Müşgünaz Əsədullah qızı Əlizadə barədə məlumat

Ön sözün yerində

Öncə sözdü. Söz Bəşər adlı gəminin doruna pərçimlənmiş yelkəndi. Nədən ki, cümlə yolların yönəltməni olan ali təfəkkürlər söz olandan sonra gücə çevrilir. Hər kəsin fiziki, bioloji varlığını onun iç dünyasından qopan sözlər mənəvi sərvətə çevirir. Odur ki, söz deyən hər kəs sözünün yiyəsidi və sözünün taleyində özünün taleyini yaşayır.

Eləcə də, xanlm-xatm şairə Əlizadə Müşkünaz Əsədullah qızı. Şairə dedim. Dedim, özü də haqqına dedim. Baxmayaraq ki, Müşkünaz xanımın şairlik iddiası yoxdur. Çünki, o, heç vaxt oturub şer yazmaq qərarlısı olmayıb. Yalnız sinədən qopan sözlərin bir qismini kağıza köçürüb. Özü üçün, bir təskinlik, mənəvi rahatlıq tapmaq naminə. Bu səbəbdəndir ki, mətbuatda təkəmseyrək çap olunmuş şerlərini də bizim istəyimiz və oğlu Əlizadə Əlinin təkidiylə sandığından çıxara bilmişik. Elə bu kitab da bu minvalla – Əlinin inadkarlığı sayəsində ərsəyə gəldi.

Düşünürəm ki, görəsən, cəmi-cümlətanı natamam orta və peşə təhsili olan bu evdar qadına, zəhmətkeş, cəfakeş anaya, nənəyə şer yazdıran hansı duyğu, hansı həvəsdi? Məncə, əsas səbəb budur ki, Müşkünaz Əsədullahqızı da Borçalının Faxralısındandı. Yəni söz adamı olan hər bir faxralının qələmi, şübhəsiz ki, genetik fakta söykənir. Artıq Azərbaycanın söz-saz tarixinin müəyyən kəsiklərinə öz bayrağını sancmış, möhürünü qoymuş yaradıcı faxralılar (çox istərdim ki, Faxralının etnoqrafik yozumu fağır Alılar yox, fəxr Alılar olsun) təkcə Faxralının ədəbi təfəkkürünün deyil, həm də onun əvəzsiz, əsrarəngiz təbiətinin sözləşmiş təbii daşıyıcılarıdı! Çoxillik dostluq və yaradıcılıq əlaqələrimiz olan faxralılarla təmasdan qaynaqlanan bilgilərə istinadən bu qənaətə tam əminliklə gəlirik.

Müşkünaz Əsədullah qızının şerlərinə qələm gəzdirmədən, ciddi seçim etmədən, olduğu kimi, necə var, eləcə sizlərə təqdim edirik.

Olsun ki, kimisə qane etməyən beytə, bəndə, şeirə də yer verdik. Qoy olsun. Bu da bir tale yaşantısının nəğmələri, söz buketidi. Dediyimiz kimi, ədəbi təmənnası olmayan dili laylalı, sinəsi sözlü Borçalı analarının biri kimi görüşə gəlir Müşkünaz ana. Bu yerdə yaradıcılığındakı ruhu tərpədən misralardan misallar göstərmək istədim. Amma yox. Hesab etdim ki, bu kitabı oxumaq istəyən, oxuyan hər kəs özü işıqlı, həmişəyaşar misralar tapacaq. Mütləq tapacaq. Sonda özünəməxsus ömür yolu, duyğusu olan, istedad yiyəsi, el şairəsi Müşkünaz xanım Əsədullah qızına uzun ömür və söz uğurları arzulayırıq.

Rafail İNCƏYURD

Həyatın yükünü daşıdır zaman

Nəsihət

Körpəlikdən xudan sənə verir pay,
Həm ağlını, həm gücünü saxla sən.
Yersiz yerdə elə-belə xərcləmə,
Görərsən ki, onda qaldın dala sən.

Xəstə görsən sağlamlıqdan danışma,
Zəif görsən öz-özünə alışma,
Ağılsızın işlərinə qarışma,
Tez düşərsən onun kimi hala sən.

Dövləti veribsə sənə yaradan,
Danışma kasıbla dövlətdən-vardan.
Bacarıb seçməsən ağı-qaradan,
Hər zaman düşərsən qalmaqala sən.

Əgər güclüsənsə, özünü öymə,
Gücsüzü təhqirlə, qəzəblə söymə,
Nadanla oturub sözünü döymə,
Elə etmə onun kimi olasan.

Varsa da sərvətin, vəzifən əgər,
Rəiyyəti incidib versən hey kədər,
Namərdlə bərabər sən yesən şəkər,
Atılarsan bir də gördün çölə sən.

Əsəbi olanda demə sözünü,
Lağlanıb heç kəsə dikmə gözünü,
Apara bilməsən əgər özünü,
Rast olarsan bir də güclü qola sən.

Biliyin varsa da, bir ümman qədər,
Göstərməsən onu nə fayda edər?
Hər bir adam işi ilə görünər,
Bildirməsən hamı bilər köləsən.

Bir qurdlu meyvədir bəzən də insan,
Ağacı qurd yeyər içindən hər an,
Əgər doğmalara biganə olsan,
Görərsən ki, birdən düşdün selə sən.

Bu dünya

Haqqı, ədaləti tamam unudub,
Heç kəsə hesabat vermir bu dünya.
Yalanın, əyrinin üstündə durub,
Doğruya bir qiymət vermir bu dünya.

Addımın atırsan yıxır, sürüyür,
Qalxırsan, üstünü duman bürüyür,
Dayanıb durursan canın çürüyür,
Yaxşıya xoş həyat vermir bu dünya.

Odur mövcudatın ilki, əzəli,
Odur müəmmalı əzəldən bəri.
Odur yaradan da hər dərdi-səri,
Dərdliyə inayət vermir bu dünya.

Alimlər çalışdı, anlasın onu,
Çoxu elm öyrəndi, olmadı sonu.
Niyə anlamadıq puç olduğunu,
Heç kimə bir fürsət vermir bu dünya.

Yaradıb insanı düşünən, anan,
Ağıl da bəladır ona hər zaman.
Sirrini açmağa çalışsa insan,
Kimsəyə heç möhlət vermir bu dünya.

Dünya işlərində olsa bir meyar,
Xeyir əməllərçün insan doğular.
Yaxşılıq eyləyib ömür yaşayar,
Bir kəsə səadət vermir bu dünya.

Hər an xoşbəxt olmaq-insan arzusu,
Yaşamaq amalı, ölmək-qorxusu,
Çavabsız qalıbdı bir çox sorğusu,
İnada nəhayət vermir bu dünya.

Çox dərdləri verib, dərmanın danır,
Dərmanlar dərdlərdən sonra yaranır.
Haqsızlıq önündə Müşgünaz yanır.
Ona da bir nicat vermir bu dünya.

Ömür yolunda

Bu həyat insanın ömür yoludur,
Bu yolun quludur həmişə insan.
Hər əməl bu yolun açmış gülüdür,
Taledir açdırıb, həm də solduran.

Dünya sonsuzluqdur, ömürsə gücsüz,
Arzular, xəyallar verməyir aman.
Hələ bərkiməmiş bir sümüyümüz,
Həyatın yükünü daşıdır zaman.

Hər kəs də bu yola həsrətlə baxır,
Gedir köhnə nəsil, gəlir təzəsi.
Günəş kimi çıxır, ay kimi yaxır,
Bu gəlib getməyin nədir mənası?

Hər gələnin var bir cürə qanı,
Kimisi bu yola gül səpib gedir.
Kimisi dağıdır, qırır hər yanı,
Od salıb yandırır kül səpib gedir.

Kiməsə xoşbəxtlik əgər verilsə,
Tanrı taleyinə yazıb qisməti.
Bu qismət də nəsib olmur hər kəsə,
Çünki tanrı verir belə qisməti.

Fələk

Nahaqqı, əyrini görmür heç zaman,
Düzlərin sözünü heç edən fələk.
Əyriyə həmişə hey verir imkan,
Pislərə hər zaman güc verən fələk.

Kimini canından edir bezigar,
Kiminin həyatı olur ahu-zar,
Kiminsə əlindən kimə kəm yazar,
Kiminsə gileyin puç edən fələk.

Kimisi ömürlük işığa möhtac,
Kimisi taleyin yaşar yarıac.
Kim ilə də olur həmişəlik gəc,
Kimdənsə hər zaman bac alan fələk.

Kiminin hər günü il olub keçir,
Kiminin ömürü yel olub keçir,
Kiminin taleyi sel olub keçir,
Kimin də başına tac olan fələk.

Kor yapalaq

Yuxuda zirvəni qartalsız görüb,
Yapalaq dırmaşdı qaya başına.
Özünü quşlara padişah sayıb,
Başladı onlarla öz savaşına.

Xəyalən quşlarla bir məclis qurdu,
Quşların hamısı gəldi yanına.
Məclisin başında özü oturdu,
Bundan çox rahatlıq gəldi canına.

Tapşırdı, sözündən çıxmasın heç kəs,
Turac da, tərlan da baş əysin ona.
Hansı birindənsə çıxarsa, bir səs,
Ömrünü o anda yetirsin sona.

Tovuz da, bülbül də deyir özündən,
Onları heç zaman götürmür gözü.
Düşündü düşərsə, onlar da gözdən,
Daha bu quşlarla bir olar sözü.

Belə düşüncələr içində ikən,
Qartalın gözünə gözü sataşdı.
Qartal zərbə ilə onu vuranda,
Ölümcül qayanın dibinə aşdı.

Kimlə böləsən

Dil ətdəndir, sən düz saxla dilini,
Yersiz desən itirərsən özünü,
Sarsıyarsan, büdrədərsən dizini.
Bilənməzsən onda hara gedəsən,
İstəyərsən dərdi kimlə böləsən.

Var-dövlətin varsa, saxla əlində,
Sirri vermə, sözün saxla dilində,
İtirər dəyərin hamı biləndə,
Sirr də bir dövlətdir, bunu bilməsən,
Olsan müflis, dərdi kimlə böləsən.

Haramdan gözləmə, sən var-dövləti,
Haram gəlsə, halal gedər xəlvəti,
Gedər mayan, itirərsən sərvəti,
Olanları sən özün də görməsən,
Dilənçi tək, dərdi kimlə böləsən.

Həyatnamə

Körpələr həyata gələn hər zaman,
Bir sevinc bəxş edir ulu yaradan,
Ata-anası da qəlbində hər an,
Deyir ki, görpəni böyüdək necə,
Yaxşı övlad olsun qoy böyüdükcə.

Beş yaşına qədər hər yanı qatır,
Gah oda yıxılır, gah suya batır,
Özünü hər şeyin üstünə atır,
Əgər qoyularsa, gözdən bir azca,
Heç nə də anlatmaq olmur nadincə.

On yaşına qədər nələr deyilir,
Bəzən hirslənilir, bəzən döyülür,
On beşində böyük kimi görünür,
Ağıllanır, çünki o böyüdükcə,
Bu yaşda verilir ona düşüncə.

On səkkizdə ona peşə seçilir,
İyirmidə daha nələr çəkilir,
İyirmi beşdə toy planı tökülür.
Toyunu eyleyib gətirir zövcə,
Ehtiyacı olur onda qazanca.

Otuzunda sərbəst olmaq yaraşır,
Gördüyü işlərlə özü barışır,
Otuz beşdə ata kimi danışır,
Ata olmaq qismət olur bu gəncə,
Qayğısını çəkir günlər keçincə.

Görürsüzmü nə tez gəlir bu zaman,
Atadan övlada keçir bu dövran,
Həyat da işini görür durmadan,
Dünən hey qucaqda gəzən balaca,
Bu gün ata olur, baxın beləcə.

Qırx yaşında aqil kimi bilinir,
Çəkdiyi zəhmətin barı görünür,
Bəzən kədərlənir, bəzən sevinir,
Etdiyindən görür yaxşı nəticə,
Etməyəndə bikef olur möhkəmcə.

Qarışır beləcə başı işinə,
Şir də görür çatıb əlli yaşına,
Övladları bir-bir yığıb başına,
Deyir gəlin indi mənim yanımca,
Çatın çatmadığma siz bircə-bircə.

Altmışında qoca möhrü vurulur,
Ağsaqqal tək taxtı-tacı qurulur,
Agsaqqal da belə vaxtda bilinir,
Qananlara öyüd verir ehmalca,
Müdrik olur daha bizim bu qoca.

Yetmişində əli heç də gətirməz,
Məkana ayaqlar bəzən yetirməz,
Yaxşı övlad belə vaxtı itirməz,
Həyatı xoş olar günlər keçdikcə,
Heç nəyin dərdini çəkməz zərrəcə.

Səksən yaşına da çatarsa əgər,
Övladlar görərsə onu bir sərkər,
Nəvələr ətrafda hər axşam-səhər,
Qoca ilə hər kəs danışar incə,
Günləri xoş keçər sinn böyudukcə.

Doxsan yaşını da vurarsa başa,
Alxış edək, onlar çatsın yüz yaşa,
Mehriban yaşayıb gəzsinlər qoşa,
Çin olsun bu alxış gündüz, həm gecə,
Yaşasın övladlar həyat keçdikcə.

Yüz yaşamaq, qismət olmur hər kəsə,
Fikirlər, qayğılar girirlər bəhsə,
Beyındə verirlər onlar səs-səsə,
Atsanız beyindən bu fıkri tezcə,
Yaşınız olacaq həmişə yüzcə.

Aqillik

İnsan qocaldıqca yaşamaq istər,
Bir kimsə dünyadan köçməsin vaxtsız.
İnsanı yaşadan işdir, əməldir,
İnsan qurmaq üçün yaranıb yalnız.

İnsan yaratmağa tapanda imkan,
Nə dincələr gündüz, nə gecə yatar.
Bəzən bir arzusu ləngisə onun,
Böyük fırtınalar üstünü alar.

Yaraşır insana qurmaq, düşünmək,
Ömrünü sərf edir şərəfli ada.
Dünyanın sirrini istəyir bilmək,
Çalışır həyatda bir şey yarada.

Hər vaxt qalib gəlir dünyada kamal,
Kamal ilə görər insan hər işi.
Aqillər söyləyib, qalıb yadigar:
Elmdir dünyanın əzəl gərdişi.

Aqilin ömürü-hamıya örnək,
Qayğılar içində çatılır qaşı.
Ona sərvət olur sonsuz bir istək,
Elə bu sərvətdir ömürü, yaşı.

Nadanlıq

Nadanın diləyi çörəkdi, sudu,
Onun başqa şeydə istəyi olmaz.
Bircə yaşamaqdı onun arzusu,
Qurub yaratmaqda əməyi olmaz.

Elmsiz, sənətsiz olan bir insan,
Həyatda həmişə yaşar mənasız.
Qurumuş kötüyə bənzər hər zaman,
Sel kimi kükrəyib daşar mənasız.

Bir gücdə olammaz bütün insanlar,
Hər kəsin öz ağlı, əqidəsi var.
Mənəm-mən deyər hər vaxt nadanlar,
Ozünü öyməyin nə mənası var?

Bayatılar

Əzizinəm saralar,
Qızıl gülü sar alar.
Bir qanmazın sözündən
Qanan adam saralar.

Əzizinəm güləsən,
Nə danışıb, güləsən.
Haqsızlığı sən də gör
Bəlkə onda biləsən.

Əzizinəm tələdi,
O qurduğu tələdi.
Dostum kimi göründü
Arxamdan itələdi.

Eləmi oda səni,
Çağırdı o da səni.
Arxanda od qaladı
Saldılar oda səni.

Eləmi yada məni,
Salginən yada məni.
Qohumum namərd çıxdı
Satdılar yada məni.

Eləmi yaşa doldun,
Gün keçdi, yaşa doldun.
Ömürdə məna yoxsa
Ağladın, ya şad oldun.

Eləmi yaşı gözlər,
Gün keçər, yaşı gözlər.
Bəxtin xoş gün görməsə,
Gözlərin yaşı gözlər.

Eləmi alan ola,
Qeydinə qalan ola.
Acı söz eşitməkdən
Sancmağa ilan ola.

Xəyal

İnsanın qəlbində gəzir dünyanı,
Gah qaçar, gah uçar, görünməz xəyal.
Gecə də, gündüz də gəzər hər yanı,
Sahibi heç zaman gözləməz xəyal.

Qarlı dağlar aşar, bilinməz izi,
Vuruşar, döyüşər, görünməz özü,
Ruhmu, həqiqətmi, ya şeytan sözü,
Kimsəyə sirrini bildirməz xəyal.

Xəyaldır insanı belə yaşadan,
Hər kəs ümid gözlər həmişə ondan,
Gah röya olur, gah doğru, an-an
Sabaha inamı heç kəsməz xəyal.

Özü öz halına yetirməz nəzər,
Şahlıqdan danışıb vara söz verər,
Bəzən qaldırsa da, bəzən endirər,
Bir kimsəni rahat buraxmaz xəyal.

Nə qoca, nə cavan bilməz fərqini.
Onların həmişə didər qəlbini,
Biləmməz heç kəs də onun dərdini,
Heç kimin qəlbindən silinməz xəyal

Atalar

Övladın dayağı, həm uca adı,
Evındə, işində Zaldı atalar.
Onunla fəxr edər hər vaxt övladı,
Çünki düz yolları saldı atalar.

Çalışır həm gecə, həm də ki gündüz,
Hər ağrı-acıyla durur üzbə-üz,
Gah düşür çətinə, gah da gedir düz,
Öz işində əhli-haldı atalar.

Yaxşılara yaxşı əvəz bitirən,
Yamanlan doğru yola gətirən,
Qananlara yaxşı sözlər yetirən,
Sevənlərə şirin baldı atalar.

Kəlmələri dastan olub cahanda,
Örnəkdi sözləri, hər kəs qananda,
Məsləhəti istər, sultan da, xan da,
Yaddaşlarda hər vaxt qaldı atalar.

Mən danışdım arif olan insandan,
Səsi gələn yaxın, uzaq, ümmandan,
Ağıl verib onlara bir yaradan,
İnsanlığın sirrin bildi atalar.

Qocanın

Kövrək olan qəlbi asan oxunur,
Tezcə açıb-solur gülü qocanın.
Balaca bir söz də ona toxunur,
Heç vədə dinc durmur dili qocanın.

Hər şeyə qarışıb, bir az deyinir,
Keçmişdən danışır, yaman öyünür,
Üzünə xoş baxsan, hədsiz söyünür,
Onda da xoş olur halı qocanın.

İstəyir hər işə qata başını,
Heç zaman nəzərə almır yaşını,
Narazı olanda çatır qaşını,
Azca olur qalmaqalı qocanın.

Deyirəm nurani olaydı qoca,
Şirin söhbətiylə könüllər aça.
Nəvələr həmişə gəzə dalınca,
Əllərdən yapışa əli qocanın.

Şeir

Tanrı verən bir vergidir,
Mənasıyla bilinərsə.
Könüllərə bir körpüdür,
İnci-zər tək düzülərsə.

Bəzəyidir məclislərin,
Söz-söhbəti sevənlərin.
Bəhrəsidir deyənlərin,
Ürəklərdən süzülərsə.

Gəzir dağı, gəzir düzü,
Hamı bilməz gözəl sözü.
Acı olur sözün düzü,
Oz yerində deyilərsə.

Tarixlərin yaddaşıdır,
Qəhrəmanlar yoldaşıdır.
Sevinc, kədər sirdaşıdır,
Ona qiymət verilərsə.

Şair olmaz hər söz deyən,
Şeir olmaz çox sözlərdən.
Heç vaxt düşməz dəyərindən,
Oxunanda sevilərsə.

Analar

Baladı ananın başının tacı,
Ömrünün nəğməsi, qolunun gücü.
Övladla hər zaman bölər sevinci,
Kədəri gizlicə saxlar analar.

Hər dərdi ürəkdə saxlayır ana,
Böyüdür balasın o yana-yana.
Övladın sevinci dönsə ümmana,
Dağlar çiçəyinə oxşar analar.

Səhərlər obaşdan durur hər zaman,
Arzusu yatmağa verməyir imkan,
Ömrü bürüsə də şaxtalı duman,
Xoş arzu-diləklə yaşar analar.

Nə qədər ağrılı illər keçsə də,
Gözləri önündən odlar keçsə də,
Enişli-yoxuşlu yollar keçsə də,
Sabaha ümidlə baxar analar.

Şair qardaşı

Kimi sevgisinə göstərir həvəs,
Kimi də böhtanla edir cəhli-bəs,
Yanmışa heç fikir verməyir bir kəs,
Tökülür gözündən hey axır yaşı,
Kədərin, sevincin şair qardaşı…

Sevmək sevənlərə verir əziyyət,
Böhtansa ondan da çox verir zillət,
Gecələr özüylə hey edir söhbət,
Gündüz həyacana alışır başı,
Kədərin, sevincin şair qardaşı…

Həyatı gözündə olur əfsanə,
Od kimi yandırır onu zəmanə,
İstəsə söndürsün odu pərvanə,
Onun da od tutub alışır qaşı,
Kədərin, sevincin şair qardaşı…

Çoxları əlindən çəksə də aman,
Namərdin əlindən eyləyir fəğan.
Mən necə gəzərəm deyir, ay aman.
Dağ bilir, düz bilir yarğanı, qaşı.
Kədərin, sevincin şair qardaşı…

Dərdini çəkənə dərdi dərd olur,
Oyur ürəyini sanki kart olur,
İstəyir ki, atsın, yaman sərt olur,
Kəsir qarşısını hər addım başı,
Kədərin, sevincin şair qardaşı…

Ömrünə əl açır baharın,yayın,
Hər zaman xoş gəlsin günəşin, ayın,
Özünüzü yananın yerinə qoyun,
Gör kimin gözündən çox axır yaşı,
Kədərin, sevincin şair qardaşı…

Şair

Güllərdən ətir qoxuyur,
Sözlərdən çələng toxuyur,
Hər üzdən məna oxuyur,
Üz yiyəsi bilməsə də.

Kədərlərə olur yoldaş,
Sevinclərə deyir qardaş.
Həyatıdır ona sirdaş,
Dünya imkan verməsə də.

Xəyalda gəzir dünyanı,
Şeir yazdığı bir zamanı,
Zülmətə vermir amanı,
Evdə işıq olmasa da.

Gecə-gündüz yazır yazı,
Mənalıdı hər bir sözü.
Həqiqətdə durur özü,
Bəxt üzünə gülməsə də.

Haqsız söz

O hamını minib gəzir,
Heç yana getmir piyada.
Ayağı yox, qanadı yox,
Amma bərk gedir dünyada.

Nə canı var, nə qanı var,
Yesən olur yaman acı,
Dəysə, könül parçalayar,
Nə dişi var, nə qılıncı.

Elə çıxsa dəhanından,
Bir də geri heç dönməyir.
Yaman qorxur hamı ondan,
Orda hörmət bilinməyir.

Arı təki sancır bir-bir,
Sonra gəzir hər bir yanda.
Ona yaman fıkir verir,
Hər qanan da, qanmayan da.

Ürəklərdə salır yuva,
Beyinə də edir divan,
Kim istəsə onu qova,
Bacarammaz heç bir zaman.

Uduzdum

İpək yolum ilə getdiyim zaman,
Yolum üstə bir ilana uduzdum.
Birdən kirpi oldu, ilişdim ona,
Qaçammadım, o tikana uduzdum.

Haraya getsəm də çıxır qarşıma,
İstərdi zəhəri qatsın aşıma.
İmkan verilmədi bu savaşıma
Bilə-bilə kor nadana uduzdum.

Evimdə durmağa verməzdi imkan,
Həyatım xoş keçsə dözməzdi bir an.
İstərdi yolumda olsun hey duman,
Haqsızlıqda yandırana uduzdum.

O, nələr edərdi, demirəm hələ,
Evində olardı hər vaxt vəl-vələ.
Utanmazın səsi qalxanda zilə
Namusundan utanana uduzdum.

Yalan

Doğumu qiymətdən salsa da,yalan,
Heç vədə doğrunu itirmə, oğul!
Yalan ləli-kövhər olsa da hər an,
Onun dənəsini götürmə, oğul.

Payızda bar verir bütün ağaclar,
Elə bil əbədi bir həyat qurur.
Düşəndə üstünə boranlı qarlar,
Tökür paltarını təmiz lüt qalır.

Yalan dağ olsa da, tük üstə durar,
Dəyanət gətirməz o zaman-zaman.
Əsəndə bərk külək tezcə yıxılar,
Heç vədə durammaz ayaq altından.

Yalam qida tək alanlar çoxdur,
Bir çoxu nəfəs də yalanla alır.
Həyatda onların hörməti yoxdur,
Hər zaman yalançı özü tək qalır.

Fərsiz

Yatırsan, bekarsan, gəzirsən boşa,
Şeytanı güldürüb yatma, a fərsiz.
Şikəst deyilsənsə aç əl-qolunu,
Sükut dəryasına batma, a fərsiz.

Qarışqa daşıyır yerə düşəni,
Arı da seçibdir özgə peşəni,
Sən də düşünürsən ötüb keçəni,
Xəyallar üstündə uçma, a fərsiz.

Çalışmasan qismət verməz yaradan,
Xəbərin yoxdurmu sənin dünyadan?
Çoxdan dəyişmişdir gördüyün zaman,
Zəhmətli çörəkdən qaçma, a fərsiz.

Düzəlməzə çətin işin dönməsin,
Xəyalların qoy çin olsun, sönməsin,
Övladların səni fərsiz görməsin,
Lazımsız əşya tək itmə, a fərsiz.

Arsiz

Eybini bilməyən arsız,
Özgədə nöqsan gəzirsən.
Əlləşirsən gecə-gündüz,
Pis əməldən bezməyirsən.

Kinin didir ürəyini,
Rahatlığın gedir əldən.
Bilmək olmur istəyini,
Nədir səni məcbur edən?

Hey gəzirsən qapılarda,
Nə yorulub, nə durursan.
Hiss etmirsən soyuq qarı,
Hər günü yolda olursan.

Tək qeybətdir qidan sənin,
Bəhrəni ondan alırsan.
Gör nələrə var həvəsin,
Heç çəkinib utanmırsan?

Çulun varsa, ört başını,
Qoy səni görən olmasın.
Yaraşarmı heç yaşına,
Eybini bilən olmasın.

Ay həkim

Bir az qocalıbdı, bir az xəstədi,
Kömək et, üzülüb gedir, ay həkim.
Gəzib-dolanmağa çox həvəsdədi,
Dərmanını tapıb gətir, ay həkim.

Nə gördü dünyada, demirəm hələ,
Həyatı işgəncə, bir də vəlvələ.
Xoş gün istəyəndə düşdü əngələ,
Dərdini canından götür, ay həkim.

Bir yerdə heç qərar tuta bilmirik,
Bu dərdi ürəkdən ata bilmirik,
Xəstəlik düşməndi – bata bilmirik,
Şəfalı əlini yetir, ay həkim.

Ömrünü mənasız verməmiş bada,
Üç övlad böyüdüb qoca dünyada.
Çəkdiyi zəhmətlə bənzər Fərhada,
Etdiyi yaxşılıq itir, ay həkim.

Deyirlər bu dərdin dərmanı yoxdu,
Çarəsiz bir dərdə niyə yoluxdu?
Müşgünaz tək deyil, köməyi çoxdu,
Köməyə tək səni seçir, ay həkim.

Görünməz oldu

Gəlsənə söyləyim, çox bilən ağa,
Atını çapırsan sən sola-sağa,
Pələngi qaldırıb hündür bir dağa,
Yanında aslanı görməz olubsan!

Görünüb gözünə yel tək əsənlər,
Adamları soyub, yolu kəsənlər,
Quzğun kimi öz elini basanlar,
Qayada tərlanı görməz olubsan.

Kimi elimizə bir tac olubdu,
Kimi elimizdən çox bac alıbdı,
Kimi Mərdan kimi tez qocalıbdı,
Nalbənd tək imanı görməz olubsan.

Əsəd kişi elə, obaya yardı,
Yetim-yesir həyətinə axardı,
Hər gələnə övladı tək baxardı,
Eldə bu insanı görməz olubsan.

Deməyə çoxdur söz, demirəm özüm,
Qorxuram toxunsun sənə hər sözüm,
Sənin kitabına baxanda gözüm,
Görürəm çox şeyi görməz olubsan.

Çeşməyi götürüb gözünə taxın,
Kəndə gəlib ona yenidən baxın,
Müşgünaz qızıdır Əsədullahın,
Əsəd tək mollanı görməz olubsan.

Həkim

İnsan həyatının ömür çırağı,
Sağlığın, ümidin dirəyi həkim.
İçdiyi andın da o vəfadarı,
Büdrəyən xəstənin dayağı həkim.

Həm düşmən, həm də yad edərsə fəryad,
Bilinməz yanında heç bir seçkisi.
Kim olursa-olsun tez edər imdad,
Şəfalı əllərin yoxdu bölgüsü.

Həkim əllərində çox pəhləvanın,
Tükənməyən gücü, yüz qüvvəsi var.
Varır taleyinə hər bir insanın,
Onda hər umıdin son damlası var.

Xəstənin sevincdən üzü gülərsə,
Onunla sevinci bölər həmişə.
Xəstə narahatlıq əlində qalsa, 
Həkım xəstəliklə çıxar savaga.

“Oğuz eli Faxralı” kitabının müəllifi
Rəşid Faxralıya

Çəkdiyin zəhmətin nəticəsində,
Vüqarla ucaldın, el gözündə sən.
Yəqin ki, fıkridir hər bir kəsin də,
Ən uca dağların zirvəsindəsən.

Kitabı oxuyan gələcək nəsil,
Görəcək həm tarix, həm də ki, dastan.
Keçib dəyişəcək illər, nəsillər,
Hər bir kəs biləcək əcdadlarından.

Faxralı adıyla qoşadır adın,
Kitabın olubdur dostlara ənam.
Düşmənə xəncərdir sənin yazdığın,
Tarixdə qalacaq, buna əminəm.

Qərarsız gündüzün, yuxusuz gecən,
Yatmayıb, çalışıb düşübsən əldən.
Nuhun gəmisinə bənzər kitabın,
Heç zaman düşəmməz elin dilindən.

Əməli insana — ömür yoldaşı,
Yaradan veribdi səbr, dünyada.
Müşgünaz, kaş sənin şair qardaşın,
Qartal tək sürəydi ömür dünyada.

Nərgiz

Sən baharın gül qızısan,
Ondan müjdə gətir, nərgız.
Aşıqların söz-sazısan,
Ətirindən yetir, nərgiz.

Niyə rəngin saralıbdı,
Yoxsa, səni xar alıbdı?
Daha səbrim daralıbdı,
Bu kədəri bitir, nərgiz.

Tənha meşə olub evin,
Dərd çəkməkdən solub rəngin.
Söylə, nədir sənin dərdin,
Bu söhbəti itir, nərgiz.

Bənövşəynən gizlətmədən
Əyan edin məni sirdən.
Seiri yazım hərdən-hərdən
Dərdı məndən götür, nərgiz.

Duz-çörək

Bir padşah var idi, yaman rəhimsiz
Xalqı incidərdi həmişə yersiz.

Bütün rəiyyətə edərdi sitəm,
Xalq cana doymuşdu onun əlindən.

Ondan qisas almaq istərdi cavan,
Fikri dincəlməyə vermirdi aman.

Qəlbimdə nifrəti, gözlərində kin,
Uz tutdu yanına xidmətçilərin.

Onları bir təhər alaraq ələ,
Kimiyə vəd verib tez tutdu dilə.

O gözdən yayınıb keçdi gizlicə,
Xəzinəyə girdi həmin o gecə.

Birdən ki, görəndə qızıl, daş-qaşı,
Sevincdən gözündən axıtdı yaşı.

Yığanda daş-qaşı tez-tez kisəyə,
Gözləri sataşdı birdən ağ şeyə.

Tez onu götürüb aldı əlinə,
Maraqla baxaraq vurdu dilinə.

Heç nə götürməyib, geri baxmadan,
Oğru yubanmadan çıxdı oradan.

Heç xəbər tutmazdı ondan bir nəfər,
Xəzinəni bütün aparsa əgər.

Açılmamış gözü səhərin hələ,
Sarayda hər yanda düşdü vəl vələ.

Padşaha tez gedib xəbər verdilər,
“Agah ol bu işdən, ey şah”, dedilər.

Xəzinəyə gecə oğru giribdi,
Heç nə aparmayıb çıxıb gedibdi.

Doldurub ağzına qədər kisəni,
Götürməyib ondan heç bir dənəni.

Hökmdar əmr etdi: “qoy xidmətçilər,
Hər yerdən yolları təmiz kəssinlər”.

Bütün vəzir-vəkil, həm münəccimlər,
Yığışıb bir yerdə fikirləşdilər.

Sonradan dedilər: “Böyük hökmdar,
Yəqin ki, burada nəsə bir sirr var”.

Padşah hər bir yana tez verdi elan,
Kimdir xəzinəni bu gecə yaran.

Tez onu yanıma tutub gətirin,
Ənam verəcəymi ona yetirin.

Nəhayət utanmış gəldi bir cavan,
Hamı gözləyirdi maraqla yaman.

Qarşıda dayandı üzü dümağ qar,
Dedı ki, şahlara yoxdu etibar.

Ancaq vücüdünda göründü vüqar,
Bilirdi yaxşı iş qalır yadigar.

Padşah tez soruşdu: “ey cavan oğlan,
Kisəni nə üçün aparmayıbsan?

Bu sirdən məni sən gəl eylə agah,
Sənə niyə üstün gəlmədi tamah?”

Dedi: “Xəzinəni mən idim soyan,
Sultanım, hər şeyi edəcəm əyan.

Qaş-daşı yığanda bir-bir kisəyə,
Gözlərim sataşdı ağ parlaq şeyə.

Götürüb ağ şeyi dilimə vurdum,
Biləndə ki, duzdu yerimdən durdum.

Kiminsə duzuna dəyərsə dilim,
Ona mən xəyanət etmərəm dedim.

Kim duza-çörəyə etsə xəyanət,
Ömur boyu çəkər zülm ilə zillət”.

Cavan etibarda belə seçildi,
Sarayda şah onu işə götürdü.

O gəncin mərdliyi onu ucaltdı,
Bir məsəl qalaraq bizlərə çatdı.

 

Xoşdu “Cənnət” zümzüməsi

Faxralı

Uzanır yaşıl meşəsi,
Bağçalı-bağlı Faxralı.
Var nərgizi, bənövşəsi,
Ətrafı dağlı Faxralı.

Qəhrəmanlar diyarlsan,
Daşlaşıb yaddaşa sinnin.
Düşmənə də mərd olmusan,
Çox ucadı başın, sənin.

Hər bir yanda hörmətin var,
Dillərdə çəkilir adın.
Pis gözləri qoy olsun kor,
Sənə düşmən olan yadın.

Ürəklərdə sevinc coşur,
Həm aranda, həm dağında.
O an sənə tərif qoşur,
Bülbül ötsə budağında.

Üstünə çox düşüb qanlar,
Qayalarda izi vardır.
Başından əsib tufanlar,
“İmarət””lər yadigardır.

Axır soyuq bulaqların,
Deyirlər dərdə dərmandır.
Məst edici oylaqların,
Təbib olub nə zamandır.

Bərəkətli torpağın var,
Odur sənin var-dövlətin.
İgid oğul, qızların var,
Ad-sanındır onlar sənin.

Başın çəkən hər savaşa,
Urəyim çox narahatdir.
Duşübdür xalqın təlaşa,
Fağır olmaq sənə yaddır..

Səngər

Faxralıya bəzək verən,
Deyimlidir, “Səngər” adın.
Uzanır yam-yaşıl meşən,
Təbiətdən xoş yarandın.

Hər tərəfın oylaqlardır,
Ayağında yaşıl xalı.
Hey dolanıb dövran edir,
Heyran etdin çox mənalı.

Ətəyində var çeşmələr,
Zümzümədi gecə-gündüz.
Qopsa da yaman tufanlar,
Çağlayır qəmsiz, kədərsiz.

Hansı igid dara düşsə,
Tez qoynuna sən alıbsan.
Kimsə pənah gətiribsə,
Səngər kimi dayanıbsan.

Dirilik suyu içmisən,
Görəsən neçədi yaşın?
Sən Faxralı tarixisən,
Daşa dönübdü yaddaşın.

Çözü-könlü tox yaşarsan,
İşin yoxdu heç bir kəsdə,
Elimizin and yerisən,
Hər kəs dönər son nəfəsdə.

Yaylaq

Neçə ildi köç etmədik,
Yolda qaldı gözün, yaylaq.
Biz səndən üz döndərmədik,
Sevir minin, yüzün, yaylaq.

Xoşdu “Cənnət” zümzüməsi,
Qoyun-quzu mələşməsi.
Qız-gəlinin qoy nəhrəsi,
Hey çalxansın həzin, yaylaq.

Çən, dumanın ötüb keçsə,
“Divsiz”də uşaqlar çimsə,
“Ördəkli göl” onda küssə,
Doluxsuna gözün, yaylaq.

“Qırxbulaq”dan içən zaman,
Suyu olar dərdə dərman,
Şeir desəm sənə o an,
Açılarmı üzün, yaylaq.

Nəvələrlə dəstə-dəstə,
Müşgünaz gəzər ahəstə…
Səhər erkən göy ot üstə,
Yola dönər izin, yaylaq.

Bənövşə

Baharın ilk xoş çağında,
Gülünü tez aç, bənövşə.
Sən öz solunda, sağında
Dostunu gəl seç, bənövşə.

Dərdlilərə həyanmısan,
Yaman qəmgin dayanmısan,
Yoxsa böhtanla yanmısan,
Dərdini tez aç, bənövşə.

Boynunu büküb gəzirsən,
Bu sirri bizə demirsən,
Vüqarlı durub dözürsən,
Gəl yaxından keç, bənövşə.

Bütün güllər gözəlisən,
Uşaqların əzizisən.
Sən ki baharın qızısan,
Ətirini saç, bənövşə.

Yel tək gəlib tez uçursan,
Ətrini yana saçırsan.
Müşgünazdan nə qaçırsan,
Sən soyuqdan qaç, bənövşə.

Dağlar

Elin yurd yerində hər dincələnin,
Qonağı, qarası çox olar, dağlar.
Sayı bilinməyir gələndə köçün,
Hamını qoynuna hey alar dağlar.

Ürəyim istəyir səni hər zaman,
Deyirlər ətrafın dumandı yaman.
Yəqin ki, köməyə çatar yaradan,
Düşmənin arzusu puç olar, dağlar.

İgidlər vuruşda bir səngər istər,
Nəğmə oxuyan da səndən tar istər,
Çəməndə gəzənlər xoş əhval istər,
Şairlər hüsnündən söz salar, dağlar.

Ağır Faxralıdır elimin adı,
Heç zaman buraxmaz yağını, yadı.
Bir gün düşmənin də gələr fəryadı,
İgid oğullardan “pay” alar dağlar.

“Cənnət bulağı”ndan su içib gedər.
“Dəvə qoruğu”ndan gül biçib gedər,
Ağrıya-ağrıya düz keçib gedər,
Sənə qovuşanda babalar, dağlar.

Qızıl qaya

“Qanlı Faxralı”nın məslək daşısan,
Min illərmi olar, de yaşın sənin.
Elimizin ulu bir qalasısan,
Deyirlər qızıldı hər daşın sənin.

De hansı anadan olubsan belə,
Kim səni xəlq edib, sipərsən yelə?
“Qızıl qaya” kimi düşübsən dilə,
Niyə narazıdı baxışın sənin?

Öz sirli adınla çox ucalıbsan,
Vüqarlı durursan, çox bac alıbsan,
Qoca dünyadan da xərac alıbsan,
Sirli dünya olub sirdaşın sənin.

Neçə igid səndə yuva salıbdı,
Qılınc bülöyləyib fikrə dalıbdı.
Qartalın meylini hara salıbdı,
Soruşsam deyermi, de daşın sənin?

Qəfəsdə güllər

Pəncərədə durur güllər,
Evə ətir vurur güllər,
Elə bil ki, deyir güllər,
Nədəndi biz qəfəsdəyik?.

Cərgə ilə duruşurlar,
Bir-birinə baxışırlar,
Sanki məndən soruşurlar,
Deyən axır nəfəsdəyik.

Göstərirlər mənə həvəs,
Bir-birilə edirlər bəhs,
Bizə olan qayğı əbəs,
Çünki günəş həvəsdəyik.

Belə qayğı, belə diqqət,
Özlərinə edir sərvət,
Üzür bizi belə hörmət,
Biz azadlıq səsindəyik.

 

Tale ilə üzbəüz

Xatirə bulağı

“Qarama” döşündə iki bulaq var,
Sanki möcüzədi suyu axanda.
Onlardan su içər yoldan keçənlər,
Rəhmət söylər hər kəs ona baxanda.

Bulağı tikdirib Məhərrəm lələ,
Ata tarixini yazıb yaddaşa.
Həyatda hər işi xoş gəlib elə,
Bu da örnək olsun qohum-qardaşa.

Xudam ömür versin belə oğluna,
Bir bulaq da tikib aralı ondan.
Oğulsuz qaynana və anasına,
Xatirə yazdırıb oğul adından.

Bir oğul kimi də gözəl ad alıb,
Onu oğul sayıb qoca qaynana.
Ana xatirəsin eldə ucaldıb,
Qoymayıb oğlüsuz görünsün ana.

Qoca bəxtim

Niyə durub belə mat-mat baxırsan,
Harada qalıbsan gəl, qoca bəxtim.
Deyəsən çətinə yaman düşübsən,
Bu ahıl vaxtında gül, qoca bəxtim.

Çətin işi çox vaxt özün seçərdin,
Enişli, yoxuşlu yollar keçərdin.
Pis sözdən, söhbətdən yaman qaçardın,
Yenə də sancıldı dil, qoca bəxtim.

Altmış beşi bil ki, ötübdü yaşım,
Bir gör qocallqda nə çəkir başım.
Yaman xəstə oldu həyat yoldaşım,
Xoş günü apardı sel, qoca bəxtim.

Özüm şair oldum, yoldaşım xəstə,
Ürəyim döyünür, qulağım səsdə.
Müşgünaz qalıbdı bir bəd nəfəsdə.
Bu dərdi qəlbimdən sil, qoca bəxtim.

Şikayətim var

Durdimi ömrümə yanan dağlatdın,
Gah göynətdin, gah da haqsız ağlatdın,
Öz əlinlə dil-ağzımı bağlatdın,
Xudam, səndən sən şikayətim var!

Gileyi dəftərə yazıram ancaq,
Deyirəm huşumu bu dərd alacaq.
Yazmasam ürəkdə çox şey qalacaq,
Baxanlar görəcək, hərarətim var.

Qalmayıbdı daha canımda həvəs,
Torlanır gözlərim, görünmür heç kəs.
Səmadan güc verir sehirli bir səs,
Mənim bir Allaha məhəbbətim var.

Yanında ürəyim təmizdi mənim,
Çağırdım, olasan mənim həmdəmim.
Yadlardan heç kömək istəməz dilim,
Kimsəyə əyilməz öz qeyrətim var.

Adı qalıbdı

Canavar özünü sanıb bir pələng,
Bu yurdun eşqinə yaman çağlayır.
Sahibiz binəyə yiyələnərək,
Deyəsən dişinə ümid bağlayır.

Elə bil yarama duz səpələndi,
Yenə buralardı məni saxlayır.
Keçmişi xəyalım yaman hərləndi,
Dilim söz deyəndə, gözüm ağlayır.

Bu yurda gələndə alovlanıram,
Neçə igidləri yola salıbdı.
Bu binədə xəyallara dalıram,
Tək onların gözəl adı qalıbdı.

Niyə kövrəlirəm gələndə bura.
Yığışıb dərdlərim məni haxlayır.
Mənim buralara belə sevgimin.
Özüdür, həyatda məni saxlayır.

Qaldı

Körpəlikdən gün düşmədi üstümə,
Uşaqlıq dövranı dözümdə qaldı.
Səhər isinməyən axşam isinməz,
Şaxtası, boranı izimdə qaldı.

Qocalıqda ömrüm çox keçdi hədər,
Xəstəlik çox sıxdı məni qəm qədər.
Saldı kəməndinə çox qəza-qədər,
Həyatın xoş am gözümdə qaldı.

Üstümə saldılar təbib-loğmanı,
Xeyir də etmədi dava-dərmanı.
Qoydum əl-amanda dostu, doğmanı,
Səbəbsiz xəstəlik özümdə qaldı…

Olarmı (Anamın dili ilə)

Mən qurban olaram sənin səbrinə,
Gəl dəymə, sən mənim qırıq qəlbimə,
Ayağım sallanır artıq qəbrimə,
Məni ana kimi görmək olarmı?

Mən qurban olaram sənin adına,
Bu zamanmı anan düşdü yadına?
Otuz il yanırdım sənin oduna,
Bu yanan odu söndürmək olarmı?

Niyə belə çatdın de, qara qaşı,
Niyə həsrət etdi bəs altı başı,
Otuz il tökülən o leysan yaşı,
Daha o gözlərdən silmək olarmı?

Hər ayınıza bir qurban kəsirdim,
Üstünüzdə yarpaq təki əsirdim.
Yolunuzda bağrım, başın əzirdim,
Qədirsizə heç inanmaq olarmı?

Çatdırdım mən səni on beş yaşına,
Bu zamanda nələr gəldi başıma.
Mən çıxanda sən durmadın qarşıma,
Bu dərdi ürəkdən atmaq olarmı?

Yalvarıb Allaha eylədim dilək,
Mən Sızə qoyurdum çox böyük əmək,
Üçündən biriniz olmadız kömək,
Heç sizə etibar etmək olarmı?

Deyirəm yayılsm mənim sözlərim,
Arxa oldu mənə bacım, qızlarım.
Qoymadılar büdrəməyə dizlərim,
Bunlardan yaraşıq almaq olarmı?

Həmişə gülərək çıxıb qarşıma,
And da içirdilər mənim başıma.
Çarə olmadılar göz yaşlarıma,
Heç oğul yerini vermək olarmı?

Bəzən inciyirəm özüm özümdən,
Necə yaşlar axır mənim gözümdən.
Mənim söhbətimdən, mənim sözümdən,
Söz seçib məğzini bilmək olarmı?

Müşgünaz söyləyir sözü anana,
Taleyin əlindən belə yanana,
Özüm də bilmirəm sözü qanana,
Bu şeiri yadigar etmək olarmı?


Yurd yerini gəzəndə

Kimdi hasarlayıb, deyin, bu yurdu?
Yurd yerindən pay umanı gəzirəm,
Aslan yuvasına buraxmaz qurdu,
Mən bu yurdda o aslanı gəzirəm.

Yaxın gəl, de kimsən, ay dili acı,
Sənin başındadır bu yurdun tacı.
Kimdir calayıbdır burda ağacı,
Mən maraqla o ustanı gəzirəm.

Hər yana yayılıb onun hörməti,
Yediyi olardı ceyranın əti.
Bu yurdun yiyəsi nalbənd Əhmədi
Həsrətlə o əhlimanı gəzirəm.

Süfrəsi olardı erkək kabablı,
Dörd yanı olardı sərvər qonaqlı.
Qulluğa durardı yanağı xallı,
Həmin xallı o ceyranı gəzirəm.

Kəsilmirdi yetimlərin arası,
İynədə qalırdı gözün qarası.
Nahaq qurban getdi ciyərparası,
Körpəsiylə o ananı gəzirəm.

Düşməni əlindən gəlsə amana,
Hirslənsə bənzərdi çənə, dumana.
Söyləməzdi sözlərini yamana,
Duz-çörəkli o mollanı gəzirəm.

Gəlin dörd tərəfə boylanın, baxın,
Görün hara gedir bu gedən axın?
Nə gəldi başına Əsədullahın,
Ona görə bu məkanı gəzirəm.

Xələl gətirmərəm onun adına,
Çağırram, Xudamı çatsın dadıma.
Böhtan edən yansın özü oduna,
Fəxr eyləyib pir atanı gəzirəm.

Alaram sinəmə sədəfli sazı,
Təriflər söyləyib, yazaram yazı.
Bu binə böyüdüb mən Müşkünazı,
Ona görə bu havanı gəzirəm.

Ay qaya

Sən Nalbənd Əhmədin yurd qardaşıydın,
Həmdəmi olmusan onun, ay qaya.
Əsəd kişinin də namaz daşıydın,
Həm də səcdəgahı onun, ay qaya.

Səndə Qara Namaz zağası vardı, 
Çox zaman orada pünhan yaşardı.
Hərdən yeznəsinə qonaq olardı,
Qalardı səndə də hərdən, ay qaya.

Bacısına o pənah gətirəndə,
Çuğul da polisə xəbər verəndə,
Bacısı polisdən zərər görəndə,
Dönərdi şahmara birdən, ay qaya.

Baş açmaq olmazmış, onun izindən,
Atanda quşu da vurmuş gözündən,
Kimsə xəbər versə, onun özündən,
Alardı qisası ondan, ay qaya ,

Heç vaxt Qara Namaz qorxmazdı qandan,
Quş qanad salardı keçəndə yandan,
Qorxmazdı sultandan, nə də ki, xandan,
İstərdi imdadı səndən, ay qaya.

Atam

Nə oddan, nə sudan, nə qasırğadan,
Nə işdən, nə gücdən qorxmazdı atam.
Külüngünün səsi gələrdi dağdan,
Zəhmətsiz həyatı sevməzdi atam.

İstəməzdi hes kəs çıxsın izindən,
Xeyirdə, həm şərdə desin özündən.
Söz verən sonra da çıxsın sözündən,..
Silahlı düşməni saymazdı atam.

Sınardı gücünü dəmirdə, daşda,
Sınmazdı qohuma, nə də ki, yada,
Görsəydi düşməni qalıbdı darda,
Onu da köməksiz qoymazdı atam.

Müşgünz söyləyir, yəqin bu sözü,
Əyrilik sevməzdi, sevərdi düzü,
Qohumun üstündə olardı gözü,
Əskiklik nədirsə bilməzdi atam.

Anamın bəxti

Anamı evindən atdılar çölə,
Arxa durdu ona ögey bacısı. 
Gündüz zülüm çəkdi, gecələr nalə, 
Belə keçdi ömrünün son yarısı.

Dörd yanında gəzirdilər nə qədər,
Xoş söz deyirdilər, olurdu hədər. 
Üzündən getmirdi heç vədə kədər, 
Həyatın yox idi heç bir mənası.

Kədərli günündən çox vaxt bezirdi,
Qara taleyilə küsgün gəzirdi.
Bu “qoltuq” da onu yaman üzürdü.
Düşündüyü ancaq – doğma balası.

Qazancı çıxırdı ancaq xanadan,
Qohumdan, yaxından kömək ummadan,
Oxutdu balasın geri qalmadan,
Bu idi ürəkdə böyük arzusu.

Günləri beləcə ötüb-keçsə də,
Qızı ərə verib, tez köçürsə də,
Qara taleyinə üzdə gülsə də,
Ürəkdən getmədi tale ağrısı.

Ananın gözləri

Eşitmirdi anam dediyim sözü,
Yanıqlı-yanıqlı baxırdı gözlər.
Boylanıb qalırdı mənalı gözü,
Üzümə dikilib axırdı gözlər.

Eh, nələr çəkirdi mənim ürəyim,
Əzəldən qəhərə qənim ürəyim.
Sanki alışıb – yanırdı kürəyim,
Məni də odlara yaxırdı gözlər.

Daha çox üzlərdən çəkilib gözü,
Qara bəxt əlindən qurtardı özü,
Salanda yadına ağlayar qızı,
Dolaylı yollara baxardı gözlər.

Bizə qış olurdu anamın yazı,
Yenə çəkilirdi onun hər nazı,
Salırdı qəlbinə hey Müşkünazı,
Atəşi könlümə çaxırdı gözlər.

Balanın gözləri

Bir toyun da səsi kəndi bürüdü,
Düşündüm görəsən bu toy kimindi?
Öyrəndim, bildim ki, toy Əhmədindı,
Onda hər bir yana boylandı gözlər.

Atamın evində çalınanda toy,
Bütün qohumlara vurulanda hay,
Bacı-qardaşlara alınanda pay,
Lap geridə durub çox baxdı gözlər.

Ata bala evindən yan keçəndə,
Balasını bir-birindən seçəndə,
Balanın qəlbindən qanlar keçəndə,
Onda bulud kimi boşaldı gözlər.

Həyat yoldaşıma

Allahın hökmüdür, nə etmək olar,
Bir az xəstəhaldır həyat yoldaşım,
Gözləri üzdədir, qulağı səsdə,
Mən ona baxanda çatılır qaşım.

Nələr çəkirəm mən hey ürəyimdən,
Dözmürəm, alov çıxır kürəyimdən,
Dura bilmir, tuturam biləyindən,
Onda gözlərimdən axır göz yaşım.

Nələrdi görünür mənim gözümə,
Dözə də bilmirəm mən bu dözümə,
Ürəyim döyünür, baxmır sözümə,
Elə bil huşunu itirir başım.

Qartal yuvası

Bir səhər çıxmışdım Qızıl qayaya,
Bu qayada yuvan boş idi, qartal.
Göründü gözümə ata heykəli,
Elə bil orada dururdu qartal.

Canıma gizli bir üşütmə düşdü,
Gözümdən həsrətim torpağa düşdü,
Gördüm ki, başımın üstündən uçdu,
Tərk etdi bu yeri, unutdu qartal.

Bürüdü qayanı sanki duman-çən,
Məni də keçmişə apardı xəyal,
Soruşmaq istədim özüm-özümdən,
Görəsən haraya uçubdu qartal?

Qaya yaş tökürdü elə bil gözdən,
Boğurdu yazığı o sıx ağaclar,
Soruşurdu qaya görəsən məndən,
Uçub hara məskən salıbdı qartal?

İmarət göründü gözümə birdən,
Elə bil daşlar da qalxdı dalbadal,
Elə bil soruşur biri-birindən,
Niyə dogma yurdu tərk etdi qartal?

Qartalın qayada yuvası vardı,
Burada onunla yaşadı maral.
Onlar bir-birini çox istəyirdi,
Bilmirəm nə üçün atdı o qartal?

Elə bil yatmışdım durdum yuxudan,
Sanki gözlərimdən axırdı yaşlar.
Dedim daha gedim artıq buradan,
Bildim bundan sonra xəyaldı qartal.

Yoxdu

Yurdda fikrə getdim dərindən-dərin,
Bu küskün könlümün həmdəmi yoxdu.
İstədim oxuyam mən sərin-sərin,
Gördüm ki, dilimin dilqəmi yoxdu.

Yurd-yuva döndərdi külə dərdimi,
Dedim külək əsə, silə dərdimi,
İstədim həmdəm tək bölə dərdimi,
Gördüm ki, dərdimin böləni yoxdu.

Burda cah-cəlallar itdi gözümdən,
Müşgünaz, incidim özüm özümdən,
Baxdım ətrafıma ayıldım birdən,
Gördüm ki, dərdimin biləni yoxdu!

Sonra

Dönüklük sinəmə alov salıbdı,
Sönməyən ocağın közü qalıbdı,
Küskün olan könlüm çox saralıbdı,
Bizi ayaqlara atandan sonra.

Atdın anamızı bilmədən yola,
Satdın bu xanımı sən qara pula,
Bizi də sən saldın çıxılmaz hala,
Düşmənin dilində qalandan sonra.

Beş qızı atadan edibsiniz yad,
Dostun bikef olub, düşməninsə şad,
Allahı çağırdıq, hey etdik fəryad,
Xoşbəxt günlərimiz keçəndən sonra.

Peyğəmbər kəlamı nolar oxunsa,
Yazıbdı hər kəsin üç qızı varsa,
Hər zaman onların qeydinə qalsa,
Yeri cənnət olar öləndən sonra.

Bağışla… Sən məni bu sözə görə,
Ürəyim dolmuşdu, yazıram belə.
Hər kəs balasını atanda çölə,
Daha çox dərd çəkir dönəndən sonra.

Bilmədim

Mərdanə ürəyim, incimə məndən,
Bu dərd səndə qaldı, silə bilmədim.
Gedir xəncər izi, dilinki getmir,
Səninlə danışıb gülə bilmədim.

Sənə gah şirin oldum, gah da acı,
Bil ki, yaramazın pis sözdü gücü,
Ondan bəhrələnib alır qılıncı,
Pisləri verərdim yelə, bilmədim.

Sözlər oldu mənə sanki bir sicim,
Hey çəkmək istədim, çatmadı gücüm,
İlan tək dolanıb başımda tacım,
Ha çalışdım salam, sala bilmədim.

Yaşımı yadıma salıram hərdən,
Görürəm zəmanə keçibdi birdən,
O da sual verib soruşur məndən,
Onların cavabın bilə bilmədim.

Xəbərsiz

Gəlinin başına nələr gələrmiş,
Ömürdən xəbərsiz, yaşdan xəbərsiz.
Taleyinə birdən qor ələnərmiş,
Qurudan xəbərsiz, yaşdan xəbərsiz!

Dilində bir dua, ürəyində daş,
Heç zaman etməzdi bir kəslə savaş.
Birdən taleyinə atıldı bir daş,
Qayadan xəbərsiz, daşdan xəbərsiz!

Gözəl ağıl vermiş ona zəmanə,
Böyütmüş atası mərdi – mərdanə,
Düşməmiş heç zaman çənə, tufana,
Yağışdan xəbərsiz, ərşdən xəbərsiz!

Müşgünaz dözəmmir, bezir, usanır,
Kim kimin yerinə yanır, oysanır.
Xəbislər özünü indi nə sanır,
Kirpikdən xəbərsiz, qaşdan xəbərsiz!

Xəbər yox

Ağır söz qəlbimi paralayıbdı.
Ürək yerindədi, sözdən xəbər yox.
Köz təki canımı yaralayıbdı,
Canım yerindədi, közdən xəbər yox.

Gah sevinər, gah da gülər diləyim,
Gözümün yaşını silər diləyim,
Həyatda düzlüyü dilər diləyim,
Həyat yerindədi, düzdən xəbər yox.

Ömrümü tutdular hey vaxtsız daşa,
Onlarla mən çıxdım cəngə, savaşa,
Həm də bel bağladım gözümdə yaşa.
Yaşım yerindədi, gözdən xəbər yox.

Özgəyə daş atan qoy düşsün oda,
Dərd əlindən görüm, hey gəlsin dada.
Nahağı Allah da görür dünyada.
Nahaq yerindədi, haqdan xəbər yox.

İnnən belə

Bir yerə yığışın, gələrək yaxın,
Diqqətlə sözümə siz qulaq asın.
Mən ki, qızıyam xan Əsədullahın,
Bilməyənlər bilsin, qoy innən belə.

Xələl gətirmərəm onun adına,
Çağırram Xudamı çatsın dadıma,
Böhtan danışan da yansın oduna,
İstəyən şad olsun, qoy innən belə.

Hər kim nə istəyir onu danışsın,
Hər sözə, söhbətə başı qarışsın,
Kimdən nə istəsə, onu soruşsun,
İstər soruşmasın, qoy innən belə.

Müşgünaz yanmayır bunu siz bilin,
İstər kədərlənin, istərsə gülün.
Pis olan hər şeyi həyatdan silin,
Yaxşı xoşbəxt olşun, qoy innen belə.

Səadət bacım

Qoy mən səndən alım ana dadını,
Yaxşı güzaranın olsun, ay bacı.
Sən lap çox çəkibsən ana odunu,
Belə qayğı daha çəkmə, ay bacı.

Mən səni özümə qardaş bilirəm,
Arxamda bir dayaq, sirdaş bilirəm,
Həm də etibarlı yoldaş bilirəm,
Etibarı gəl itirmə, ay bacı.

Ayrılıqlar – ailəmizi bürüdü,
Ana bəxti qəlbimizdə düyündü.
Kimlər isə bəhrələnib sevindi,
Səbrli ol, fıkrə getmə, ay bacı.

Atamız qeyrətli, addı kişiydi,
Hər nə oldu, fltva verən işiydi.
Bu qarışıqlıq da bir keçmişiydi,
Keçən günü yada salma, ay bacı.

Körpə bacım Anaxanıma

Dövran düz gəlmədi körpə vaxtından,
Uşaq şıltaqlığı görmədin, bacım.
Atıldın ananla, ata evindən,
Qoltuqda sərbəstlik bilmədin, bacım.

Yoxuşlu yollara sən oldun yoldaş,
“Yetimlik” qəlbini yaman əzirdi.
Böyütdü anan da, gözlərində yaş,
O gözlər özünə həmdəm gəzirdi.

Sənə kömək oldu o qoca qadın,
Oxutdu, dərdinə hey yana-yana,
Ona fərəh verdi şərəfli adın,
Qalib tək yayıldı səsin hər yana.

Təhsili bitirib, gəlmədin kəndə,
Qürbəti özünə bir həmdəm seçdin.
Heç kəsdən köməklik istəməsən də,
O çətin yolları vüqarla keçdin.

Olur ki, təsəlli alıram mən də,
Yadıma düşəndə hərdən keçmişin.
Qəlbimdə yamanca kədərlənirəm,
Bu günki həyatın keçmişdən çətin.

Bir kimsəyə deməmişəm sözümü,
Qələmlə kağıza köçürdüm xəlvət,
Qəlbimdə çəkmişəm həmin dözümü,
Oxusan bu şeri bilərsən əlbət.

Qardaş kədəri

Hərdən yad eyləyib bizə gələrdim,
Elə bil evimdə bayram olardı.
Sevinci bizimlə sən də bölərdin,
Çünki ata kimi qardaşın vardı.

Sən köçdün, kədərin bizə də dəydi,
Sanki bizim üçün dünya boşaldı,
Bu ayrılıq daha belimi əydi,
Dərmansız xəstəlik məndə baş aldı.

Yolunu gözlərəm gözlərimdə yaş,
Qocalıq, xəstəlik üstümü alıb.
Ayağım dayanır, bil yavaş-yavaş,
Gözlərim hər zaman yolunda qalıb.

Sarı maşın

Sarı maşın təkdi, darıxır indi,
Yollarda qalıbdı bilirəm gözü
Səfərə çıxmırıq biz neçə ildi,
Yəqin ki, səfərə çağırır bizi.

Maşın çox saz idi, yola müntəzir,
Qorxmazdı nə buzdan, nədə ki, qardan.
İndi də yazıq tək boynunu bükür,
Bilir ki, sürücü köçüb dünyadan.

Bu maşın olmuşdu gəlir qazancı,
Hər zaman külfəti dolandırırdı.
Bizlərə heç zaman vermədi acı,
Həmişə hamını nurlandırırdı.

Gecə də, gündüz də gəzərdi yolda,
Qorxuya, çətinə salmadı bizi.
Qohumu, qonşuyu qoymadı darda,
Var oldu mərdanə insan əvəzi.

Bu maşın gözümdə bir müqəddəsdi,
İstərəm başına dolanım hərdən.
Daha çıxmağımız səfərə bəsdi,
Sürücü olmadan gedəmmərəm mən.

Gəlmirsən neynək

Çəzirdin qürbətdə, gözündə kədər,
Özgə bir torpağa meyl vermədən.
Çəkdiyin əməyin olmuşdu hədər,
Həyatı tərk etdin dərdə dözmədən.

Oğluna toy olur, gəlmirsən neynək,
Hər şey yerindədir, bir səndən başqa.
Amansız əcələ daha nə deyək,
Əlimdən nə gəlir, kədərdən başqa.

Oğluna toy olur, sən gəlməsən də,
Sənə göz aydınlığı veririk biz.
Məclisin başında görünməsən də,
Ruhunu aramızda görürük biz.

Binəmizin bulağı

Üfüqdən hər səhər düşəndə günəş,
Bulağa getməyi etmişdim peşə.
Bulaq söndürərdi qəlblərdə atəş,
Sakitcə axmağı vardı həmişə.

Dağlardan sızırdı şırıltı ilə,
Zümzümə edirdi hey gecə-gündüz,
Dumanlar çöksə də, meşəyə, çölə,
Sərbəstcə axırdı qəmsiz, kədərsiz.

Təbiət loğmandır insan ömrünə,
Buz kimi suları, axır hər zaman.
Dayanıb baxanda onun sehrinə,
Yorulmaq bilməyir bu anda insan.

Bulaqda özümü sanırdım xoşbəxt,
Getmək istəmirdim suyun üstündən.
Qayğısız illərdən yazsaydım əlbət,
Xatirə qalardı bu şeir məndən.

Nə deyər

Gəlmişəm Bakıya neçə aydı mən,
Danxsam görəsən halım nə deyər.
Əvəz olunarsa, bir aya anım,
Bilmirəm bu işə günüm nə deyər.

Belə intizarı qəlbimə salsam,
Təsəlli taparaq bir az da qalsam,
Hələlik gedəsi yenə olmasam,
Dözümüm nə deyər, səbrim nə deyər.

Hər zaman ürəyim Vətənlə vurur,
Burada xəyalım yaradır, qurur.
Görsəm ki, zəhmətim vüqarla durur,
Bilmirəm ürəyim, könlüm nə deyər.

İçsəydim deyirəm öz bulağımdan,
Suyu bum-buz olan buz bulağımdan,
Əhdi-ilqarına düz bulağımdan,
İçəndə suyunu dilim nə deyər.

Qoy onu bilsin

Alçağa, əyriyə edirəm nifrət,
Saflıqla, düzlüklə əsirəm zağ-zağ.
Tanrıma ürəkdən edirəm hörmət,
Hər zaman yanında üzüm ağappaq.

Alçaqlar pisliyə tuşlasa məni,
Yaxşıya yaxşılıq yaraşır ancaq.
Nə qədər etsə də pis əməlini,
Allahın yanında saflaşır ancaq.

Saflığa, doğruya kim atsa güllə,
Dəyəcək özünə, qoy onu bilsin.
Alçaqlar danışar ancaq arxadan,
Durduğu yerdə qoy özünü görsün,

Dünyadan xəbərsiz naşı, ya nadan,
Sözə kəmənd atır, gah da tor atır.
Özünün eybini özü görmədən
Özgəyə söz yapır, böhtan da yaxır.

Tarixi qədimdir bu əclafların,
Bir miras qalıblar əcdadlarından.
Gücləri çatmadı peyğəmbərlərin,
Qiyamət günündə olarlar peşman.

 

Hərəsi bir ömrün şirin nəğməsi


Sitarə

Dedim ki, həyatda xalası təkdi,
Onun bircə qızı olsun Sitarə.
Xalası ərköyün, bir az da sərtdi,
Gərək belə naza dözsün Sitarə.

Həm qız olsun, həm də mehriban gəlin,
Deyirəm, bunu hər ikiniz bilin.
El dilinə hər vaxt Siz fıkir verin,
Yenə də hər şeyi bilsin Sitarə.

Biri böyük bacım, keçə bilmirəm,
Biri də qızımdı, seçə bilmirəm.
İncisəm ürəyim aça bilmərəm,
Dərk etsin bunların kökün Sitarə.

Atan-anan sənə xoş arzu dilər,
Oxudublar ki, çəkməyəsən kədər,
Ömrü də çöllərdə getməsin hədər,
Sağlığına fıkir versin Sitarə.

Sən ata-anaya mehriban qızsan,
Əhdə-ilqarına həmişə düzsən,
Ata-anasını köçürən gündən,
Qardaşına ana olsun Sitarə.

Ananın arzusu (Oğlum Əliyə)

Göz bəbəyi kimi bəslədim səni,
Doğru-düzgün yola səslədim səni,
Hər bir addım başı izlədim səni,
Dedim öz yolundan azmasın balam.

Orta təhsilini tezcə bitirsin,
Oxumaqla qızıl medal götürsün.
Xudam ona ağıl-kamal yetirsin,
Heç kimdən geridə qalmasın balam.

Əla təhsil alır – edirəm güman,
İstərəm heç kəsə verməsin aman.
Adı xoş soraqla çəkilsin hər an,
Kimsəyə əlini açmasın balam.

Dedim təhsil alıb Bakıda qalsın,
Meylini xalqının işinə salsın,
Bir işdə işləyib yaxşı ad alsın,
Qəm-qüssə nədir ki, bilməsin balam.

Biz də fərəhlənək, baxaq boyuna,
Büsat quraq, hamı gəlsin toyuna,
Biz ata-ananın düşər payına,
Pir olsun, bizə gəc baxmasın balam.

Oğlum Əliyə

Ömürümü mən sənə qurban vermişəm,
Sənlə sevinmişəm, sənlə gülmüşəm,
Həmişə özümə həmdəm bilmişəm,
Olmusan hər zaman sən yolum mənim.

Qarışla boyunu ölçürdüm sənin,
O yan, bu yanına keçirdim sənin,
Özüm düz yolunu seçirdim sənin,
Deyirdim tez açsın bu gülüm mənim.

Elə bil nəfəsi səndən alırdım,
Sənin gülüşünə meyl salırdım,
Xoş gün ümidiylə fikrə dalırdım,
Səndən qüvvət alıb hər qolum mənim.

Sən orta məktəbin bir fəxri oldun,
Oxudun, zəhmətlə bir medal aldın,
Evimizə gözəl bir işıq saldın,
Səndən işıq alır hər nurum mənim.

Firavan günlərlə dolmusan yaşa,
Hər şeyi yerində düşmüsən başa,
Kamil düşüncənlə səni yüz yaşa,
Hər zaman şax dursun, qoy belim mənim.

Sən elə bil göydən enmiş mələksən,
Dostuna, qohuma sən çox gərəksən,
Ailəmizdə hamımıza köməksən,
Deyirəm ki, bilsin qoy elim mənim.

Sənin tək oğula tanrı yar olsun,
Əqidən, amalın elə car olsun,
Ailən qəlbincə bəxtiyar olsun,
Alqış desin buna qoy dilim mənim.

Düşməsin başından hər zaman tacın,
Səninlə fəxr etsin qardaşın, bacın.
Onlara kömək et, nə çatır gücün,
Ölsəm rahat olsun qoy ruhum mənim!

Oğul

Dilimin sözüsən, qolumun gücü,
Gözümün işığı, nurusan, oğul.
Adm eln şirin, elə əzizdi,
Bulaq suyu təki durusan, oğul.

Ömrüm səndən alır ruhu, həvəsi,
Sənə tay etmərəm mən də heç kəsi.
Səninlə bir gəzir qəlbimin səsi,
Ömrümə ömürlər verirsən, oğul.

Oğul gözlərimdə çox müqəddəsdi,
Canımdan hər gələn odlu nəfəsdi,
Çəkdiyim kədərlər daha əbəsdi,
Tale yelkənimin dorusan, oğul.

Atan da adınla gəzir dünyada,
Sən əziz olmusan qohuma, yada,
Bir saray tikmişik biz Faxralıda,
Bizim o zəhməti qoru sən, oğul.

Atanın, ananın qeydinə qalan,
Həmişə oxşayıb qadasın alan.
Hər an sevincini sevincə qatan,
Gözümün işıqlı nurusan, oğul.

Oğlum İlhama

Bir yana hər zaman getməli olsaq,
Bizim qarşımızda durur İlhamım.
Çətin olan işi ona tapşırsaq,
Tezcə öhdəsindən gəlir İhamım.

Daha böyüyübdü, gəlməsin gözə,
Onu da böyütdük biz dözə-dözə.
Hər zaman o baxır hər sözümüzə,
Bizimlə sevinci bölür İlhamım.

Təhsilə həmişə göstərir həvəs,
Hamıya diqqətli, qayğıkeş, həssas.
Ondan heç narazı olmazdı bir kəs,
Hər işin yerində görür İlhamım.

Deyirəm bu sözdə yoxdur bir yalan,
Dostuna sadiqdir, bizə mehriban,
Darıxıb görmürəm mən onu çoxdan.
Görəndə sevinci bölür İlhamım.

Pislik nədir bilməz, mərddi ürəyi,
Kim ki kömək istər, edər köməyi.
Sevmir çox danışıb, yersiz gülməyi,
Həyatda bir yolla gedır İlhamım.

Oğluma nəsihət

Qohuma arxa ol, gəzmə aralı,
Onlardan qoy sənə xoş rəğbət olsun.
Düşmənə düşmən ol, dosta vəfalı,
Elində, yurdunda məhəbbət olsun.

Səninlə bir olsun dostun, yoldaşın,
Fəxr etsin həmişə qohum-qardaşın,
Zirvədə görünsün qoy uca başın,
Baxan gözlərində həqiqət olsun.

Peyğəmbər gəldi ki, həqiqət deyə,
Həqiqət qaldırdı onu göylərə,
Həqiqət Günəşdir, həyatdır Yerə,
Səndən bu kəlama riayət olsun.

Nəsihət verərsə bir aqil insan,
Bu nemətdir eşidənə hər zaman,
Bilik topla sözlərdəki mənadan,
Aldığın nəsihət qoy zinət olsun.

İnsanın ömrünə zinətdir kamal,
Kamal xəzinədir olanda amal.
Hər zaman işində olasan fəal,
Həyatın tükənməz bir sərvət olsun.

Ataya məhəbbət

Dəftəri qələmi tutub əlimdə,
Lə’li gövhərimdən yazmaq istərəm,
Adı müqəddəsdi ata dilində,
Tərifı mən ona qatmaq istərəm.

Atası xəstəydi xeyli vaxt idi,
Narahat edirdi belə vəziyyət,
Götürüb yanına özü gətirdi,
Söylədi: qoymaram çəksin əziyyət.

Hey fikirləşirdi o, gecə-gündüz,
Gərək tapam dedi, bu dərdə əlac.
Axtarıb tapırdı dərmanı sözsüz,
Deyirdi olmasın bir kəsə möhtac.

Soruşub taparam bilikli loğman,
Atamın dərdini o, yaxşı bilər.
Sağalmasınada edirəm güman.
Allah şəfa versə, təbib sağaldar.

Öpürdü qaşından hər axşam-səhər.
Atanın dərdinə şərik olurdu.
Açırdı qəlbini onun birtəhər,
Elə bil uşaq tək atıb-tuturdu.

Bu oğula kömək dursun qoy xuda,
Ağrımasın canı, nə də ki, başı.
Layiq olsun bər an şərəfli ada,
Halal olsun ona ata alxışı.

Mehriban nəvələr

Manim nəvələrim çox mehribandı,
Hamısı olublar dilimin andı.
Bilirəm çox bərkdir belimin bəndi,
Baxanda açılır ürəyim mənim.

Birini sanıram başımın tacı,
Biri də olubdur dərdlər əlacı.
Birində görünür qolumun gücü,
Birindən güc alır biləyim mənim.

Atadan alıblar öyüdü, dərsi,
Bununla veriblər bizə həvəsi.
Hərəsi bir ömrün şirin nəğməsi,
Halalları olsun əməyim mənim.

Görüm ayaqları dəyməsin daşa,
Rast gəlməsinlər döyüşə, savaşa,
Yüz yaşı da xoşbəxt vursunlar başa,
Hasil olsun, Allah, diləyim mənim.

Ayaqlarım gedər yoldan qalanda,
Meylini yamaca, düzə salanda,
Xəstəlik üstümü qəfıl alanda,
Hər zaman olurlar köməyim mənim.

Babası onlara çox edir nazı,
Mən tərif söyləyib yazıram yazı,
Onlar çox sevirlər mən Müşgünazı,
Sanıram qızıldır dirəyim mənim.

Nənənin arzusu

Bilmək istəyirsən mənim qəlbimi,
Çavabı kağızdan-qələmdən gözlə.
Urək elə şeydir, üzdə görünməz,
Qoşmada yazdığım sətirdən izlə.

Arzularım qoy çin olsun, görünsün,
Turalım cahanda ad alsın görüm.
Dərslərini kamil bilib öyünsün,
Samirim dəhanda dad olsun görüm.

Deyirəm böyüyüb ürəklə hər an,
Gedəsiz həmişə düzgün yollara.
Bilikdə heç kəsə verməyib aman,
Həm malik olasız polad qollara.

Sərt qaya tək birgə, qoşa dayanın,
Qarşınızdan duru sular hey axsın.
Özünüzə arxa olub boylanın,
İstəyənlər sizə baxıb həzz alsın.

Yazıram ürəyim birdən döyünür,
Deyəsən nəyisə demək istəyir.
Sevinci onsuz da sizlə bölünür,
Bəlkə də kədəri silmək istəyir.

Sevimli nəvə

Sevinc qoyuldu ilk nəvəmin adı,
Evimin sevinci, ağzımın dadı,
Altı il nənənin yanında qaldı,
Oldu gözlərimin işığı mənim.

O, getdi Bakıya, mən necə dözüm,
Tez-tez zəngləşirəm, görməyir gözüm.
İstərəm hey olam yanında özüm,
Odur ürəyimin aşığı mənim.

İstərəm deyilsin, «ay nənə» sözü,
Nənəsinə baxsın gülümsər gözü,
Dünyaya vermərəm bu mələk qızı,
Ürəyim istər o baxışı mənim.

Narahat etməsin sözüm heç kəsi,
Kimsə çiçəyimlə etməsin bəhsi,
Evimdən gələrsə hamının səsi,
Qəlbimin alışar işığı mənim.

Sevincim

Ailədə nəvə səsi eşidən zaman,
Dedik bizə baxıb gülsün Sevincim.
Adını qoyanda biz etdik güman,
Bəxtin də adın tək olsun, Sevincim.

Ailə sevinci, şadlar şadısan,
Ağzımın ləzzəti, şirin dadısan,
Atanın, ananın uca adısan,
Atan səninlə fəxr etsin, Sevincim.

Sən mənim qəlbimin sanki yağısan,
Çələcək günlərin xoş sorağısan,
Ömrümün çiçəyi, meyvə bağısan,
Çiçək səndən ətir alsın, Sevincim.

Bil sənə deyirəm mən sözün düzü,
Atan da sevməyir boyalı qızı,
Saxlayasan gərək yadda bu sözü,
Geyiminə fıkir versin Sevincim.

Kitabdan, dəftərdən çəkilmir gözün,
Ali məktəbə qəbul oldun özün,
Atanın yanında keçir düz sözün,
Evdarlıq işini bilsin Sevincim.

Nənəm nəsihəti verər həmişə,
Tərbiyə etməyi edibdir peşə.
Qulaq asmalısan sən də bu işə,
Sevsin, sözlərimi seçsin Sevincim.

Fatma

Nənə, baba ürəyinə
Sevincini verir, Fatma. 
Onların hər köməyinə,
Gecə-gündüz gəlir, Fatma.

Babadan çəkmir gözünü,
Şirin deyir hər sözünü,
Nənəsinin də nazını,
Həmişəlik çəkir, Fatma.

Ev işinə edir kömək,
Darıxana olur sökək,
Lazım gəlmir bir söz demək,
Öz işini bilir, Fatma.

Oxumağa var həvəsi,
Qardaşından alır dərsi,
Təhsildən da gəlir səsi,
Nənən dua edir, Fatma.

İzzətim

Eldə uca olsun həmişə adın,
Ucalıq sənətin olsun, İzzətim.
Kömək elə həm qohuma, həm yada,
Dostunu düşməndən seçsin İzzətim.

Atana humişə arxa durursan,
Şir biləkli, həm də qorxmaz olasan,
Həyatda bağçada bar misallısan,
Atan da barını dərsin, İzzətim.

Çalışıb dərsini yaxşı biləsən,
Biliyinlə sevinəsən, güləsən.
Xalqınla üz-üzə mərd tək gələsən,
Adın hər an uca olsun, İzzətim.

Sən gümrah olasan, atan, anan şad,
Bacın xoşbəxt olsun, eviniz abad,
Qüssədən, qayğıdan olasan azad,
Yaxşı gələcəyin olsun, İzzətim.

Çin olsun alqışım, olmasın hədər,
Görməyəsən səni nə qəm, nə kədər,
Yoluna çıxmasın bir qəza – qədər,
Şər-böhtandan uzaq olsun İzzətim.

Nənən sənə verir indi nəsihət,
Böyüklərə həmişə etginən hörmət,
Allahım qoy versin gözəl bir qismət,
Yüz yaşı arxada qoysun İzzətim.

İzzət

İstəyirəm şirin baladan yazım,
Hər işin yerini biləndi İzzət.
Gəlsəniz ona da bir şeir düzüm,
Çox düzgün bir yolla gedəndi İzzət.

Dərsinə hazırdı, hər gün, hər zaman,
Təhsildə heç kəsə verməyir aman,
Ataya, anaya dayaqdı inan,
Köməyi hamıya edəndi İzzət.

Ayağı çox yüngül, üzüyoladı,
Gondərsən gedəcək, bilməz haradı.
Babaya, nənəyə əziz baladı,
Onları uşaq tək sevəndi İzzət.

Nənədən Tural və Samirə

Nənə sevimlisi: Samirlə Tural,
İstərəm mən sizi bənzərsiz görüm.
Bilin ki, Qartalın uzun ömrü var,
Qartal təki ömür sürəsiz görüm.

Adınız həmişə göylərə qalxsın,
Siz olan yerlərə sevinclər axsın,
Tanrının gözləri qoy sizə baxsın,
Allahdan köməklik görəsiz görüm.

Böyük qardaş kiçiyə mayakdı, bala,
Dar gündə arxadı, dayaqdı, bala,
Düşmən qarşısında sayıqdı, bala,
Əmidən bu dərsi alasız görüm.

Ataya-anaya qol – qanad olun,
Nənəyə, babaya şirin dad olun,
Oxuyun elmi də, bir savad alın.
Uca adınızı tutasız görüm.

Bilin əmin sizi çox sevir yaman,
Görməyə darıxır sizi hər zaman,
İstərəm biləsiz siz bunu hər an,
Siz də onun kimi sevəsiz görüm.

Nənə sizə gəlsə üzünüz gülür,
Babanın dərdləri sizi üzdürür,
Bu da Müşgünazdan nənə sözüdür,
Həyatda ən xoşbəxt olasız görüm.

Əhliman

Oxuyub məktəbdə çaldın qələbə,
Əla qiymətindən güc al, Əhliman.
Özün qalib olub oldun tələbə,
Elmin zirvəsindən bac al, Əhliman.

Elmi kamil bilib öyrən düzünü,
Sən aldatma öz işində özünü,
Qəlbində saxla ki, doğru sözünü,
Hər zaman söz demək bacar, Əhliman.

Xoş günlər səninlə qoy olsun yoldaş,
Yolunda olmasın nə boran, nə qış,
Babadan, nənədən alıbsan alqış,
Onların qeydinə sən qal, Əhliman.

Bülbüllə gül olsun bağın zinəti,
Tanrıdan görəsən gözəl qisməti,
Səninlə bir olsun kamal sərvəti,
Bu gözəl adınla ucal, Əhliman.

Olmasın həyatda əbəs savaşın,
Həm qohumun olsun, həm dost yoldaşın,
Həyatda beləcə çoxalsın yaşın,
Yüz yaşı keçəndə qocal, Əhliman.

Arzuman

Gözünü açmamış hələ dünyaya,
Xaliqdən qoyuldu adın Arzuman.
Bu adı şərəflə qaldır göylərə,
Göydə çalsın qoy qanadın, Arzuman.

Həyata elə ki, yayıldı səsin,
Baban da tez kəsdi sənə qurbanı.
Ətrafı isitdi körpə nəfəsin,
Sevinclə nənən də çaldı laylanı.

Böyüdükcə sənə bəxş oldu kamal,
Məktəbi biliklə əla bitirdin.
Tərifə layiqdir səndəki amal,
Təhsildən həmişə müjdə gətirdin.

Çətin olan işə qoyursansa əl,
Biliklə onları asan edirsən.
Düz olsun həmişə qurduğun təməl,
Yolun açıq olsun, düzgün gedirsən.

Aqillər dediyi belə məsəl var:
Elm sevənlərin karvan yoludur.
Peşəsinə vurğun olan sənətkar,
Ancaq sənətinin sadiq quludur.

Canın sağlığıdır hər şeydən əvvəl,
Onu qoru, xoşbəxt olsun taleyin.
İşlərin hər zaman gedər əlbəəl,
Qalibi olarsan çətinliklərin.

Sərtlikdə polad ol, zəriflikdə gül,
Nə pis dərdin olsun, nə pis əməlin,
Nənən arzu edir olasan aqil,
Şadlıqdan, düzlükdən yazsın qələmin.

Mənim həyatım

Atam oğul kimi sevirdi bizi,
Oğul – bala idi onun hər sözü.
Hər gün üstümüzdə olurdu gözü,
Bunları “tuş” kimi görüb gəzirəm.

Kim bizi atadan döndərdi, fələk,
Yalvarıb-yaxarıb eylədik dilək.
Heç kəsdən bizlərə olmadı kömək,
Köməksiz əllərdə qalıb gəzirəm.

Qara duman canımızı bürüdü,
Bir tufan da yuvamızdan kürüdü.
İpək anam “qoltuqlarda” çürüdü,
Bu dərdi qəlbimə salıb gəzirəm.

Ata qohumlarım – qohum sanmıram,
Ana qohumlarım – heç nə qanmıram.
Heç kimdən, heç kəsdən heç nə ummuram,
Öz elimdə qərib-qərib gəzirəm.

Mənə həm dinazlı, ögeydi qardaş,
Ona deyəmmərəm bu sözü bir baş,
Desəm gözlərimdən axar sel tək yaş,
Gözlərim yaşlarla dolub, gəzirəm.

Fələk bir bacımla çoxdan öyündü,
Bir bacım da ürəyimdə düyündü,
Biri qərib, biri ərkəsöyündü,
Bu dərdlər qəlbimə dolub, gəzirəm.

Müşgünazam, mən sözümü bitirdim,
Qohumdan payımı çoxdan götürdüm.
Körpə bacım, deyən səni itirdim,
Elə o yollara baxıb gəzirəm.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur