Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının baş redaktoru Musa NƏBİOÖLU bu kitab barədə aşağıdakı ön sözü yazmışdır:

“ARİF DASTANI”NIN BİRİNCİ QOLU

Bu fani dünyada “işıq ömrü” yaşayıb, sevib-sevilərək Haqq dünyasına qovuşan Arif Əliyev haqqında dostlarının, yaxınlarının, iş yoldaşlarının, doğmalarının və həmyerlilərinin ürək sözlərinin toplandığı bu kitaba ön söz yazmaq üçün dəfələrlə əlimə qələm götürüb masa arxasına keçsəm də, fikrimi cəmləyib bir şey yaza bilmirdim. Əvvəla ona görə ki, həyatdan vaxtsız köçmüş belə bir gözəl insan haqqında keçmiş zamanda danışmaq, xatirələri çözələmək elə də asan məsələ deyil. İkincisi də, yaxşı bilirəm ki, bundan qat-qat qalın kitablar hazırlansa da, Arifin gördüyü xeyirxah işlərlə müqayisədə azdır. Elə bu səbəbdən də hələ ötən ilin payızından – Arifin əbədiyyətə qovuşduğu ilk gündən böyük canıyananlıqla işə girişərək əvvəlcə “xüsusi buraxılış”ın, sonra isə bu kitabın hazırlanmasında əsl qədirşünaslıqla fədakarlıq göstərən dostum Səməndər Məmmədovun böyük zəhmətini qeyd etməklə, demək istəyirəm ki, bu kitab özü əslində Arif haqqında bundan sonra yazılacaq kitablar üçün bir növ başlanğıc “Arif dastanı”nın birinci qoludur.

Arif Aslan oğlu Əliyev kimdir? Onun haqqında niyə bu qədər yanğıyla, məhəbbətlə danışılır? Bu suallara cavab almaq üçün kitabda yer almış yazıların sərlövhələrinə diqqət etmək kifayətdir: “Arif həmişə sağdır”, “Adını tarixə yazdı”, “Xalqın sevgisini qazanmışdı”, “Onun böyük ürəyi vardı”, “Həmişə haqlının yanında idi”, “Ariflə dağı dağ üstə qoymaq olardı”, “Təkcə özü üçün yaşamadı”, “O, parlaq zəka, yanar ürək sahibi idi”, “Hər yerdə boyu görünən insan”, “Hər ananın övladı”, “Qürur mənbəyi idi” və s.

Arıf qürur mənbəyi idi – eloğlularının, dostlarının, yaxınlarının və doğmalarının, bir sözlə, onu tanıyan hər kəsin. Çünki Arif qismətinə yazılan ömüı payını ləyaqətlə, şərəflə, kişi kimi yaşamağı bacardı. Burada istəı-istəməz İrvino Stounun “Yaşamaq yanğısı” kitabından sanki Aıif üçün deyilmiş aşağıdakı sətirləri xatırlamalı olursan: “Bu dünyada düz yolla getmək üçün gərək axıradək özünü qurbun verəsən. İnsanın məqsədi ancaq xoşbəxt olmaqdan ibarət deyil. İnsan dünyaya yalnız vicdanlı olmaqdan ötrü gəlmir. O, bəşəriyyət üçün böyük bir şey açmalı, nəcib olmalı, insanların əksəriyyətinin keçirdiyi bayağı həyata üstün gəlməlidir”.

Təkcə doğulub boya-başa çatdığı Borçalıda – Gürcüstanda deyil, həm də Azərbaycanda və onun hüdudlarından kənarlarda da minlərlə könüldə hələ sağlığında ikən özünə əbədi heykəl quran Arif Əliyev haqqında bu kitabı nəşrə hazırlayarkən bir də Cəvahirləl Nehrunun bu sözləri yadıma düşdü: “Görünür insanın zərrə-zərrə topladığı mərifət, bilik və müdriklik qeyb olmur. Lakin gözlərimizi necə olursa duman bürüyür və arabir görmək qabiliyyətimizi itiririk. Pəncərə qapanır və ətrafa qaranlıq çökür. Lakin xaricdən dörd yanımız nura qərq olur. Demək, gözlərimizin, yaxud pəncərələrimizin qapalı olması o demək deyil ki, işıq qeyb olur”.

Bəli, Arifin etdikləri yaxşılıqlar da unudulmayıb, qeybə çəkilməyib. Onun əməlləri bu gün də ətrafa nur saçmaqdadır. Və nə qədər ki, onun əməlləri yaşayır, nə qədər ki, qədirbilən dostları, Səməndər müəllim kimi canıyanan qohumları var, Arif də yaşayacaq. Hər gün, hər ay, hər il Arif dastanının yeni-yeni səhifələri yazılacaq.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur