına Faxralı 1 saylı ümumi orta məktəbin əsas korpuslarından biridir.

 

Kəndin su problemi ilə əlaqədar həyata keçirilən xeyriyyə işləri

Zaman-zaman kənd böyüdükcə, əhalinin sayı artdıqca su problemi yaranmağa başlamışdır. İçməli suyun mənbəyinin Gavkeçiddə olması müəyyən olunduqdan sonra su borularının alınması üçün pul vəsaitinin tapılması lazım idi. Pul vəsaiti kəndin imkanlı adamlarından toplanılmış və işlərin icraçısı Şirəddi nəslindən Gön Alıya və Koxallı nəslindən Hövüd Məhəmmədə həvalə edilmişdir. Bu ağsaqqalların rəhbərliyi ilə işlər yerinə yetirilmiş və kəndin 7 yerində su anbarları tikilərək istifadəyə verilmişdir.

Səməndər Məmmədov öz “Faxralılar və tarix yaradanlar” əsərində qeyd edir ki, Abbas İsrafil oğlu Abbasov elimizin ləyaqətli, elcanlı oğullarının – rəhmətlik Arif Əliyevin, Süleyman Qasımovun 1993-1994-cü illərdə su çatışmayan dövrdə iki ədəd dizel generatoru, üç ədəd su nasosu alıb elimizə hədiyyə vermələrini də minnətdarlıqla xatırlayır.Yeri gəlmişkən qeyd edək ki, rəhmətlik Arif Əliyev və Süleyman Qasımov sonralar da elimiz üçün, Borçalı üçün xeyli xeyirxah işlər gördülər. Doğma kəndimiz Faxralı üçün yolların çəkilişinə, asfalt döşənməsinə əhəmiyyətli köməklik göstərdilər, körpülər saldılar. Həmin o iki körpüdən birinə “Arif körpüsü” deyilir.

 

1 nömrəli Faxralı orta məktəbində görülən xeyriyyə işləri

  • 1969-cu ildə Məmmədəli Şərifovun təşəbbüsü ilə məktəb açılmışdır (2005-ci ilə kimi natamam, sonralar isə orta məktəb kimi fəaliyyət göstərmişdir)
  • 2009-cu ildə Bədəl Xəlilov (Keçili nəsli) məktəbin riyaziyyat kabinetini və ətrafındakı sinif otaqlarını təmir etdirmişdir
  • 2010-cu ildə Səməndər Yusubov (Usub öyü) məktəbin 2 sinif otağını əsaslı təmir etdirmişdir
  • 2013-cü ildə Mirzə Əlizadə (Koxallı nəsli)məktəbin köhnə binasının giriş qapısından başlayaraq müəllimlər otağınadək olan hissəni təmir etdirmiş və müvafiq mebel avadanlıqları ilə təmin etdirmişdir
  • Məmmədov Asifin təşəbbüsü və sinif yoldaşlarının köməyilə məktəbin həyətinə üstüörtülü dəyirmi stol düzəldilmişdir
  • Əlləzov Nəbinin təşəbbüsü və sinif yoldaşlarının köməyilə məktəbin giriş qapısı dəyişdirilmişdir

 

Azərbaycan dövləti tərəfindən Faxralı kəndinə edilən xeyriyyə işləri

Azərbaycan dövləti tərəfindən Borçalının bir çox yerlərində olduğu kimi, Faxralıda da aşağıdakı xeyriyyə işləri görülmüşdür:

  • Kəndin içməli suya olan ehtiyacını ödəmək üçün su nasoslarının alınması
  • 2 nömrəli Faxralı orta məktəbini əsaslı təmir etdirilməsi
  • Qoçulu kəndindən başlayan və bir neçə kəndi birləşdirən asfalt yolunun Faxralıyadək çəkilməsi
  • Kənddə “Dostluq” körpüsünün tikilməsi
  • Kəndin qazlaşdırılması və mavi yanacağın evlərədək çəkilməsi
  • Kənd yollarının yenidən təmir etdirilməsi
  • Gürcüstanın ali təhsil məktəblərində təhsil alan azərbaycanlı tələbələrin təhsil haqlarının ödənilməsi və onlara təqaüdlərin verilməsi
  • Faxralıda və digər kəndlərdə yüzlərlə insanın işlə təmin edilməsi
  • SOCAR-ın öhdəsində olan yararlı torpaq sahələrinin münasib qiymətə kənd sakinlərinə icarəyə verilməsi

Yuxarıda sadalanan yardımlara görə Faxralı cammatı Azərbaycan dövlətinə öz minnətdarlıqlarını bildiriblər. Bu məqsədlə Faxralı şairləri Oruc Əlizadə “Can sağlığı diləyin”, Səməndər Məmmədov “Əhsən” adlı şeirlər yazmışlar.

 

“www.faxrali.com” saytının hazırlanması ilə bağlı görülən işlər

Bu saytın hazırlanması, məlumatlarla doldurulması, eləcə də saytın domeninin və xostinqinin öz şəxsi vəsaiti hesabına alınması Rəşid və Cavanşir Hüseynovlar (Amaşlı nəsli) tərəfindən həyata keçirilir. Digər tərəfdən saytın baş məsləhətçiləri Əmirxan Babaşovun, Eldar Məmmədlinin bu sahədə böyük əməkləri vardır. Məlumatların toplanmasında Namiq Babaşovun, video materialların hazırlanmasında Dünyamalı Məmmədovun  əvəzsiz köməklikəri olmuşdur.

 

Mənblər: Redaktordan və Allahverdi Kərimov – “Faxralı kəndinin tarixi haqqında yaddaş kitabçası

 

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur